Qaraçılar kimdir? - ARAŞDIRMA Featured

                                                                                                   

Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”

 

Sizə məlumat vermək istərdim ki, mənbələrdə qaraçı tayfasının mənşəyi haqqında müxtəlir fikirlər mövcuddur. Tarixi –etnoqrafik baxımdan qaraçılar dünyanın maraqlı etnik birliklərindəndir. Qaraçılar haqqında çox insan alçaldıcı fikirlər söyləyərək onların haqqında falabaxan, oğru, evsiz-eşiksiz, dilənçiliyi özlərinə əsas peşə seçən, küçədə böyüyüb-başa çatan kimi mənfi xoşagəlməz münasibətdə olsa da, onların tarixini araşdıranda tamam fərqli fikirlər ortaya çıxır.

 

Bir çox tədqiqatçıların fikrincə, Azərbaycan qaraçıları özlərini rom, dom, pars, kürd domlar, koul adlandırırlar. Əsrlər ərzində Azərbaycan türklərinin böyük qismi kimi islam dininin şiəlik məzhəbinə mənsub bu qaraçılar İrandan çıxan "dom" boyundandırlar. Onlar bəzi versiyaya görə ilk dəfə orta əsrlərdə Kəraçi və Sind regionlarından, ya da Baktriyadan İran vasitəsilə Azərbaycana gəlmişlər. Səfəvi hökmdarı I Şah Abbasın hakimiyyəti dövründə yerli qiyamların qarşısını almaq üçün Azərbaycana özlərini "pars" adlandıran farsdilli qaraçılar köçürülmüşdür. Bəzi mənbələrdə göstərildiyi kimi, XIX əsrin sonlarında  hindli əsilli zərdüşti möminlər Azərbaycana ölkədə yerləşən zərdüştçülüyə aid məbədləri ziyarət etməyə gəlmiş, bu qaraçıların atəşə üstünlük verdikləri müşahidə edilmişdir. Bundan başqa,Azərbaycandakı qaraçılar arasında bu etnik qrupla bağlı türbə və pir ziyarətgahları da mövcuddur ki, bu da, onların zərdüştlüyə üstünlük verdiklərini nəzərə çarpdıran amillərdəndir. Bu xüsusiyyət Azərbaycanda yaşayan qaraçıların bir qisminin əvvəl zərdüştçü dininə mənsub ola biləcəyini söyləməyə də əsas verir.

Ümumiyyətlə, bu etnik qrupun sürdüyü həyat tərzi ilə yaxından tanış olduqda tarixi mənbələrdə görürük ki, qaraçılar eramızın birinci minilliyinin sonlarında Hindistandan çıxaraq Ön Asiyaya, xüsusən İrana üz tutublar. Oradan isə Avropaya, Qafqaza yayılmağa başlayıblar. Bu insanlar haqqında ilk dəfə alman alimi Qrelman fikir söyləyib. Alim 1783-cü ildə onların hind mənşəli olduğunu göstərib. XIX əsrin 40-cı illərində alman alimi A.Pott isə onların hind dili qrupuna məxsusluğunu sübut edib. Qaraçıların öz aralarında xüsusi dilləri olsa da, danışıqda sanskrit  sözlərini də işlətmələri alimin fikrini bir daha təsdiq edir. O da məlumdur ki, qaraçılar haqqıında araşdırmaların çoxu rus alimlərinə məxsusdur. Məşhur rus qafqazşünası N.Zeydlits tədqiqat əsərində qaraçıların Azərbaycana gəlişi barədə yazırdı: “Qaraçılar 1877-ci ildə Quba və Göyçay qəzalarında köç salmışdılar. Göyçayın “Potu” bazarında onlara rast gəlmək olardı. Onlar öz musiqi və rəqsləri ilə Azərbaycan toylarını şənləndirir, həm də özlərinə pul qazanırdılar.” Digər rus şərqşünası N.Patkanov(1887-ci il) vaxtiylə öz qeydlərində Naxçıvan, Göyçay, Quba və Qaxda qaraçıların yaşadığını bildirirdi.

