Manna – Beş yüz il mövcud olan, adına Assur mixi yazılarında, Tövratda rast gəlinən ilk dövlətimiz Featured

 

Birinci yazı

Mannalılar qədim lullubi, kuti, turuki tayfalarının davamçıları idilər

 

 

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru.

“Ədəbiyyat və incəsənət”

 

Milli dövlətçilik tariximizə adı qızıl hərflərlə həkk olunan qüdrətli dövlətlərimiz, imperiyalarımız çoxdur. Min illik tarixi ilə dünyaya meydan oxuyan Şirvanşahlar Dövlətindən tutmuş onun təməl qatında dayanan, 500 illik tarixi ilə qürur duyduğumuz Manna kimi əzəmətli dövlətlər quran Odlar Yurdu Azərbaycan sonrakı mərhələlərdə Midya, Atropatena, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını qurdu. 

 

 

 

Bu gün hər bir  azərbaycanlının   adı çəkiləndə ayağa durduğu müasir, müstəqil Azərbaycan Respublikası Şuşa qalasındakı Zəfər dastanı ilə dünyaya sübut edir ki, o qüdrətli dövlətçilik ənənələrinə malik olan ölkədir.

 

 

Manna dövləti müxtəlif Türk tayfalarının bir bayraq altında birləşməsi missiyanı üzərinə götürdü

 

Arxiv sənədlərinə, rəsmi mənbələrə istinad edərək deyə bilərik ki, tarixi Azərbaycan torpaqlarında ilk dövlətlərin yaranması təxminən 5 min il əvvələ təsadüf edir. Eramızdan əvvəl III minillikdə Lulubi, Kuti, Turuki dövlətləri Azərbaycanın cənubunda, yəni indiki Urmiya gölünün ətrafında hökmdarlıq etsə də, tam mərkəzləşdirilmiş təsisat qura bilməmişdilər. Bu dövrdə Azərbaycan torpaqlarında qurulmuş dövlətlərdən biri də Aratta idi. Lakin bu dövlətlər daha çox tayfa ittifaqını xatırladırdı. Bundan başqa, mərkəzləşmə zəif getdiyindən Lulubi, Kuti, Turuki və Aratta kimi dövlətlərimiz daha böyük dövlətlərin hücumlarına məruz qalırdı ki,  bu da sadaladığımız  tayfaların bir ittifaqda birləşib vahid dövlət qurmaq zərurətini yaradırdı. Bu tarixi missiyanı Manna dövləti öz üzərinə götürdü.

 

 

 

Dövlətin paytaxtı və ən böyük şəhəri İzirtu idi

 

 Eramızdan əvvəl I minilliyin əvvəlində Urmiya gölünün ətrafında yaranan Manna dövləti Azərbaycanın cənub torpaqlarını və burada pərakəndə halda yaşayan Lulubi, Kuti, Turuki və digər tayfaları bir mərkəzdə birləşdirdi. Öncədən qeyd edək ki, mənbələrdə Manna dövlətinin adına ilk dəfə eramızdan əvvəl 843-cü ildə Assur mixi yazılarında rast gəlinir. Bu kitabələrdə dövlətin adına “Munna” formasında təsadüf olunur. İudaizmmin müqəddəs kitabı hesab olunan Tövratda isə dövlətin adı “Minni” formasında göstərilir.

Mannalılar qədim Lulubi, Kuti və Turuki tayfalarının davamçıları idilər. Qədim Manna dövləti tarixi Azərbaycan torpaqlarının cənubunda, Urmiya gölünün ətrafında yaranmışdı. Dövlətin qərb sərhədləri Van gölünə qədər uzanırdı. Tarixçilər müasir dövrlə müqayisə etdikdə, Manna dövlətinin ərazisinin Arazdan o tayda, yəni indiki Güney Azərbaycan olaraq qəbul edirlər.  

Dövlətin paytaxtı və ən böyük şəhəri İzirtu idi. Bu şəhər Manna hökmdarı İranzunun hakimiyyəti illərində daha da böyüyüb inkişaf etmiş, yüksəliş dövrünü yaşamışdır.

Əldə olunan digər məlumatlardan o da bəlli olur ki, Manna dövlətinin əhalisi maldarlıq, ticarət və əkinçiliklə məşğul olurdu. Şəhərlərdə sənətkarlıq yüksək səviyyədə inkişaf etmişdi. Böyük İpək Yolu boyunda yerləşdiyindən Manna strateji əhəmiyyətə malik bir ölkə hesab olunurdu.

          

 

 

Manna dövləti Urartuya hücumlarda Assur dövləti ilə müttəfiqlik edirdi

 

Eramızdan əvvəl 740–719-cu illər arasında  hakimiyyət başında olan  Manna hökmdarı İranzu diplomatik gedişləri ilə dövlətin dayaqlarını xeyli möhkəmləndirmişdi. Dövlətin yüksəlişində eramızdan əvvəl 743-cü ildə assurların Mannanın əsas düşməni olan Urartu dövlətinə ağır zərbə endirməsinin də az rolu olmamışdır. Assur hökmdarı II Sarqonun Urartunu məğlub etməsi Mannanı bir müddətlik talanlardan xilas etmişdi. Ona görə də Manna dövləti Urartuya hücumlarda Assur dövləti ilə müttəfiqlik edirdi. Uzaqgörən bir hökmdar kimi tanınan İranzu bu yolla Urartının bir vaxtlar işğal etdiyi Manna torpaqlarını da geri ala bilmişdi.

Tarixi mənbələr sübut edir ki, eramızdan əvvəl 719-cu ildə Mannanın bir sıra vilayətlərində İranzuya qarşı üsyanlar başladı. Çox keçmədi ki, mannalılar Assurların köməyi ilə bu üsyanları yatırdı. Mannaya yüksəliş dövrünü yaşadan İranzu həmin il dünyasını dəyişir. Hakimiyyətə onun böyük oğlu Aza gəldi. Urartu dövləti bu qarışıqlıqdan istifadə edərək bir sıra vilayətlərin hakimlərini Azaya qarşı üsyana qaldırdı.  Üsyana qalxan qüvvələr hakimiyyətinin ikinci ilində Azanı devirib onun qardaşı Ulussununu hakimiyyətə gətirdilər.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.