Fariz Əhmədov,
“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
O, uzun müddət özünə qapanıq, arzularını səssiz yaşayan bir gənc kimi həyatına davam etsə də, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin benefsiarı olduqdan sonra burada yeni biliklər, özünəinam və cəsarət qazandı.
Bu gün o, musiqi sahəsində özünü doğrultmuş, bir çox tədbir və konsertlərdə iştirak etmiş, Brayl əlifbasını öyrənmiş, oxumağı və yazmağı bacaran, gələcəyə böyük ümidlə baxan bir gəncdir.
Ən böyük arzusu ali təhsil almaq və gələcəkdə tələbələr yetişdirərək bildiklərini başqaları ilə bölüşməkdir.
Rəsmiyə ilə ətraflı müsahibəni oxucularımıza təqdim edirik!
-Özünüzü oxuculara necə təqdim edərdiniz?
Mən Rəsmiyyə Xəlilova, 1997-ci ildə Şahbuz rayonunun Keçili kəndində anadan olmuşam. Həyat mənə asan yollar göstərməsə də, mən çətinliklərin içindən keçərək öz yolumu tapmağa çalışdım.
-Hekayənizə haradan başlamaq istərdiniz?
Məncə, mənim hekayəm Naxçıvan Regional İnformasiya Mərkəzinə gəldiyim gündən başlayır. İnsan bəzən ikinci dəfə doğulur. Mən də burada yenidən doğuldum. Mərkəzə gələndə özümə qapanıq, heç nəyi bacarmayan və özünə inamı olmayan biri idim. Artıq burada şən bir həyatım, dostlarım, müəllimlərim var. Onlar mənim istedadıma inanır və bütün uğurlarıma sevinirlər.
-Mərkəzə ilk gəldiyiniz günü xatırlayırsınızmı?
Bəli, çox yaxşı xatırlayıram. Həyəcan, qorxu və ümid qarışıq hisslər idi. Özümü çox zəif hiss edirdim. Elə bilirdim ki, gecikmişəm, artıq heç nə bacara bilmərəm. Lakin burda mənə izah etdilər ki, heçzaman heç nəyə gec deyil. Gülafər müəllim və Elməddin müəllim bu yolda mənə işıq oldular.
-Musiqi sizin həyatınıza necə daxil oldu?
Uşaqlıqdan musiqiyə böyük marağım var idi. Musiqi mənim üçün sadəcə səs deyil həm də sözdür. İnsan bəzən deyə bilmədiklərini mahnı ilə zümzümə edir. Mən də susduğum bütün hissləri musiqidə tapdım.
-Səhnəyə ilk dəfə çıxanda kimə təşəkkür etdiniz?
İlk təşəkkürüm Allaha idi. Sonra valideyinlərimə və müəllimlərimə. Çünki insanın ən böyük sərvəti ona inanan insanlardır. Və o an hiss etdim ki, mən səhnədə tək deyiləm. Və bu uğurun heç kəsin görmədiyi tərəfində isə çoxlu gözyaşı, dua və səbr dayanırdı.
-Mərkəz sizə nə qazandırıb?
Mən bu mərkəzə gələnə qədər adi telefonu belə işlədə bilmirdim. İndi isə həm telefondan, həm sosial şəbəkələrdən rahat istifadə edirəm. Brayl əlifbasını öyrəndim, yazmağı və oxumağı bacardım. Ana dili, riyaziyyat və ingilis dili üzrə hazırlaşmağa başladım. Ən əsası isə özümə olan inamı qazandım.
-Sizin üçün uğur nədir?
Mənə görə uğur medal deyil. Uğur insanın dünən bacarmadığını bu gün bacarmasıdır. Mənim üçün uğur ilk dəfə oxumaq idi. İlk dəfə səhnəyə qorxmadan çıxmaq idi. İlk dəfə “mən bacardım” deyə bilmək idi.
- Son sözünüz və ya çağırışınız?
Müsahibəmi oxuyan bütün oxuculardan məktub gözləyirəm.
Oxuculara demək istəyirəm ki, istedad maneə tanımır. Heç nə üçün gec deyil. İnsan əvvəlcə özünə inanmalıdır. Barmaqlarımın zəif olduğunu biləndə Brayl əlifbasını öyrənə bilməyəcəyimi düşünürdüm. Amma bu gün kitab oxuyur, hətta şeir də yazıram.
Həyatda həmişə özüm olmağa çalışmışam. Özümü axtarmışam, özümü tapmışam. Mən çəkdiyim əziyyətləri sevirəm, çünki onlar məni görür.
“Ədəbiyyat və incəsənət”
(29.04.2026)


