Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
İmtahanlar hər zaman gərginliyi artıran bir mərhələ olub. Lakin son illərdə şagird və tələbələrin bu gərginliklə başa çıxma yolları da dəyişib. Hər zaman gördüyümüz mənzərəyə görə, bir çox gənc imtahan vaxtı yanlarında telefon daşımağı bir növ “təhlükəsizlik yastığı” kimi görür. Bu, onların özlərinə verdiyi psixoloji dəstəkdir. Çünki istənilən anda cavabı axtarmaq və ya kimsədən soruşmaq imkanı var...
Bəzən valideynlər və müəllimlər bunu sadəcə saxtakarlıq kimi qiymətləndirirlər. Amma psixoloqların fikrincə, bu davranış daha çox stres, qorxu və uğursuzluqdan qorunmaq instinkti ilə bağlıdır. Şagird və tələbələr arasında “telefon asılılığı” artıq yalnız sosial şəbəkələr və oyunlarla bağlı deyil, eyni zamanda öyrənmə və özünü ifadə etmə forması kimi də görünür.
Mövzu ilə əlaqədar "Ədəbiyyat və İncəsənət" portalına açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, bu məsələ əslində təkcə qayda pozuntusu yox, daha dərin bir psixoloji və sistem problemi kimi dəyərləndirilməlidir:
"Çünki abituriyent və ya tələbə “tutulacam” riskini bilə-bilə telefona əl atırsa, bu artıq sadəcə nizam-intizam məsələsi deyil- bu, onun imtahana olan münasibətinin, özünə inamının və bəzən də sistemə olan etibarının göstəricisidir. Bir tərəfdən, burada açıq şəkildə riskə getmək davranışı var. Şagird düşünür ki, ya nəzarət zəif olacaq, ya da hansısa yolla istifadə edə biləcək. Bu da onu göstərir ki, bəzi hallarda imtahan mühiti ilə bağlı formalaşmış “boşluq” təsəvvürü hələ də qalmaqdadır. Digər tərəfdən isə bu, ciddi psixoloji təzyiqin nəticəsidir. İmtahanı həyatının yeganə çıxış yolu kimi görən gənc bəzən biliyinə yox, “alternativ yollara” güvənməyə başlayır. Amma ən vacib məqam budur: bu cür addım atan şəxs əslində öz gələcəyinə zərbə vurur. Çünki bu gün telefondan istifadə edib nəticə qazansa belə, sabah real bilik tələb olunan mərhələdə çətinliklə üzləşəcək".
Ekspertin dediklərinə görə, təhsil sadəcə bal toplamaq deyil, formalaşmaqdır. Əgər bu mərhələdə düzgün təməl qurulmasa, sonrakı mərhələlərdə bu boşluq mütləq hiss olunur:
"Digər tərəfdən, nəzarət mexanizmləri ildən-ilə daha da gücləndirilir və artıq texniki vasitələrlə bu cür halların qarşısını almaq əvvəlki illərlə müqayisədə daha effektivdir. Yəni “risk edib keçərəm” düşüncəsi əksər hallarda özünü doğrultmur və nəticədə həm imtahandan kənarlaşdırılma, həm də gələcək imkanların məhdudlaşması ilə yekunlaşır. Məncə burada əsas çıxış yolu cəza mexanizmlərini sərtləşdirməkdən daha çox, yanaşmanı dəyişməkdir. Şagird başa düşməlidir ki, imtahan onun düşməni deyil. Əksinə, bu, onun hazırkı bilik səviyyəsini göstərən bir mərhələdir. Əgər biz gənclərə bunu düzgün izah edə bilsək, onları yalnız nəticəyə yox, prosesə fokuslandıra bilsək, o zaman telefon aparmaq kimi riskli və mənasız addımların sayı da təbii şəkildə azalacaq. Yəni məsələ sadədir: məsuliyyət hissi formalaşanda, bu cür hallara ehtiyac qalmır".
“Ədəbiyyat və incəsənət”
(09.04.2026)


