“Muğam mənim yaralı yerimdir”- söyləyirdi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün yazıçı, tədqiqatçı Gülhüseyn Kazımovun anım günüdür.

 

Ümidim yollarım üstə,

İşıq olub, mayak olub.

O, ən ağır günlərimdə,

O, ən xoşbəxt günlərimdə

Hayan olub, dayaq olub.

 

Azərbaycanın ictimai xadimi Gülhüseyn Kazımlı 1950-ci il, 4 fevralda Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. 1966-cı ildə Cəbrayıl qəsəbəsindəki M. Qorki adına orta məktəbi bitirərək 1967-ci ilə kimi rayondakı "1 May" kolxozunda əmək fəaliyyətinə kolxozçu kimi başlayıb.

Azərbaycan Pedaqoji İnstitutunu, Bakı Ali Partiya Məktəbini, Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını və Bakı Biznes Universitetini bitirib. O, Dövlət qulluğunun baş müşaviri, Filologiya elmləri üzrə fəlsəfə doktoru da olmağa macal tapıb.

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin orqanı olan "Torpaq" qəzetinin baş redaktoru və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komissiyasının işçi qrupunun üzvü də olub.

Və bir bənd şeirini dərc etməklə onu vurğuladım ki, Gülhüseyn müəllimin şeir yaradıcılığı da olub. “Vətən sevgisi”, “Yollarda ömür”, “Mənə inan”,  “İnsanın dərki”, “Ümid yeri”, “Heydər Əliyevin yadigarları” və “Seçilmiş əsərləri” kimi bədii və publisistik  kitabları işıq üzü görübdür, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olubdur.

Azərbaycan Muğam tarixinin öyrənilməsi istiqamətində önəmli araşdırmalar və əsərlərin müəllifi olan Gülhüseyn bəy iyirmi kitabın, bir monoqrafiyanın müəllifidir. Son illər o,  Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" və "Dəyirmi masa" layihələrinin koordinatoru kimi görkəmli muğam korifeylərinin həyatı va fəaliyyəti haqqında elmi- tədqiqat işləri aparıb.

2022-ci ildə böyük Azərbaycan xanəndəsi Məşədi Məmməd Fərzəliyevin 150 illik yubileyi münasibətilə "Salam, Məşədi" kitabını çap etdirib.

Xatirələrində deyirdi ki, “Hara getsəm də filologiya, jurnalistika sahəsində qazandığım təcrübə həmişə əlimdən tutub. 10 il Nazirlər Kabinetinin redaktə qrupunun rəhbəri işlədim, hökumət sənədlərinin dil-üslubuna, orfoqrafiyasına baxırdıq. Bir neçə il Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Aparat rəhbəri işlədim, orada da təxminən bu işlərlə məşğul idim, sənədlərin tərtibatı, sənəd dövriyyəsi, ərizə və şikayətlərə baxılması, kollegiyaların keçirilməsi və s..

Reyestr Xidmətində işlədiyim müddətdə mülkiyyət hüquqlarının qediyyatı haqqında qanunvericiliyi, torpaq qanunvericiliyini mənimsədim, bizim qanunvericiliyə görə əmlak üzərində olduğu torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi qediyyata alınır, bunları öyrənməsəydim, nə işçilərlə, nə də müraciət edən şəxslərlə işləyə bilərdim. Xidmətdə çalışdığım müddətdə Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyyatı tarixi ilə bağlı da müəyyən araşdırmalar aparmışam.

Milli arxivimizdə bu sahədə xeyli bəlgələr var. Gözəl bir doktorluq işinin mövzusudur, həvəs göstərib yazan olsa, kömək etməyə hazıram. Mülkiyyət hüquqlarının tarixi xalqımızın ümumi tarixinin ayrılmaz tərkib hissəsidir. Bu sahənin tədqiqinə çox ciddi ehtiyac var.

Ümumiyyətlə, mən təbliğatçı olmuşam, təbliğatçı qulluq etdiyi dövrün, zamanın ideologiyasını təbliğ etməlidir. Təbliğatçı bir günə yetişmir, nəyisə təbliğ etməyin özü də böyük bir istedaddır. Təbliğ edən təbliğ olunanı inandıra bilmirsə demək təbliğatçı deyil. Ona görə işlədiyim illərdə çalışmışam ki, təbliğatı elə aparım ki, insanlığa yönəlmiş təbliğat olsun”…

Şair, yazıçı, ictimai xadim Gülhüseyn Kazımov çox işgüzar adam idi. Yaşı yetmiş dördü keçsə də bir yerdə dayanmağı xoşlamırdı, necə deyərlər, civə kimi qaynayırdı. Son illər özünü Azərbaycan musiqisinin şahı muğama həsr etmişdi. Tez-tez korifey muğam ustalarının həyat və yaradıcılığına həsr olunmuş tədbirlər təşkil edirdi.

 Doğrudur, bu tədbirləri Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində icra edirdi, amma böyük ürəklə, xüsusi həvəslə həyata keçirirdi. İndiyədək Bülbülcanın, Seyid Şuşinskinin, Hacıbaba Hüseynovun, Şövkət Ələkbərovanın, Həqiqət Rzayevanın, məşhur qarmon ifaçıları Kor Əhədin, Teyyub Dəmirovun və s. sənətkarların həyat və yaradıcılığına həsr olunmuş musiqili gecələr təşkil etmişdi. Onların arasından Kor Əhəd və Bülbülcan haqqında iki kitab da ərsəyə gətirmişdi...

 

1978-ci ildən üzü bəri ona yaxın həm nəsr və həm də nəzm kitabı işıq üzü görmüşdü. Şeirlərinə Şəfiqə Axundova, Oqtay Rəcəbov, Nəriman Məmmədov, Azər Rzayev kimi bəstəkarlar mahnılar da bəstələmişdi. Bu mahnıları İlhamə Quliyeva, Təranə Vəlizadə, Baba Mahmudoğlu, Flora Kərimova və başqa tanınmış sənətçilər ifa etmişdilər…

Publisist Elman Eldaroğlunun yazdığına görə, Gülhüseyn Kazımov hədsiz marqlı insanidi. Səyahət etməyi xoşlayırdı. Ömrü boyu otuza yaxın Avropa, Amerika, Asiya ölkələrində səfərdə olmuşdu. Klassiklərin əsərlərini mütaliə etməkdən zövq alırdı. Muğamın vurğunu idi. Dinlədikcə vəcdə gəlir, gözləri yaşarırdı. “Muğam mənim yaralı yerimdir”- söyləyirdi. Arzuları çox idi. İstəyirdi ki, ata-baba yurdu Cəbrayıla rahat gedib gələ bilsin...

Bəli, hər kəs varlığına biçilən taleyi yaşayır. Gülhüseyn Kazımov da öz taleyini yaşayıb, sonda əbədiyyətə qovuşdu. Yeri behişt olsun! O, 2024-cü ilin 24 fevral tarixində 74 yaşında haqq dünyasına qovuşdu.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.