 Qaraçılar özlərinə çox vaxt “misirli “də deyirlər . Elə indi də Macarıstan, Yunanıstanda da onlara “firon tayfası”, “firon övladları”da deyirlər. Görkəmli publisis, naşir və maarifçi Mirzə Əddürrəhim Talıbov XIX əsrdə qələmə aldığı “Kitab yüklü eşşək” əsərində araşdırıcı mövqeyindən yanaşaraq qaraçıların müxtəlif ölkələrdə müxtərif adlar daşımasını Ə. Firdovsinin “Şahnamə” əsərinə əsaslanaraq belə göstərirdi: “Firdovsi  təqribən min beş yüz il bundan əvvəl İranda padşahlıq edən Bəhram-Gurun  (Bahram-gur - İranda Sasanilər sülaləsinin 14-cü padşahıdır. Eramızın 420-ci ilində taxta çıxmış, 19 il padşahlıq etmişdir.) şərhi-halında bu padşahın "luli"ləri (Luli - iranın bəzi yerlərində qaraçılar belə adlanır.) (İsfahanda qaraçılara  fəyuc, Tehranda “qərbalbənö”, Xorasanda “qırışmar”, Zəncanda “kəkilini”, Kirmanşah və Kürdüstanda “suzmani”, Mazandaran və Gürganda “cuki**”, Şirazda “qərbəm” və “luli”, Belucistanda “luri” və send deyirlər.)  Hindistandan tələb etməsi barədə yazırdı.” bu da qaraçı tayfasının hər məmləkətdə xüsusi adı olduğunu təsdiqləyir. M. Ə. Talıbov qaraçı tayfasının tarixinin qədimliyini və mənşəyinisə aşağıdakı kimi xarakterizə edirdi: “…Düzgün sübutlara görə bu tayfa adamlarının zahiri görünüşü və xasiyyətləri arian sülaləsinə oxşayır. Bu böyük camaatın bir qolu yeddi min ildən də çox bundan əvvəl cehun çayı sahilindən İrana və  Hindistana köçmüşdür. Onların oxşar xüsusiyyətləri hindlilərdə sent və berus tayfalarında, xuzistan əhalisində və bəzi ərəb qəbilələrində hiss olunur.

… Cəzirətülərəbin bütün qəbilələri mənşə etibarilə bu tayfanın çoxusu birinci köçdə Əfqanıstandan keçərək Qanq sahilində məskən salmışdır. Bu uzun yol  boyu bəziləri müxtəlif yerlərdə qalmışlar, bəziləri də yolu azaraq səpələnmişlər. Əsrlər ötdükcə yerli tayfalarla köçəri qəbilələrin bir-birinə qarışmaları, bunun nəticəsində zahiri görünüşlərində əmələ gələn dəyişikliklər onların mənşə müstəqilliyini aradan qaldırmışdır. Xüsusilə iki min il bundan əvvəl Qanq sahilində baş verən bərk aclıq nəticəsində bu qəbilənin böyük bir qismi keçərək Fars körfəzi  sahilindən Fəratçayı sahilinə qədər yayılıb məskən salır. Hətta bunlardan bəziləri Cəzirətülərəbdən və Şamdan Misirə getmişlər.”

Fransada, İspaniyada qitanos, İtaliyada sinqari, Türkiyədə çingənə, İranda lülü adı ilə tanınan qaraçılar dünyaya səpələnmiş hind mənşəli etnik qrup olsa da, onlar əsasən Avropada çoxluq təşkil edirlər. Tədqiqatçılara görə, Bu tayfa Avropaya ilk dəfə 1417-ci ildə gəlmiş, Yunanıstanın “kiçik Misir”deyilən yerdə məskunlaşmışlar. Qaraçılar bütün dünyanın onların vətəni olduğunu deyirlər. Getdikləri ölkənin dinini qəbul edirlər. İslam ölkəsində müsəlman, digər ölkələrdə katolik ya provaslav olurlar. Öz dilləri roman dili (hindmənşəli) olsa da, yuxarıda qeyd olunduğu kimi, məskən saldıqları yerin dilin də mənimsəyirlər.  Bu etnik qrupun özünə görə mədəniyyəti, zəngin musiqisi, maraqlı adət-ənənələri var. Bu tayfanın  öz adət-ənənələrini dəyişmək kimi fikirləri olmur. Məsələn, qaraçı adətinə görə, onların qızı yalnız qaraçı oğlanla evlənə bilər. Bu onların ali qanunlarından biridir. Müasir dövrdə bir çox qaraçı oğlanın azərbaycanlılarla ailə qurmasının şahidi oluruq.

Stalin repressiyalarının bir hissəsi olaraq Cənubi Qafqazda yaşayan qaraçılar 1936-cı ildən etibarən Qazaxıstana deportasiya edilmişdir. (Deportasiya qərarı 1956-cı ildə ləğv edilmişdir.) Bu səbəbdən də 1950–1970-ci illərdə Qazaxıstandan Azərbaycana kurmancdilli qaraçılar gəlməyə başlamışdır və onlar özlərini kürd adlandırırlar. Vaxt-zaman ötdükcə bu köçəri tayfaların bəziləri yerli camaatla bir-birinə qaynayıb qarışaraq oturaq həyat tərzinə keçmişlər. Beləki, ölkəmizin bir çox şəhər və rayonlarında onlar qrup yaxud pərakəndə şəkildə  yaşamaqdadırlar.

