Xocalı nişanəsi Dürdanə... - UNUTMADIQ Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu gün “Unutmadıq” rubrikasında talenin yazısı ilə telefonçuluqdan əsirliyə, sonra ictimai xadimliyə və yazarlığa qədər yol keçmiş bir xanım barədə danışacağıq. Unutmadıqlarımız sırasında o da var, əlbəttə.

 

Dürdanə Ağayeva 1972-ci ilin 12 yanvarında Xocalı şəhərində anadan olub. Xocalı faciəsi zamanı 20 yaşı olan Dürdanə Ağayeva Xocalı rabitə qovşağında telefonçu işləyib. 25 fevral gecəsi Xocalıya edilən hücum zamanı Çətik meşəsinə qaçaraq sağ qalmağa çalışan Dürdanə xanım, Çingiz Mustafayevin Xocalı qurbanlarını çəkdiyi anlarda yaralanıb və qardaşı Elşadla birgə ermənilər tərəfindən əsir götürülüb.

Ayağından güllə yarası alan Dürdanə Ağayeva 8 gün  erməni əsirliyində çox ağır işgəncələrə məruz qalıb. Onu saatlarla soyuq suda saxlayıblar, zəncirlə, kəmərlə, dəyənəklə döyüblər. Amma bütün bu işgəncələrə baxmayaraq, Dürdanə xanım qardaşının yanında qalmağa qərar verib.

Dürdanə Ağayeva Milli Qəhrəman Allahverdi Bağırovun cəsarəti  sayəsində əsirlikdən xilas olub və digər əsirlərlə birgə bir gecədə geri qaytarılıb. 1992-ci ilin 4 martında əsirlikdən azad edilən Dürdanə xanım dərin psixoloji sarsıntı yaşasa da,  həyatına davam ermək üçün özündə güc tapıb.

Dürdanə xanım Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün fəal kimi çalışıb və "Erməni Zindanında 8 Gün" adlı kitabını yazıb. Xocalının azad edilməsi Dürdanə Ağayevanın ən böyük arzusu idi. Xəstəliyinin son dövründə, Xocalının azad edildiyini eşidən an, sevincdən heykəl kimi yerində donub qalıb. Bu an onun həyatının ən böyük, ən sevindirici anı olub.  Dürdanə Ağayeva uzun illər xərçənglə mübarizə apardıqdan sonra 2024-cü ilin 4 avqustunda dünyasını dəyişib. Onun xatirəsi Xocalı və Azərbaycanın tarixinə sonsuza qədər həkk olunub.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.