Xalqın sevimli jurnalisti... Featured

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Etiraf edək ki, Adəm övladının ixtiraları arasında, insan şüuruna televiziyadan güclü təsir edən, başqa bir vasitə hələ ki, tapılmayıb. Televiziyanın əhatə dairəsi o qədər böyükdür ki, hər hansı bir istedadlı şəxsi qısa bir zamanda ölkə miqyasında məşhurlaşdıra, sevdirə bilir. Bu dəfə sizə məhz belə şəxslərdən biri haqqında söhbət açmaq istəyirəm. Onu ölkədə jurnalist, televiziya aparıcısı, prodüser və rejissor kimi çoxdan tanıyırlar. Bir mədəni, nəcib, kübar xanım kimi ürəklərdə yuva qurmağı bacarıb. Amma nədənsə layiq olduğu fəxri ad ona hələ də verilməyib...

 

O, 1967-ci ilin mart ayının 26-da Qazax rayonunda anadan olub. Orta təhsilini 1984-cü ildə Bakı şəhəri 42 saylı tam orta məktəbdə başa vurub. Həmin il Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Tələbə ikən "МолодежьАзербайджанa" qəzeti ilə ştatdankənar müxbir kimi əməkdaşlıq edib. 1989-cu ildə universiteti bitirdikdən sonra AzTv-də işə başlayıb, "Xəbərlər" redaksiyasında müxbir işləyib. Sonralar ABA Tv, Lider Tv, Space Tv və ANS Tv-də çalışıb. Bu yaxınlara qədər ömür-gün yoldaşı, yazıçı Həmid Herisçi ilə "Xəzər səhər" verilişini aparırdı. Hazırda Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidməti adlı yerdə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır və Mədəniyyət Tv-də "Mədəni tənqid" verilişinə aparıcılıq etməyə hazırlaşır.

"Gündəlik Azərbaycan", "525", "Azadlıq", "Bizim Yol", "Zerkalo" qəzetlərində məqalələri dərc olunub. "Həsən bəy Zərdabi adına jurnalistika milli mükafatı"na layiq görülüb. Bir çox nüfuzlu jurnalistika müsabiqələrinin münsiflər heyətinin üzvüdür. Bütün bunlarla yanaşı bir sıra azərbaycan filmlərinə redaktorluq edib. "Gecə kanalı" adlı kitabı işıq üzü görüb...

Möhkəm iradəli, səbirli, səmimi, eyni zamanda təmkinli xanımdır. Etik normalara ciddi riayət edir. Onun üçün abır-həya insana xas olan ən müsbət xüsusiyyətlərdən biridir. Çox qabiliyyətli və səliqəlidir. Qəlbi həyat eşqi ilə doludur. Həmişə ayaq üstə qalmağı və daima nə iləsə məşğul olmağı xoşlayır. Necə deyərlər, rahatlığını fəaliyyətdə, hərəkətdə tapır...

Deyir ki:- “Bizim cəmiyyətdə peşəkar olmaq çox çətindir. Çünki peşəkarlıq üçün təhsil almaq, savadlı olmaq lazımdır, bacarıqlarını tətbiq edə biləcək, özünü inkişaf etdirəcək, təcrübə qazanacaq bir mühitin olması vacibdir. Bu gün bizdə peşəkarlığı inkişaf etdirmək üçün mühit yoxdur. Jurnalistikada biznes mühiti inkişaf etdirilməyib. Azad rəqabət mümkün deyil. Çünki söz və ifadə azadlığı məhduddur. Yalnız bu azadlıqlardan istifadə edən KİV rəqabətdə qalib gələ bilər. Hazırda ancaq maliyyə dəstəyi və siyasi dəstək alan KİV- lər öndədirlər...”