Dünyada olduğu kimi, bizim ölkədə də qaraçıların ümumi sayı bilinmir. Bu da onların bir çox ölkədə qaraçıların qeydiyyata alınmaması, daim köçəri həyat sürmələri və bir qisminin rəsmi sənədi olmadan yaşamasıyla əlaqədardır. Bugün də dəqiq sayı bilinməyən qaraçıların əsrlər boyu köçəri, dağınıq həyat sürmələri ilə yanaşı, bəlkə də, hər yeri özlərinə vətən saymaları bu insanların xalq, millət səviyyəsinə yüksəlməyinə imkan verməmişdir . Lakin 08.04.1971-ci ildə həmrəylik göstərərək Londunda ilk beynəlxalq konqresində qaraçılar milli bayraqları olduqlarını bəyan ediblər. Həmin bayraqda araba təkərinin təsviri onların köçəri həyat tərzi sürmələrinə işarə edir.

Qaraçıların oturaq həyat tərzinə keçmələri azərbaycanlılara inteqrasiya olunmasında mühüm rol oynamışdır. Bu İnteqrasiya səbəbindən qaraçı balalarının məktəblərimizdə, eləcə də, mənim dərs dediyim bəzi siniflərdə Azərbaycanlı uşaqlarla yanaşı təhsil aldıqlarının şahidi oluruq. Bugün də bu qism qaraçılar öz adət və ənənələrini qoruyub saxlamaqla dövlətimizin qanun və qaydalarına hörmətlə yanaşırlar. Bunun nəticəsidir ki, birinci və ikinci Qarabağ Müharibəsi vaxtı Azərbaycan Silahlı Qüvvələri sırasında xidmət etmiş qaraçı əsilli neçə-neçə əsgər və zabit erməni qəsbkarlarına qarşı mərdliklə vuruşmuşdur. Birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına həlak olmuş şəhid Gündüz Süleymanov bu etnik qrupa mənsub döyüşçülərdəndir. İkinci Qarabağ müharibəsində iştirak edənlər arasında 19 yaşında şəhid olan Samsun Şəmsəddin oğlu Babayevin atası "pars" qaraçılarından, anası isə Gürcüstan azərbaycanlısı idi.

Qaraçılar haqqında çoxlu bədii əsərlər yazılmış, onlarla bağlı bir neçə film çəkilmişdir. Onların həyat və fəaliyyəti rəssamların yaradıcılığından da kənarda qalmamış. Rəssamlardan S. Bəhlulzadənin “Qaraçı qadın” əsəri muna misaldır. Qaraçı musiqisi dünyada şöhrət tapan musiqi janrıdır ki, onun da öz pərəstişkarları var. Avropa ölkələri qaraçılardan çox xüsusiyyətlər götürüblər. Misal üçün, məşhur “Flaminqo” rəqsinin müəllifi qaraçılardır. Onlar haqqında çəkilmiş gözəl ekran əsərləri “Budulayın qayıdışı”, “Yeseniya”, bizim “Qaraca qız” filmi bu gün də sevilir. Onlar Azərbaycan musiqisini də mənimsəmişlər. Aşıq ənənəsi, muğam və oyun havaları qaraçılar arasında populyardır. Oxucuların nəzərinə onu da çatdıraq ki, repertuarı daim təzələnən, dünyada ən böyük qaraçı teatrı olan “Romen” adlı teatr Moskvada yerləşir. Məlumat üçün bildirək ki, dünyanın yeganə “Qaraçışünaslıq” İnstitutu var ki, o da, Fransada yerləşir.

Azərbaycanda etnik qruplara heç bir fərq qoyulmadığından qaraçıların hüquqlarını qoruyan xüsusi bir icma yoxdur. Azərbaycan hökuməti qaraçıları QHT layihələrinə cəlb etməyə cəhd göstərsə də, ictimaiyyətə görünməməyi arzulayan qaraçıların buna razı olmamasından və bəzilərinin sənədlərinin olmaması səbəbindən bu növ qaraçılar təhsildən, sosial təminatdan və tibbi xıdmətlərdəm məhrum qalırlar. Təəssüf ki, bu bir problem olaraq hələ də qalmaqdadır.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.