EKSPRESS-SORĞU: Sözlə tərbiyə etmək olarmı? Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

 

"Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyicilərinə salam olsun!

 Hər birinizi xoş gördük. Fəsillər yer dəyişir, günlər aylara dönür. "Ədəbiyyat və İncəsənət" portalı bu saatlara öz layihə, rubrikaları ilə bir başqa rəng qatır.

Bu gün isə biz “Ekspress-sorğu” rubrikamızda " Vətənə xidmət" ictimai birliyinin üzvlərinə həmişəki kimi düşündürən bir sualla müraciət etdik.

 

SÖZLƏ TƏRBİYƏ ETMƏK OLARMI?

 

Əsrlər əvvəl də, çağdaş ədəbiyyatımızda da söz nəhəngləri söz haqqında gözəl fikirlər söyləmişlər. Dahi qəzəl ustadı Füzuli "Söz" qəzəlində sözün qüdrətini ustalıqla tərənnüm etmişdir.

Onun üçün söz kainatın sirrini, insan ruhunun dərinliklərini, eşqin və ağrının ən incə çalarlarını üzə çıxaran qüdrətli alətdir.

Eyni zamanda şair sözün bəla gətirən, fitnə yaradan tərəflərini də incəliklə göstərmişdir.

İndi isə gəlin birlikdə "Vətənə xidmət" ictimai birliyinin üzvlərinin fikirlərinə nəzər salaq:

 

NazimMərdanoğlu Hüseynov,

Qarabağ müharibəsininqazisi

Sözyoxdursa, oradahəyatyoxdur. Dünyanı idarə edənsözdü. Sülh də sözlə, müqavilə də sözlə bağlanır. Sözün başlanğıcı Bismillahdı.

Atalar sözlərinə nəzər yetirək:

SÖZ VAR DAĞA QALDIRAR,

SÖZ VAR DAĞDAN ENDİRƏR.

SÖZ VAR QAN SALAR,

SÖZ VAR QAN YATIRDAR.

SÖZ BOĞAZA QƏDƏR SƏNİNDİ,

SONRA ONUN QULUSAN.

 

 Arzu Musayeva,

 AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarixçi  " Vətənə xidmət " İB - nin Qadınlar Şurasının sədri

Bir xalqın gücü onun sözündə, dilində və yaddaşındadır.

Sözün qüdrəti, təsir gücü çox böyükdür. Düşünülmüş və düzgün xarakterli sözlə tərbiyə etmək ən təsirli tərbiyə vasitəsidir. Lakin deyilmiş söz davranışa uyğun olmalıdır. Çünki ən gözəl tərbiyə nümunədir. Ona görə də, vətənsevərliyimizlə, dürüst, əxlaqlı davranışımızla, insanlara xoş münasibətimizlə nümunə olmalıyıq. O zaman dediyimiz sözün də tərbiyəvi əhəmiyyəti olacaq. İnsan əvvəl eşitdiyi sözlə, sonra isə gördüyü nümunə ilə böyüyər.

 

Əziz İsmayılov

“Vətənə Xidmət” ictimai birliyinin sədri

“Sözlə tərbiyə etmək mümkündürmü?” sualına cavabım birmənalı olaraq — bəli, mümkündür. Çünki söz insanın qəlbinə toxunan, düşüncəsini dəyişən və davranışına istiqamət verən ən böyük mənəvi gücdür. Bəzən bir gözəl kəlmə insanın həyatında dönüş nöqtəsinə çevrilir, onu pis yoldan çəkindirib doğru yola yönəldir.

Tərbiyənin əsası yalnız cəza və sərtlik deyil, eyni zamanda sevgi, hörmət və düzgün ünsiyyətdir. İnsan kobud münasibətdən uzaqlaşa bilər, amma səmimi və hikmətli sözləri hər zaman xatırlayar. Valideynin övladına dediyi xoş söz, müəllimin verdiyi düzgün nəsihət və ya bir böyüyün həyat təcrübəsi gənc nəslin formalaşmasında mühüm rol oynayır.

Unutmayaq ki, dil insanın aynasıdır. Gözəl danışıq gözəl davranışın başlanğıcıdır. Atalarımız da təsadüfi deməyib: “Şirin dil ilanı yuvasından çıxarar.” Deməli, insanı qazanmağın, ona düzgün yol göstərməyin ən təsirli yolu gözəl və mənalı sözdür.

 

Hikmət Xudiyev,

Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik

Əgər sözün arxasında xeyirxah əməl, şəxsi nümunə, səmimiyyət və sevgi dayanırsa o, tərbiyə vasitəsi ola bilər. Söz yolu göstərir, əməl isə o yolda addımlamağı öyrədir. Sözün arxasında insanın konkret əməli olmalıdır. WhatsApp yazışmaları ilə, eyni sözləri hər gün təkrar etməklə, sözü ucuzlaşdırmaqla, söz yığınağı ilə vətənpərvər obrazı yaratmağa cəhd etməklə nə tərbiyə etmək mümkündür, nə də “Vətənə xidmət” etmək.

 

Ceyhun Qasımbəyli,

Sumqayıt Dövlət Universitetinin tarix müəllimi, kurikulum təlimçisi.

