18 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Qubada şəhid kapitan Məlikov Aqil Niyaz oğlunun ailəsini ziyarət edib. Şəhid ailəsini bayram münasibətilə təbrik edən polkovnik Cəlil Xəlilov, məhz şəhidlərimizin qəhrəmanlığı sayəsində xalqımızın dinc, firavan günlərə qovuşduğunu, torpaqlarımızın erməni faşizmindən azad edildiyini bildirib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Təşkilatdan məlumat verilib.
Gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən şəhidin həyat yoldaşı Günel Məlikova, şəhid ailəsi olaraq dövlətin diqqət və qayğısını mütəmadi şəkildə öz üzərlərində hiss etdiklərini vurğulayıb, buna görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Şəhid xanımı Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun, o cümlədən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Quba Rayon Şöbəsinin rəisi polkovnik Yasin Aşurovun da mütəmadi şəkildə şəhid ailələri ilə maraqlandıqlarına diqqət çəkib, onlara öz minnətdarlığını bildirib.
Görüşdə iştirak edən SHXÇDX-nin Quba rayon şöbəsinin rəisi polkovnik Yasin Aşurov və Quba Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Asəf Şirinov da şəhidlərimizin tarixi xidmətinə diqqət çəkib, onların ömür və döyü yollarının gələcək nəsillər üçün də örnək olduğunu vurğulayıblar.
Görüşün sonunda xatirə şəkli çəkilib, şəhid ailəsinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına maddi yardım göstərilib.
“Ədəbiyyat və incəsənət”
(19.03.2026)


