“Ədəbiyyat və incəsənət” portalının “Günün sitatı” rubrikasında bu gün Azərbaycan Respublikası Milli Məclisinin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafadır. O, gündəmı zəbt etmiş xoşagəlməz məsələlərə mövqe sərgiləyir.
“Biri cəhalətə, xurafata qarşı fikirlərini bəyənmədiyi siyasətçini güllələdi.
Biri dərs oxumağı tələb edən müəllimi güllələdi.
Biri yüzlərlə uşağın şəfa ümidi olan həkimi qumbara ilə partlatdı.
Bu birlər yavaş-yavaş bir-biri ilə birləşib biriləri olur. Cəmiyyətimiz öldürmək, güllələmək, partlatmaq arzusu ilə alışıb-yanan qatil birilərinin təhsilin, mədəniyyətin, elmin, idmanın, boşanmaların, düzənsiz yaşamın yaratdığı boşluqların üzərində dirçəlişini biganəliklə seyr etməkdədir.
Bu gün öz sahəsinin nadir mütəxəssisi olan millətin daha bir dəyərli həkim övladı həyatla qayıdış üçün ölüm-dirim savaşı verir. Hədsiz ağır, acı duyğular yaşayırıq. Eyni duyğuları savadlı, təcrübəli müəllimləri, həkimləri, sənət adamlarını, məmurları əməyini, biliyini, dövlət üçün fədakarlığını doğru dəyərləndirmədən öz işindən uzaqlaşdıranlar da bizlərə yaşadırlar. Axı bu millətin faydalı insanları elə də çox deyil. Bu millətin ziyalı elitası elə də zəngin deyil. Ayrı-ayrı sahələrdə mütəxəssislərimiz elə də çox deyil. Allah qıymasın, həkimimiz yaşama, övladlarının yanına qayıda bilsin, ancaq yenə də xəstələrə şəfa verə biləcəkmi? Deyirlər ümid azdı. Hər bir gərəkli, faydalı insanın itkisi bu millətin gücünün, iradəsinin zəifləməsi deməkdi.”
(Sitata Fazil Mustafanın sosial media hesablarından götürülmüşdür)
“Ədəbiyyat və incəsənət”
(08.05.2026)