Kifayyət qədər həyat qüvvəsi var. Çətinliklər yarananda özünü itirmir, əksinə məqsədinə nail olana qədər gərgin işləməkdə davam edir. Çox götür-qoy etməyi, ən yaxşı üsulu tapmağı vaxt itkisi hesab etdiyindən dərhal işə girişməyə üstünlük verir. Öz qabiliyyətinə o qədər əmindir ki, uğursuzluq barədə heç zaman düşünmür və məhz buna görə də çox vaxt müvəffəqiyyət qazanır. Necə deyərlər, problemlərin üzərinə elə bir enerji və qətiyyətlə atılır ki, onların çoxu sadəcə əriyib gedir. Həyat yoldaşı ilə eyni mühitdə olduğundan özünü şanslı adam hesab edir. Onunla işlədiyi illəri fəaliyyətinin ən məhsuldar vaxtları sayır...

 

“Həmidlə işləmək həddindən çox rahat, həm də maraqlı idi. Əvvəla çox dəqiq və səliqəlidir. İkincisi də hər zaman ondan öyrənməli şeylər var. İstənilən sahəni mütəxəssis qədər dərindən bilir. Bu, qüvvələrimizin qənaət edilməsi üçün gözəl fürsətdir. Mövzunu konseptual olaraq anlamağa, problemli məqamları tanıyıb vurğulamağa kömək edir. Həyat yoldaşı olaraq, deyə bilərəm ki, Həmid məişətdə çox köməksizdir. Amma kömək etmək niyyəti və təşəbbüsləri var. Məncə bu daha vacibdir. “Space”də işlədiyimiz zaman, Həmid bütün gənclərə kömək edirdi, ideya verirdi, onlar Həmidi çox sevirdilər.”- söyləyir.

 

Xoşbəxtlikdən yaddaşı çox zəifdir. Onu yalnız hal-hazırda baş verənlər maraqlandırır və əgər yeni nə isə diqqətini cəlb edirsə, keçmiş haqqında bütün fikirləri yoxa çıxır. Burada və indi prinsipi ilə fəallıq göstərir, çünki onu maraqlandıran məhz budur...

 

Deyir ki:- “Bizim vaxtımızda söyləyirdilər ki, təvazökarlıq insanın bəzəyidir, insanın baş ucalığıdır. İndi təvazökar insana bilirsiniz necə həqarətlə baxırlar? Sadədil, avam, hətta axmaq kimi baxırlar. Səmimi olduğuna görə adama səmimiyyətini irad tuturlar. Təbii ki, dəyərlərin dəyişib, dəyişməməsindən asılı olmayaraq ölçü hissinin olması çox gözəldir. Səmimiyyətdə də ölçü olmalıdır. Amma bütovlükdə biz cəmiyyətdən danışırıqsa, mən bəzən özümə hesabat verməli oluram. Düşünürəm ki, filan yerdə çox səmimi danışsam, bu mənim əleyhimə işləyəcək. Lakin vaxt vardı ki, məni səmimiyyətimə görə sevirdilər. O vaxt. sənət adamlarının şəxsi həyatı indiki qədər insanlara maraqlı deyildi. Uzaq başı onların geyimləri maraqlı ola bilərdi. İndi isə əksinədir, adamın məişəti, ailəsi, həyat tərzilə də maraqlanırlar...”

 

Bəli, haqqında söhbət açdığım İlhamiyyə Rza insanlar arasında səmimiyyətin, sevginin günbəgün azaldığından gileylənsə də, hələ də içindəki insan sevgisi onu tərk etməyib.

“Sağlam həyat uzmanları hər şeyi deyir, bircə bundan başqa: çox yaşamaq, özü də ağrı-acısız yaşamaq istəyirsinizsə, xeyrə, ədalətə, sevgiyə, dostluğa olan inamınızı itirməyin!”- söyləyir...

Bəli, yazın altıncı günündə dünyaya gələn və yaradıcılığı, istedadı ilə qoca dünyamıza bahar təravəti qatan İlhamiyyə Rzanın bu gün - martın 26-sı növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram...

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.