Niyə məhz 1:6? Featured

Anar Xanlarov,

futbol icmalçısı. “Ədəbiyyat və incəsənət”

 

Soyuq başla nə yazmaq olar? Əslində, elə isti başla da indi yazacaqlarımın 90 faizini yazacaqdım. Məğlubiyyət gözlənilən idi. Amma hesab çox gözlənilməz oldu. Bu hesab olmalı deyildi.

 

Bəziləri yenə iki ölkənin futbolundakı, çempionatındakı fərqi atacaq ortaya, bizdə var axı, udanda "Qarabağ"ı edirlər Avropa səviyyəli klub, uduzanda heyəti, büdcəni, tarixi atırlar ortaya. Bu "Qarabağ" "Nyukasl"dan daha güclü, daha bahalı, daha tutullu "Çelsi"nin başına Bakıda oyun açmadı? Yaxud "Ayntraxt"ı, "Benfika"nı məğlub edən dünənki futbolçular deyildi? Demək ki, səbəb başqadır. Mən “Qarabağ”ın avrokuboklarda evdə indiyə qədər bu qədər aciz oynadığını, 6 qol buraxdığını xatırlamıram. Bakıya “Arsenal”, “Tottenhem”, “Roma”, “Bayer”, “Çelsi”, “Borussiya”, “Fiorentina” kimi komandalar gəlib və hər biri də burda layiqli müqavimət görüb. Niyə bu müqavimət dünən olmadı? Səbəb sadədir: “QARABAĞ” “NYUKASL”LA OYUNA HAZIR DEYİLDİ! Nyə hazır deyildi? Bunun da səbəbini Qurban Qurbanov “İmişli” ilə oyundan sonra demişdi.

Deyəndə, yazanda pis adam oluruq. Hətta bəziləri gəlib adama ağıl verir. Onsuz, bizdə sözün düzünü, reallığı deyən adam həmişə pis adam olur. Biz “Qarabağ”a, ölkəmizə düşmənik? Bu cür nəticənin olmaması üçün yazdıq, dedik, amma təəssüf ki, faydası olmadı. “Neftçi” ilə oyunun təxirə salınmasına sərf olunan vaxt, zaman, enerji “Nyukasl”la oyunun hazırlığına sərf olunmalı idi. Əgər “Nyukasl”la oyuna daha yaxşı hazırlıq üçün hansısa matç təxirə salınmalı idisə, bu matç “Neftçi” ilə yox, “İmişli” ilə matç olmalı idi. Çünki sən “Nyukasl”la ilk matç öncəsi məhz “İmişli” ilə üz-üzə gəlirdin. Şəxsən mən dəfələrlə Quba stadionunda olmuş adam kimi əmin idim ki, o palçıqda oynamaq “Qarabağ”ın əlehinə olacaq. Üstəlik, ondan əvvəl qarlı-şaxtalı Şamaxı səfərində onsuz da yetəri qədər güc itirmişdi. “İmişli” ilə oyunu təxirə salıb rahat şəkildə “Nyukasl”la oyuna hazırlaşmalı idi. Demirəm ki, “İmişli” ilə oyun təxirə salınsa idi “Qarabağ” çıxıb “Nyukasl”ı udacaqdı. Ən azı hesab belə olmazdı. İndi bir adam çıxsın mənə “Neftçi” ilə oyunun təxirə salınmasının məntiqini və mənasını izah etsin. Kimsə cavab oyunu ilə aradakı vaxt azlığını və yolun uzunluğunu səbəb göstərəksə, o da boş söhbətdi.