Bəli, sözün gücü, sehri hər zaman var. Sözlə tərbiyə mümkündür, amma ən təsirli tərbiyə söz və əməl bir arada olanda yaranır. Məşhur sərkərdə və şair Şah İsmayıl Xətai demişkən:  Söz var kəsər başı, söz var kəsdirər savaşı. Söz tərbiyənin ən güclü vasitələrindən biridir, çünki insanın düşüncəsinə, dünyagörüşünə və davranışına təsir edir. Bir müəllimin, valideynin və ya nüfuz sahibi bir insanın dediyi bir cümlə bəzən insanın həyat istiqamətini dəyişə bilir. Tarixdə də görürük ki, böyük şəxsiyyətlər təkcə güclə yox, sözlə insanlara təsir ediblər.

Ancaq burada bir həqiqət var: sözün gücü onu deyənin əməli ilə ölçülür. Əgər valideyn dürüstlükdən danışır, amma özü dürüst davranmırsa, uşaq sözdən çox davranışı örnək götürəcək. Buna görə də “tərbiyə sözlə başlayır, nümunə ilə möhkəmlənir” demək olar. Bir maraqlı fikir də var: “Söz toxum kimidir; bu gün təsiri görünməyə bilər, amma zamanla xarakterdə cücərər.” Buna görə müəllimin və valideynin dili çox önəmlidir. Bəzən bir təşviqedici söz insanı yüksəldir, bir alçaldıcı söz isə uzun müddət iz buraxır.

 

Xuraman Məmmədova,

İbtidai sinif müəllimi

Bugünkü mövzu mənə dahi Nizami Gəncəvinin yazdığı “Az danışmağın gözəlliyi “adlı şeirində söz haqqında yazdığı müdrik, nəsihət dolu kəlamları yada saldı və bu ifadələri  dövrümüzə də aid etmək olar. Müəllimlik təcrübəmə əsasən deyə bilərəm ki, yerində, vəziyyətə uyğun deyilmiş hər bir söz tərbiyəvi əhəmiyyət daşıyır, amma baxır qarşındakı fərdə. Elə şagird var ki, adi bir işarədən özünə dərs götürür, eləsi də olur ki, dəfələrlə eyni söhbətə qayıtmalı olursan. Yenə də valideyn və müəllim birliyi olmalıdır ki, gözəl nəticə əldə edəsən.

 

Leyla Cabbarlı,

Fortepiano ixtisası üzrə müəllim

Mənim fikrimcə, sözlə tərbiyə etmək olar, amma baxır o söz hansı formada deyilir. Təhqir, alçaltma hiss olunarsa, bu şəxsiyyəti alçaldar, təbii ki, tərbiyə etməz. Amma, məncə, sevgi ilə, qayğı ilə deyilsə zamanla öz təsirini göstərər.

 

İlahə Absalamova,

Tarixçi, tarix müəllimi

Allah da Quranda buyurur ki, "qullarıma söylə, gözəl söz söyləsinlər" gözəl söz sədəqədir gözəl söz enerjidir, dönüb dolanıb yoluna qayıdan işıq saçan, Allah ağzınızdan çıxan gözəl sözləri həyatınıza yansıtsın.

 

Mina Rəşid,

 yazıçı, "Vətən səsi" qəzetinin müxbiri

SÖZ İLAHİ BİR KƏLAMDI

 

Allah "Ol!",- dedi, yaratdı,

Söz də İlahi quludu.

Sözündən dönən Adəmlə,

Həvva Cənnətdən qovuldu.

 

Söz İlahi fərmanıdı,

Nə varsa Sözdən başladı.

Adam Sözlə qırğın saldı,

Sonra Sözlə Sülh bağladı.

 

Sən də Sözünün qulusan.

Yaxşılar yaxşı Söz deyər.

Yamanlar yalan danışar,

Qananlar doğru, düz deyər.

 

Söz İlahi bir kəlamdı,

Şükür Kitaba, Qurana!

Şükür, bizi xəlq edənə,

Şükür, Sözündə durana!

 

Cavanşir Rzazadə,

İB-in Sədr müavini

Söz yerində deyiləndə dəyərli olur. Tərbiyə də, əxlaq da, davranış da sözün təsirindən əmələ gəlir. Söz deyənin sözü davranışı ilə üs-tüstə olanda dəyəri olur.

İnsanlar sənin dediklərini unuda bilərlər. Ancaq onlara necə hiss etdirdiyini əsla unutmazlar. Başqalarına ilham vermək sadəcə gözəl danışmaq deyil, başqa bir insanın daxilində baş verən prosesi dəyişə bilməkdir. Çünki davranış sözlə yox sözün yaratdığı mənalar və hsslər vasitəsi ilə formalaşır.

 

Elnur Bayramov,

ictimai fəal, AzMİU iqtisadçı

Bəli, sözlə tərbiyə etmək mümkündür. Şəxsi nümunə sözlərdən daha təsirli olur. Sakit və hörmətli söhbət insanın düşüncələrini dəyişə bilər. Həmçinin insanlar xüsusilə uşaqlar daha çox bizim danışdıqlarımıza deyil, əməllərimizdən nümunə götürəcəklər. Sözün təsirli olması üçün davranış və şəxsi nümunə dəstəklənməlidir.

Bir millətin varlığı və gələcəyi ancaq yaxşı yetişdirilmiş imanlı, əxlaqlı və ərdəmli nəsillərlə mümkündür. ALLAH Millətimizi və Dövlətimizi qorusun!

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.