“ASAN xidmət"in "INNOLAND" mərkəzi beynəlxalq proqramın tərəfdaşlıq statusunu qazanıb

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi "AWS Activate" Provider" ("AWS Activate" startap dəstək proqramının rəsmi tərəfdaşı) statusu əldə edib. Bu naliyyət dünyanın aparıcı bulud texnologiyaları şirkəti olan "Amazon" ilə əməkdaşlıq çərçivəsində reallaşıb.

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, 

"INNOLAND"in  bu cür beynəlxalq statusu əldə etməsi Azərbaycanın startap ekosisteminin beynəlxalq innovasiya məkanına inteqrasiyasına, yerli innovasiya təşəbbüslərinin qlobal bazarlara çıxışının genişlənməsinə töhfə verir.

Belə ki,  "INNOLAND"in rezident startapları qlobal səviyyəli texnologiya resurslarında inkişaf proseslərini daha sürətli, səmərəli şəkildə həyata keçirəcəklər. 

"Amazon"un qlobal təşəbbüsü olan proqram innovativ startapların inkişafını dəstəkləmək məqsədilə yaradılıb və bulud xidmətlərindən istifadə üçün kreditlər, texniki dəstək, təlim resursları və biznes inkişafı imkanlarından yararlanmaq mümkündür.

Əməkdaşlıq nəticəsində "INNOLAND" iştirakçıları və rezidentləri proqrama müraciət etməklə əldə edilmiş 10000 ABŞ dollarınadək  kreditdən 2 il müddətində yararlana bilirlər.  Kreditləri şirkətin qabaqcıl generativ süni zəka platforması olan "Amazon Bedrock" xidmətləri üçün də istifadə etmək olar. Platforma üzərindən "Anthropic Claude" , "Meta Llama" və digər qabaqcıl generativ süni zəka modelləri ilə innovativ məhsulların daha sürətli hazırlanması, sınaqdan keçirilməsi və bazara çıxarılması imkanları mövcuddur.

Bu imkan xüsusilə süni zəka, məlumat analitikası, "SaaS", "FinTech", "GovTech" və digər innovativ texnologiya sahələrində fəaliyyət göstərən startaplar üçün mühüm üstünlüklər yaradır. Onlar  "AWS Activate" kreditləri vasitəsilə bulud infrastrukturu, məlumat bazaları, hesablama resursları və süni zəka xidmətlərindən yararlana bilirlər.

Bu çərçivədə şirkətin qlobal ekspert şəbəkəsinə, texniki sənədlərə, təlim materiallarına və biznes inkişafını dəstəkləyən müxtəlif resurslara çıxış da mümkündür.

Proqram və müraciətlə bağlı  məlumat almaq istəyən startaplar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

 

Əlaqə:

office.innoland@icenter.a

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.