İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Saatsaz olaraq başla, sonra qələmə sarıl və bol-bol əsərlər yarat...
Altay Yusifoğlu 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulub. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirib, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləyib.
H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olub (1949). Həmin institutu fərqlənmə diplomu ilə bitirib, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanılıb.
Tələbəlik dövründə "Kirovabad fəhləsi" qəzeti redaksiyasında korrektor, "Gəncə kommunisti" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışıb (1951-1953). Ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Fəhləlikdən alimliyə" adlı oçerki ilə başlayıb. Sonra kiçik hekayələri ilə diqqəti cəlb edib.
1953-cü ilin mayından "Kirovabad kommunisti" qəzeti redaksiyasında məsul katib (1955), Azərbaycan Yazıçılar İttifaqı Gəncə fılialının sədri (1962), H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru (1970-1974), həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti (1974-2003) olub. Nizami poeziya teatrının bədii rəhbəri və tamaşaların müəllifidir.
1959-cu ildən altı dəfə şəhər Xalq Deputatları Sovetinə deputat, Azərbaycan Kommunist Partiyasının XXVII-XXX qurultaylarına nümayəndə seçilib. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvü olmuşdur. Onun "Həmyerlilər", "Kişilər", "Yadındamı", "Ulduzlar görüşəndə" və b. dram əsərləri Azərbaycanda, eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və İranda tamaşaya qoyulub.
Bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və tamil dillərinə tərcümələrdə çap edilib. Onun "Dəli Domrul" əsəri əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı eyni adlı tamaşa İstanbulda keçirilən Kitabi-Dədə Qorqud günlərində uğurla nümayiş etdirilib və türk mətbuatı tərəfindən yüksək qiymət alıb. Əbdüqəhhar İbrahimovun "İlk busə", Otar İoselianinin "Araba hələ aşmayıb", Vasili Şukşinin "Diribaş adamlar" pyeslərini rus dilindən azərbaycancaya çevirib.
Əsərləri
1. On birinci açar
2. İkinci məhəbbət
3. Məhəbbət və gülüş
4. Tökülən yarpaqlar
5. Məhəbbətin səsi
6. Gülab nəfəsli
7. Azərbaycan ədəbiyyatında hekayə
8. Əşrəf Yusifzadə
9. Ələkbər Seyfi
Mükafatları
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı
- Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunub
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Ədib 2003-cü il iyulun 15-də Gəncədə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.07.2026)


