Son bir ayda qətlə yetirilən və zorakılığa məruz qalan qadınlar Featured

 

Leyla Səfərova,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Həyat bir uşağın ağlama səsiylə başlayır. Ananın o körpəni qucağına ilk alışı, qoxlayışı körpənin yaddaşına yazılan ilk xatirə olur. O bunu xatırlamır. Bəlkə heç ilk nəfəsinin necə dərin olduğunu zehni belə bilmir, amma bir reallıq var ki, onun ilk nəfəsini bilən biri olur bu həyatda. Onu böyüdən biri. Bir qadın...

 

Sonra həyatına yüzlərlə başqa qadınlar girir. Onu öyrədən, onunla oynayan, onu sevən, onunla sevilən. Ortaq nöqtələri isə hər birinin sadəcə sevgi, hörmət gözləməsi, onun gözündə, kiçik dünyasında özünə yer açma arzusu olur. Bu körpələr böyüyür. Gənc olur, yetişkin olur. Böyüyür, ana olur, ata olur. Amma həmişə insan ola bilmir.

İnsan olmaq qismət olmur hamıya. Başqalarına nəfəs olmaq, yaşamaq, yaşatmaq. Xəbər saytlarını açanda, oxuyanda niyəsini düşünürəm. Axı indiki dövrdə hər şeyi keçmiş travmalarla əsaslandırır camaat. Hansı travma canicəsinə bir həyatı sona çatdırmağa səbəb ola bilər? Hansı pis xatirə bıçağı əlinə alıb başqa birinə vurmağa, acı çəkərək ölümünü izləməyə dözəcək vicdansızlığı gətirər? Bəhanələrə sığınırıq? Ya həqiqətən buna səbəb olacaq nəsə yaşanır bu dünyada?

Bir ağac düşünün, yarpaqları olmayan, bir pətək düşünün, arılarsız, bal dadmayan. İndi bir dünya düşünün, qadınları nəfəs almayan, yaşamayan. Yaşamasına imkan verilməyən. Canları sanki bir gülmüş, baxçadan dərilirmiş kimi bəsit şəkildə bədənlərindən qopardılan. İllərdir mübarizə aparılır, amma bir addım irəli gedə bilirikmi, şübhəli. Son 1 ayda sadəcə bilinən, görülən 12 cinayət var. Kiminin həyatına yoldaş olsun deyə ümidləndiyi olub qatili, kiminin qanıbir qardaşı. Hətta dünyaya gətirdiyi, südüylə böyütdüyü oğlunun əlindən əcəli gələn də var. Amma təəssüf ki, bizim əlimizdən heç nə gəlmir. Sadəcə izləyib, "vah, yazıq" deməkdən başqa heç nə gəlmir. Hə, birdə bəlkə bəzilərimiz başqaları da məlumatlansın deyə kimlərəsə göndəririk, statuslarda paylaşırıq. Sonra? Deyil 3 gün, 3 saat belə keçmədən ağlımızdan çıxır, unuduruq. Və bir də adlarını belə xatırlamırıq.

Məsələn, Daşkəsəndəki 65 yaşlı xalanın ətürpədici xəbərini görmüsünüz yəqin ki. Adı nə idi, yadınızda? Yox. Mənim də deyil. Çünki tək deyil. Onlarla, yüzlərlə belə qadın varkən, əzbərləyə bilmirik onları. Öyrənə bilmirik. Və ən acısı da zamanla buna alışır, həyatın axışına qarışdırırıq. Həyata gələrkən hər birimiz bir gün öləcəyimizi bilirik. Amma öldürüləcəyini, acı ilə öləcəyini düşünmür heç kim. Düşünməməli də. Heç kim əcəlini doğma bildiyindən və ya heç tanımadığı adamın insafsız əllərindən dadmamalı. İnsaf diləyirəm. Biraz da vicdan...

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.