Tanındı, sevildi, iz qoydu... Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

"Prokuror", "Ana fəryadı" və s. pyesləri N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub. Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adına və bir sıra medallara layiq görülüb.

Kim? Əlbəttə ki Məmmədhüseyn Əliyev.

 

Məmmədhüseyn Rüstəm oğlu Əliyev 28 aprel 1925-ci ildə Lerik rayonun Gürdəsər kəndində ruhani ailəsində anadan olub.  Məmmədhüseyn Əliyev 1940-cı ildə orta məktəbi bitirib və Azərbaycan Müəllimlər İnstitutunun Lənkəran Pedaqoji Texnikumunda təşkil etdiyi Müəllimlik Kursuna göndərilib. Kursu başa vurduqdan sonra müəllim kimi təyinat alıb. 1946–1949-cu illərdə ADPİ–nin tarix-fəlsəfə fakültəsində təhsilini davam etdirib. Çox keçmir ki, mətbuatda "Qail" təxəllüsü ilə tanınmağa başlayıb.

Bədii yaradıcılıq və jurnalistika sahəsi onu daha çox cəlb etdiyinə görə yenidən ADU-nun filologiya-jurnalistika fakültəsinə qəbul olunub. 1954-cü ildə ADU-nun filologiya-jurnalistika fakültəsini bitirir və pedaqoji fəaliyyətini, həmçinin bədii yaradıcılığını davam etdirib. "Dağlar oğlu", "Dağda bahar", "Torpağın ətri", "Döyüşən illər" romanları və bir çox povest və hekayələri geniş oxucu rəğbəti qazanıb.

1954-cü ildə ADU-nun filologiya-jurnalistika fakültəsini bitirdikdən sonra təyinat üzrə Lerik rayonuna müəllimlik fəaliyyətinə başlayıb, Lerik rayonunda, Gürdəsər və Şingədulan kəndlərində məktəb direktoru vəzifəsində çalışıb. Daim mətbuatda çıxışlar edib. Onun məqalələrində həm elmi təhlillər aparılıb, həm də bir vətəndaş mövqeyi duyulub. Sonralar müəllifin bu elmi — pedaqoji ümumiləşdirmələri onun əsərlərindəki bədii obrazlarda daha geniş şəkildə öz əksini tapıb.

1960-cı ildən Lənkəranda Təngivan, Digah kənd orta məktəblərinin direktoru, Lənkəran Tibb texnikumunda müəllim, Lənkəran Pedaqoji texnikumunda direktor müavini işləyib. 1982-ci ildə Azərbaycan Respublikası Yazıçılar İttifaqının Lənkəran Zona Şöbəsinin məsul katibi seçilib, ömrünün sonuna qədər (6 iyul, 1994) bu vəzifədə çalışıb.

 

1959-cu ildən başlayaraq Lənkəran rayon və şəhər deputatları sovetinə mütəmadi olaraq deputat, Azərbaycan Yazıçılar İttifaqının qurultaylarına nümayəndə seçilib. 1980-ci ildə Lənkəran Radio Verilişləri redaksiyasında məsul redaktor olub. İctimai-siyasi və elmi məzmunlu materiallar hazırlayıb. 1991-ci ildə "Şəfəq" jurnalının və eyniadlı ədəbi məclisinin əsasını qoyub 1994-cü ilə qədər jurnalın baş redaktoru olub.

Məmmədhüseyn Əliyev elmi-pedaqoji sahədə, publisistikada istedadlı müəllim, diqqətli və tələbkar jurnalist kimi bir çox əsərlərin müəllifi olub. Məmmədhüseyn Əliyev, həm də bir çox poemaların, şeir və qəzəllərin müəllifi kimi tanınır. Lakin müəllifin istedadı ən çox onun dram əsərlərində və romanlarında özünü göstərib. Onun romanları xalqın həyat və məişətinin epopeyası, milli şüurunun və fəlsəfi təfəkkürünün inkişaf yoludur.

Bu əsərlərin hər birisi bədii filmlərin ssenarisi kimi qədim bir xalqın adət və ənənələrini, həyat tərzini, məişətini, sevgi və nifrətini, düşüncə tərzini açıq bir şəkildə göz önünə gətirərək bütöv bir təsəvvür yaradır. 1988-ci ildə Məmmədhüseyn Əliyev İraqın "Əl-əhram" qəzetində dərc edilmiş " Ey ana Bağdad!" şerinə görə Ərəb ölkələri poeziya festivalının mükafatına layiq görülüb. 1992-ci ildə Məmmədhüseyn Əliyev Azərbaycan Respublikasının "Əməkdar İncəsənət Xadimi" adına layiq görülmüşdür.

1994-cü il iyulun 6-da vəfat edib.

 

Əsas əsərləri

- Vətən keşiyində" roman — poeması 1947–1950-ci illərdə Azərbaycan Radiosunda səsləndirilib.  Əsər Vladimir Qafarov tərəfindən rus dilinə tərcümə olunub.

- "Dağlar oğlu" roman

- "Dağda bahar", roman

- "Qulplu qızıllar" povest

- "Lənkəran hekayələri" hekayələr

- "Müstəntiq" povest

- "Balıqçı arvadı" povest

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.