“Hər şeydən xəbərdar”da – GUAM və İƏT Featured

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Hər şeydən xəbərdar” rubrikasında xoş gördük. Dünyagörüşünüzü artıqmaq üçün bu gün sizlərə GUAM və İƏT təşkilatları barədə danışmaq istəyirən.

 

GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatdır.

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional qurumdur. 1997-ci il oktyabrın 10-da yaradılmışdır. 1999-2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olmuşdur. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlir. GUAM dövlətlərinin əməkdaşlığının praktiki təzahürü kimi Virtual Mərkəz və Dövlətlərarası İnformasiya-təhlil Sistemi (VM/DİTS) layihəsi və Ticarətə və Nəqliyyata Yardım (TNY) layihəsi həyata keçirilməkdədir. Zirvə Toplantısı 2007-də Bakıda, 2008-də Batumidə keçirilib.

 

İqtisadi Əməkdaşlıq Təşkilatı, (İƏT) - 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.

Azərbaycan Respublikasının İƏT-lə ilk münasibətləri 1991-ci ilin fevralında qurulub. 1992-ci ildə Tehran sammitində Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Tacikistan təşkilata daxil olublar. 2002-ci ildə Əfqanıstan quruma üzv qəbul olunub. Bundan sonra 7 üzv-dövlətin xarici işlər nazirləri İƏT-ə qəbul olunmaqları barədə Akt imzalayıblar. 3 sentyabr 1993-cü ildə bu Akt və İzmir Müqaviləsi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilib.

İƏT üzv-dövlətlərdə həyat səviyyəsini və yaşayış standartlarını yüksəltmək, regiondaxili və regionlararası ticarəti genişləndirmək, inkişaf etməkdə olan ölkələrə tətbiq olunan əlverişsiz ticarət siyasətini aradan qaldırmaq, üzv-dövlətlərin dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmək və s. istiqamətləri prioritet hesab edir.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.