Xalq Qəhrəmanı Sultan bəyin silahdaşı Cağazurlu Ağaməmməd - TARİX Featured

 

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Tariximizin ağ ləkələri yavaş-yavaş yox edilir, həqiqətlər gəlib bizə çatır. 1918-1920-ci illərdə Qarabağ dağlıq yaylasında, indiki Laçın rayonu ərazisində erməni quldur dəstələrinə qarşı azəri türklərinin apardığı müharibədə, tarixə “Qara göl” döyüşləri kimi düşmüş bu azadlıq mücadiləsində öz qəhrəmanlığı ilə ad-san qazanmış xalq qəhrəmanlarından biri də Cağazurlu Ağaməmməddir (Ağamməd).

 

Qara göl döyüşləri əslində XIX əsrin sonu, XX əsrin əvvəllərində formalaşmış Azərbaycan milli burjuaziyasının ən görkəmli nümayəndələrindən biri, öz xalqı qarşısında göstərdiyi xidmətlərə görə Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Ağamusa Nağıyev, xan qızı Natəvan kimi öz halal zəhmətilə qazandıqları var-dövləti xalqın yolunda sərf edən və onlarla bir sırada dayanan Sultan bəyin bilavasitə rəhbərliyi, təşkilatçılığı və maddi dəstəyi ilə aparılan partizan müharibəsi idi. Bu müharibədə Sultan bəylə yanaşı onun ən yaxın silahdaşları – Seyid Həmid, Hacılarlı Ağalar, Cağazurlu Ağamməd, Bayandurlu Gülüm, Malıbəyli Zaman və digərləri də xalqımızın azadlıq mücadiləsi tarixinə əsl xalq qəhrəmanları kimi düşmüş, adları qan yaddaşımıza həkk olunmuş, nəinki Azərbaycan xalqının, bütün türk dünyasının qürur duyduğu, fəxr etdiyi şəxsiyyətlərdir.

Çətin dağ şəraitində, keçilməz dərə və aşırımlarda aparılan döyüş əməliyyatları ancaq bu ərazini dəqiq tanıyan, eyni zamanda qorxmaz, igid, doğma torpağın təəssübünü, xalqının, elinin namusunu canından əziz tutan qeyrətli oğullar sayəsində uğurla başa çatdı. Bu döyüşlərdə Cağazurlu Ağammədin göstərdiyi igidliklər, şücaətlər sonralar artıq əfsanələr səviyyəsinə qədər yüksəldi.

Ağaməmməd İmamqulu oğlu Quliyev 1873-cü ildə indiki Laçın rayonunun Cağazur kəndində anadan olmuşdu. Hələ yeniyetməlik və gənc yaşlarından mahir ovçuluğu, qoçaqlığı, qorxmazlığı ilə həmyaşıdlarından fərqlənən Ağaməmməd erməni quldur dəstələri Qarabağa soxulmaq istərkən bir an belə tərəddüd etmədən doğma torpaqların müdafiəsinə qalxmışdı. Onun adı xalq arasında o qədər danışılıb ki, sonradan xalq dilində qısalaraq Ağamməd şəklində tələffüz edilib.

Ağamməd iri, cüssəli bədən quruluşuna, ağır çəkiyə malik olmasına baxmayaraq görünməmiş dərəcədə cəld, qoçaq, yorulmaq bilməyən bir igid olub. Ağammədi hər at götürməzmiş. Hər hansı mənzilə gedərkən Ağamməd ən azı üç at dəyişməli olarmış. Erməni quldur dəstələrinə qarşı müharibədə göstərdiyi igidliklər sayəsində ən ağır döyüşlərdən, mühasirələrdən ağlagəlməz dərəcədə qalib çıxan Ağamməd və onun ən yaxın silahdaşları Seyid Həmid, Hacılarlı Ağalar haqqında sadə xalq kütlələri arasında əfsanə yaranmışdı ki, bəs guya Ağammədin, Seyid Həmidin və Ağaların əyinlərində dəmir libasları və ya Quran ayələri yazılmış geyimləri olduğundan onlara güllə təsir etmir.

Sultan bəydən külli miqdarda silah-sursat və maddi dəstək alan Ağamməd Cağazur kəndinin Gorus istiqamətində, sonralar yerli əhalinin Qarovultəpə adlandırdıqları məntəqədə, Mərkəzdə, Kömür quyusu adlanan yüksəklikdə gözətçi postları yaratmış, indiki Ermənistanın Goruş rayonunun Tex, Gornidzor, Xindzoresk, Daşkənd kəndləri istiqamətində Cağazur kəndinə doğru bütün erməni hücumlarının qarşısını özünün təşkil etdiyi hərbi dəstələrlə almışdı.