 

Birincisi, bunu nəzərə almaq lazımdır ki, biz UEFA üzvü olsaq da, ərazi olaraq, daha çox Asiya qitəsinə məxsusuq. Ona görə də avrokuboklarda əksər səfərlər bizim üçün uzaq düşür. Hər dəfə bunu qabardacayıqsa, o zaman UEFA-dan çıxaq Asiyaya qatılaq. UEFA üzvüyüksə, uzaq məsafə söhbətini qoymalıyıq bir qırağa. Bura gələn komandalar üçün də Bakı səfəri ən uzaq və yorucu səfər sayılır. İngilislər Bakıya raketlə yarım saata gəlməmişdi, onlar da uzaq yol qət etmişdilər.

O ki qaldı vaxt azlığına, bu mərhələdə oynayan komandaların hamısı sıx qrafikdə oynayır. “Qarabağ” da bu cür qrafikə uyğunlaşmalıdır, illərdi avrokuboklarda qruplarda oynayır. “Nyukasl” “Tottenhem”lə ağır səfər matçı oynayıb Bakıya gəlmişdi. Burdan da gedib fevralın 22-də “Mançester Siti” ilə daha bir ağır oyuna çıxacaqlar. Fevralın 24-də isə “Qarabağ”I qəbul edəcəklər.  3 gün sonra isə “Everton”la qarşılaşacaqlar.

Yaxud “İnter”. Səfərdə “Bode Qlimt”ə məğlub oldular və turu keçməmək təhlükələri var. Amma Norveçdən gedib fevralın 21-də “Leççe” ilə üz-üzə gələcəklər. 3 gün sonra isə “Bode Qlimt”lə cavab oyunu. Heç bir təxirəsalma da müzakirə mövzusu deyil. Deyə bilərsiniz ki, bunlar top komandalardı, “Böyük beşliy”I təmsil edirlər, amma Çl-də pley-off oynayan heç bir komanda nə öncə, nə də sonra təxirəsalmaya getməyib.

“Olimpiakos” fevralın 14-də “Levadiakos” səfərinə gedib, dünən “Bayer”i qəbul edib, sabah yox bürügün Yunanıstan çempionatında “Panetolikos”la oynayacaq. Özü də orda da çempionluq uğurunda amansız mübarizə gedir və AEK, Olimpiakos, PAOK-un bir-birləri ilə xal fərqləri cüzidir.

Eləcə də “Brügge”. Fevralın 15-də “Serkle Brügge” səfərinə gediblər, dünən “Atletiko” ilə oynadılar, sabah yox bürügün  də Belçika çempionatında “Leuven”lə üz-üzə gələcəklər. Bundan 3 gün sonra isə Madriddə “Atletiko” ilə cavab matçına çıxacaqlar. Görürsünüz ki, hamı sıx qrafikdə oynayır, heç kim də oyunlarını təxirə salmır. Çünki buna hazırdılar, planlarını, heyətlərini buna görə qururlar. “Qarabağ” da buna getməlidir. “Neftçi” ilə oyunu təxirə salmaq yox, oynamaq lazım idi. Qurban Qurbanov hər zaman deyir ki, “böyüməliyik”, böyümək tək Avropanın tanınan klubları ilə oynamaqla olmur, bu cür məsələlərdə də  böyüməliyik. “Qarabağ” onsuz da yaxşı mənada boyundan  çox yuxarı tullandı, ÇL-in pley-offunda oynamaq tarixi bir hadisə, böyük bir uğur idi. Bu mənada “Qarabağ”ın, Qurban Qurbanovun Azərbaycan futbolu üçün etdiklərini danmaq ən böyük vicdansızlıq olardı. Bir dəfə də demişdim, “Qarabağ” Azərbaycanı Avropada, dünyada tanıtmaq baxımından xarici işlər nazirliyindən çox iş görür. Amma çatışmayan cəhətləri, nöqsanları da demək lazımdır. Çox adam demir, toxunmur, deyən də pis adam olur, amma olsun. Biz də bunu “Qarabağ”ın, Azərbaycan futbolunun xeyiri, uğurlarının daha böyük olması üçün deyirik. Buna görə pis adam olacayıqsa, mən pis adam olmağa hazıram.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.