İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Onun haqqında danışmazdan öncə bizim üçün vacib olan bir şeyi mütləq qeyd edim – o bizilm portalın Sumqayıt təmsilçisidir, Gənclik şəhərinin mədəni həyatını günbəgün respublika səviyyəsində işıqlandırır, bundan zövq alır. İşinə daim məsuliyyətlə yanaşan, peşəkar jurnalistikada xeyli yol gəlib də əsil baqaj toplayan bir jurnalistdir, redaktordur İlhamə Məhəmmədqızı.
Bəs niyə o, bu gün rubrikamızın qəhrəmanıdır?
Əlbəttə ki, düz tapdınız – İlhamə xanımın doğum günüdür.
İlhamə Məhəmmədqızı 1969-cu il iyun ayının 11-də Sumqayıt şəhərində anadan olub. Əslən Borçalı mahalındandır. Borçalı mahalının Keşəli kəndində doğulan ulu babası Hüseyn Vəli oğlu 19-cu əsrin ikinci yarısında orada tanınan xeyriyəçi olub. El arasında ona Katta Söyün deyiblər. Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbdə oxuyub.
Artıq məktəbdə oxuduğu illərdə bədii yazıları və məqalələri "Pioner", "Azərbaycan gəncləri", "Sosialist Sumqayıtı" qəzetlərində çap olunub. Məktəbi bitirdikdən sonra ilk əmək fəaliyyətinə Sumqayıt şəhər radio verilişləri redaksiyasında diktor kimi başlayıb. Bununla yanaşı, o həmçinin fəal jurnalist fəaliyyətini davam etdirib, jurnalist ixtisası üzrə işləyir.
İlhamə Məhəmmədqızı 1990-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub və 1995-ci ildə bu təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib bakalavr dərəcəsi alıb. Təhsilini başa vurduqdan sonra jurnalist fəaliyyətini davam etdirib, özünə məxsus olan tərzdə bu işə yaradıcılıqla yanaşıb.
Belə ki, onun yazıları təkcə respublika mətbuatında deyil, həmçinin Gürcüstanda, İranda və daha sonra Türkiyədə də çap olunub. Müxtəlif illərdə Azərbaycanın dövri mətbuatında uğurla çalışıb. "Sintez", "Kauçuk", "168 saat", "Hər şey sizin üçün", "Borçalı", "Qafqazpress", "Azad Azərbaycan" qəzetlərində, "Azərbaycan dünyası", "İT Magazine", "Formula uspexa" jurnallarında müvəffəqiyyətlə fəaliyyət göstərib.
"İdeal Market" qəzetinin təsisçisi və Baş redaktoru, "İstedad" MMC-nin təsisçisi və Baş direktoru olur. Dünya TV-nin "Əsrin sədası" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. Dünya TV-də yayımlanan "Həmsöhbət" verilişinin müəllifi və aparıcısı, Sumqayıt şəhər İcra Hakimiyyətinin təsis etdiyi "Sumqayıt" qəzetinin məsul işçi, həmçinin, qeyd etdim, bizim "edebiyyatveincesenet.az" portalının Sumqayıt təmsilçisidir.
İlhamə Məhəmmədqızı tək jurnalist kimi deyil, həm də yazıçı, şair kimi imzası ilə tanınan, sevib-seçilən və yaradıcılıq fəaliyyətinin çox şaxəli budaqlar ilə ətrafa kölgə salan, ədəbi cameənin diqqətindən kənarda qalmayan şəxsdir. Bir sıra kitabların müəllifidir. Həmin kitablarda insan taleyi, yurd sevgisi və saf məhəbbət mövzularında qələmə aldığı bütün yazılarda onun səmimi, kövrək duyğuları sezilir.
Ulu Öndərin 100 illiyinə həsr olunmuş dövlət sifarişli "Dahinin xatirəsinə" adlı kitabın elmi redaktoru olub. Təfəkkür Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisası üzrə dərs deyibdir.
İlhamə Məhəmmədqızı Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Uğurlu yaradıcılığına görə Həsən bəy Zərdabi mükafatı, "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı, Sumqayıt şəhər İcra Hakimiyyəti və digər qurumlar tərəfindən dəfələrlə fəxri fərman, diplom və mükafatlara layiq görülüb. Jurnalist işlədiyi müddət ərzində yüzlərlə müsahibə və reportaj hazırlamışdı. Vaxtaşırı yerli və ölkə televiziya kanallarının qonağı olur.
Kitabları
- Xatırla məni.
- Dərdə açma qapını.
- Möcüzə işığında.
- Söz dünyam.
- Ömrün naxışları.
- Var olsun yaxşılar və yaxşılıqlar.
- Zirvəyə doğru.
- Hikmət dünyası.
- Bəs kimə deyim.
- Bizim istedadlar.
- Xoşbəxtəm varlığımla, yaradıcılığımla.
Mükafatları
- Həsən bəy Zərdabi mükafatı
- "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı.
Elə buradanca bütün kollektivimiz adından İlhamə xanımı təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(11.06.2026)