Çünki Ağamməd də, Seyid Həmid də, Ağalar da yaxşı bilirdilər ki, Cağazur kəndinin ərazisi nisbətən düzəngah olduğundan ermənilər məhz buradan cəbhəni yarıb Malıbəy, Qarıqışlaq, Zeyvə kəndlərindən keçməklə irəliləyə bilərlər. Cəmi bir dəfə Ağamməd Qarabağa – Xosrov bəy Sultanovla görüşə gedərkən ermənilər onun kənddə olmamasından istifadə edib Cağazur kəndinə soxulmuş və kəndi yandırmışdılar. Lakin Ağamməd kəndə qayıdan kimi öz dəstəsi ilə hücuma keçərək erməniləri qovub Gorusa qədər bütün kəndlərdən çıxarmış, həmin kəndləri yandırmış xeyli sayda erməni yağılarını məhv etmişdi. Ona görə də Sultan bəy bir təşkilatçı və rəhbər kimi Cağazur kəndinin əhəmiyyətli mövqeyinə görə buranı daim diqqətdə saxlamış, Ağammədlə tez-tez, demək olar ki, günaşırı görüşmüş, döyüş əməliyyatlarını müzakirə etmişdi. Sultan bəy istər döyüş bölgələrində, istərsə başqa rəsmi məclislərdə həmişə “Mən Ağammədə özüm qədər inanır, özüm qədər etibar edirəm” deyərmiş.

Cağazurlu Ağammədin şəxsi igidliyi Köhnə Gorus kəndinin şimalında, Qazi gölünün sahilində erməni quldur dəstələri ilə gedən döyüşdə daha bariz şəkildə özünü göstərmişdi. Burada ermənilər Gorus dərəsinə xeyli canlı qüvvə, silah-sursat toplayaraq, Minkənd istiqamətində irəliləmək məqsədilə hücuma keçmişdilər. Lakin Ağamməd özünün ən yaxın silahdaşları – Cağazur kəndindən mahir atıcı Mahmudu, Məmmədi, Məhini, Hacılarlı Ağaları keçidlərdə yerləşdirmiş, eyni zamanda Malıbəy, Hoçaz, Hacılar, Sadınlar, Əhmədli, Minkənd kəndlərindən əli silah tutan bütün əhalini Bayandur dərəsinə və Qurban bulağına toplamış, Seyid Həmid süvari dəstəsi ilə ehtiyatda dayanmış və onlar birlikdə ermənilərin hücumunu gözləmişdilər. Ermənilər hərəkət etməyə başlayarkən gözləmədikləri halda Ağammədin mühasirəsinə düşürlər. Ağamməd şəxsən özü xüsusi təlim görmüş 30 nəfər yağını zərərsizləşdirir, 10 nəfərini isə əsir götürür və təpədən dırnağa qədər silahlanmış ermənilərin ən güclü hesab etdikləri terrorçu birləşməsini darmadağın edir. Qazi gölü döyüşü Qara göl döyüşlərində dönüş nöqtəsi olur. Bundan sonra bütün döyüş əməliyyatları indiki Ermənistanın Gorus və Sisyan rayonlarının ərazisinə keçir.

Ağamməd Zabux dərəsində Andronikin böyük silahlı birləşməsinin darmadağın edilməsində də xüsusi rol oynamışdı. Məlum olduğu kimi, türk düşməni Andronik hiylə ilə Zabux və Abdallar dərələrindən keçməklə Şuşaya, oradan Qarabağa soxularaq Qarabağın aran hissəsini ələ keçirməyi planlaşdırmışdı. Lakin Sultan bəyin müdrikliyi və uşaqgörənliyi sayəsində Andronikin terrorçu quldur dəstəsinin özü Zabux dərəsində tələyə salınaraq məhv edildi. Həmin əməliyyatlarda əsas və həlledici döyüşlərə Ağamməd rəhbərlik etmişdi.

