“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.
Pərvanə Məmmədli
1978-79-cu illər İran inqilabı
1978-79-cu illər İran inqilabı xarakterinə görə çox unikal idi. Ölkəni az qala amerikanların əli ilə idarə edən şaha islamçı dindarların və solçu əqidə-əhvallı kütlənin nifrətinin səbəbləri az deyildi. İran dünyanın çoxmillətli dövlətlərindən olduğu üçün milli problemləri də yetərincə idi. Elə xalqın ayağa qalxması, küçə və xiyabanlara çıxması sosial, siyasi, mədəni qatlardakı çatlarla bağlı idi. Səslənən şüarlarda, çıxışlarda, yazılan elamiyyələrdə bu aydın görünürdü. Amma həlledici məqamda monarxiyaya qarşı yönəlmiş demokratik xalq inqilabı birdən istiqamətini kəskin dəyişdirib nəticədə İslam təmayüllü oldu.
Unutmayaq ki, İranda din amili həmişə güclü olub. Və Xomeyni kimi nüfuzlu din xadimi xalqı öz ardınca apara bildi. 1978-ci ilin əvvəlində şaha, rejimə qarşı baş qaldırmış antiimperialist, antimonarxist xalq hərəkatı sonda İslam inqilabı kimi tarixə daxil oldu (bir çox mənbələrdə haqlı olaraq, onu ilkin başlanğıcda olduğu kimi, 1978-79-cu illər İran inqilabı adlandırırlar).
1978-79-cu illər İran inqilabından sonra yaradıcı ziyalılarda millətsevərlik, türkçülük hissləri daha da gücləndi. Xalqın uzun illər yaddaşında qalıb yaşayan aşıq yaradıcılığına, dastanlara, qəzəl janrına geniş meydan açıldı. 1980-90-cı illərdən başlayaraq, ədəbi prosesdə canlanma baş verdi. Ədəbiyyata yeni nəsil, yeni dalğa gəldi. Cənubi Azərbaycan ədəbiyyatında ağır terror və repressiyalara baxmayaraq, istibdad dövründə də doğma dildə xalqın narazılıq, nifrət və qəzəb duyğusunu əks etdirən şeirlər, hekayələr yazılmış, folklor nümunələri toplanmışdır. Təbii ki, bu əsərlərin əksəriyyəti işıq üzü görməmiş, bəziləri isə məhv edilmişdi. “Sandıq ədəbiyyatı” adı qazanmış bu əsərlərin ələ düşəni yeri gəldikcə çap olunmuş, oxuculara çatdırılmışdır. Şairlər 1979-cu il aprel inqilabına qədər və ondan sonrakı dövrdə yazdıqları əsərləri dərc etdirməklə xalqda özünəqayıdış, özünüdərk ruhu aşılamağa, milli birlik yaratmağa çalışmışlar. Başlanğıcda xalq inqilabı olub sonralar başqa məcraya yönələn inqilab xalqı ağ günə çıxarmadı. Bu isə öz bədii əksini H.Sahir, H.Tərlan, Çayoğlu, F.Həsari, S.Salis və M.Məhzunun yazdığı tənqidi yazılarda tapdı. İnqilabın yaratdığı dalğa, sonra 8 il davam edən İran-İraq müharibəsi, daha sonra inqilabçı qüvvələrin məğlubiyyəti ədəbiyyata da təsir etdi. O dövrün ən uğurlu yazıçı və şairləri təqiblərdən əziyyət çəkmiş, bir çoxu dünyasını dəyişmişdi.
Güney azərbaycanlılar ictimai-siyasi sahədə milli istək və arzularını reallaşdıra bilməsələr də, 1978-1979-cu illər İran inqilabı mədəni həyatın gedişində xüsusi bir canlanma, dirçəliş mərhələsinin yaranmasına səbəb oldu. 1978-79-cu illər İran inqilabından sonra Güney Azərbaycanda sanki bir mətbuat bumu yaşandı. Belə ki, bədii əsərlərin çoxu kitablardan çox qəzet və jurnallarda yayılırdı. (Belə hal Məşrutə inqilabı illərində də olmuşdu. – P.M.) Bir-birinin ardınca nəşr olunan qəzet və jurnallarda əsas yeri poeziya tuturdu. Çünki şeirlər başqa janrlara nisbətən daha böyük imkanlara malik idi və aktual mövzulara dərhal müdaxilə edirdi. Ümumiyyətlə, Güney ədəbiyyatında, bütün Şərqdə olduğu kimi, poeziya başqa janrlarla müqayisədə həmişə hökmran mövqedə olub.
Keçən əsrin qırxıncı illərinin ortalarında ilk dəfə əlinə qələm almış gənc istedadlar bir də otuz ildən artıq bir müddətdən – İslam inqilabının qələbəsindən sonra Azərbaycan dilində nəşr olunan müxtəlif jurnalların səhifələrində öz yaradıcılıqlarını davam etdirməyə imkan tapdılar.
1978-79-cu illər İran inqilabından sonra yaradıcı ziyalılarda millətsevərlik, türklük hissləri daha da gücləndi. Xalqın uzun illər yaddaşında qalıb yaşayan aşıq yaradıcılığına, dastanlara, qəzəl janrına geniş meydan açıldı. 1980-90-cı illərdən başlayaraq, ədəbi prosesdə canlanma baş verdi. Ədəbiyyata yeni nəsil, yeni dalğa gəldi.
Güney Azərbaycan ədəbiyyatında ağır terror və repressiyalara baxmayaraq, istibdad dövründə də doğma dildə xalqın narazılıq, nifrət və qəzəb duyğusunu əks etdirən şeirlər, hekayələr və s. yazılmış, folklor nümunələri toplanmışdır. Təbii ki, bu əsərlərin əksəriyyəti işıq üzü görməmiş, bəziləri isə məhv edilmişdi. Onlardan ələ düşəni yeri gəldikcə çap olunur, oxuculara çatdırılırdı. Güney Azərbaycan ədəbi fikrinin görkəmli nümayəndələri ətrafda baş verən olayları əks etdirən mətbu orqanlarına xalqla ünsiyyət tribunası kimi baxırdılar. Şairlər 1979-cu il aprel inqilabına qədər və ondan sonrakı dövrdə yazdıqları əsərləri dərc etdirməklə xalqda özünə qayıdış, özünüdərk ruhu aşılamağa, milli birlik yaratmağa çalışırdılar. Başlanğıcda xalq inqilabı olub, sonralar başqa məcraya yönələn inqilab xalqı ağ günə çıxarmadı. Bu isə öz bədii əksini H.Sahir, H.Tərlan, Çayoğlu, F.Həsari, S.Salis və M.Məhzunun yazdığı tənqidi yazılarda tapdı. İnqilabın yaratdığı dalğa, sonra 8 il davam edən İran-İraq müharibəsi, daha sonra inqilabçı qüvvələrin məğlubiyyəti ədəbiyyata da təsir etdi. O dövrün ən uğurlu yazıçı və şairləri təqiblərdən əziyyət çəkdi, bir çoxu dünyasını dəyişdi. Qalanları isə dövlətin yaratdığı ideoloji ədəbiyyat – din ədəbiyyatı və müharibə ədəbiyyatına mənsub oldu.
“Ədəbiyyat və incəsənət”
(24.03.2026)