 Cağazurlu Ağamməd öz silahdaşları – həmkəndliləri Mahmud, Məhi, Məmməd, İsgəndər, Cəbrayıl, Kərəm, Qəhrəman, Qara Hüseyn, Pənah Heydərov, Həsi, Qaraş, Baloğlan, Cavad, Malıbəyli Zaman, eyni zamanda Hacılarlı Ağalar və Seyid Həmidlə birlikdə erməni terrorçu dəstələrinə qarşı diz qatlamadan, gecə-gündüz silahdan ayrılmadan mübarizə aparmışdır. Cağazurlu Ağamməd doğma torpaqlarını düşməndən qorumaqla yanaşı, Zəngəzurun türklər yaşayan kəndlərindən dinc əhalinin qətliamlarının qarşısını almış, minlərlə azəri türklərini erməni terrorçularından xilas etmişdi. Cağazurlu Ağamməd adı ermənilər arasında o qədər ciddi xof yaratmışdı ki, Daşnaksütyun partiyası Ağammədin başı üçün xüsusi pul mükafatı ayırmışdı. Lakin onların bütün ciddi-cəhdlərinə baxmayaraq nəinki Ağammədi ələ keçirmək və öldürmək niyyətlərinə nail ola bildilər, əksinə Cağazurlu Ağamməd öz silahdaşları ilə birlikdə ermənilərin indiki Laçına, bütün Qarabağa uzanan qara əllərini qırdılar, onlara bu ərazidə elə bir zərbə vurdular ki, uzun illər, Sovet imperiyası dağılana qədər gözlərini götürüb Qarabağa tərəf baxa bilmədilər.

Tarixi reallıq bundan ibarətdir ki, məşhur Sultan bəy, onun silahdaşları – Seyid Həmid, Cağazurlu Ağamməd, Hacılarlı Ağalar, Bayandurlu Gülüm və onların digər silahdaşları ermənilərin türklərsiz Qafqaz, dənizdən dənizə Böyük Ermənistan dövləti yaratmaq ideyasını heç kəsdən əlavə kömək almadan, öz gücləri, öz igidlikləri, cəsarətləri, doğma torpaqlarını öz canlarından əziz tutmaları, namus və qeyrətləri hesabına pozmuşdular. Böyük türk sərkərdəsi Nuru paşanın Bakıda, Qubada, Şirvanda, aran Qarabağda azadlıq yürüşlərini onlar Qarabağın dağlıq hissəsində həyata keçirmişdilər.

Nuru paşanın hərbi dəstələri indiki Laçın rayonu ərazisinə gələrkən Cağazurlu Ağamməd, Seyid Həmid, Hacılarlı Ağalar türk əsgərləri ilə birlikdə Qarabağın dağlıq hissəsinin ermənilərdən təmizlənməsində yaxından iştirak etmişlər. Cağazurlu Ağamməd türk əsgərlərinin əlavə ərzaqla təmin edilməsində böyük işlər görmüşdür.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ermənilər bir çox azadlıq mücahidləri kimi Cağazurlu Ağammədi də həbs etdirmək, ondan qisas almaq üçün dəridən-qabıqdan çıxırdılar. Onlar Moskvaya Cağazurlu Ağammədin başkəsən, quldur, qaniçən olması, günahsız dinc erməni əhalisini kütləvi şəkildə qətlə yetirməsi haqda ardı-arası kəsilmədən şikayətlər edirlər. Nəhayət onlar 1930-cu ildə öz məqsədlərinə qismən nail olurlar. Ağamməd həbs edilərək Şuşa türməsinə aparılır. Həbs edildikdən sonra Moskvadan onun Şuşa həbsxanasında güllələnməsi haqda rəsmi qərar gəlir. Lakin Şuşa həbsxanasının rəisi igidliyinə, qoçaqlığına görə Ağammədin həbsxananın həyətində, erməni dustaqların və erməni milislərinin gözü qarşısında deyil, türmədən kənarda, Topxana meşəsində güllələnməsi barədə göstəriş verir. Deyilənə görə, indiyə qədər də mübhəm qalan səbəblərdən Ağamməd oradan qaçır və kəndə gəlir, ertəsi gün kəndi bir yolluq tərk edir. Onun sonrakı taleyi barədə heç bir məlumat yoxdur. Ağammədin dörd övladı – bir oğlu və üç qızı olmuşdur. Onun adını daşıyan nəvəsi Ağamməd hal-hazırda Bakıda məskunlaşmışdır. O, da babası kimi 1988-1992-ci illərdə erməni işğalçılarına qarşı müharibədə iştirak etmişdir.

Qədirbilən Laçın camaatı, bütün Qarabağ eli xalqımızın qəhrəman oğlu, azadlıq mücahidi Cağazurlu Ağammədi bu gün də qürur və fəxrlə yad edir, onun əziz xatirəsini savaş tariximizin ən müqəddəs əmanəti kimi qoruyub saxlayırlar.

(Nizami İsmayılSəfəvinin məqaləsindən istifadə edilmişdir)

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.