Məktəb direktoru, ictimaiyyətçi, el ağsaqqalı, şair, xeyriyyəçi... Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Belə bir şeir:

Elə ki yetişdin altmış yaşına,

Özün-öz yolunu seç yavaş-yavaş.

Gözəlləri görsən bulaq başında,

Dinməzcə böyründən keç yavaş-yavaş.

 

Daha kimsə sənlə olmaz aşina,

Dilinə güc vermə, bir bax yaşına.

Kişi, yüyürməsən mənzil başına,

Çata bilərsənmi heç yavaş-yavaş?

 

Yaxud belə:

Yamanlığın arxasınca daş at sən,

El yolunda ver canını, baş at sən.

Öz əslini, öz nəslini yaşat sən,

Baban kimi, Atan kimi şöhrətlə.

 

Sən qulaq as saf vicdana, ürəyə,

Ələ əl ver, kürək söykə kürəyə.

Vəfalı ol məhəbbətə, çörəyə,

Öz süfrəni bəzə halal nemətlə.

 

Yaxud da belə bir bənd:

 

Məhəbbətin yolunu,

Sədaqətin yolunu,

Həqiqətin yolunu,

Keçə-keçə yaşadım.

 

Klassik şeirimizin qayda-qanunları, ölçü-biçimi ilə ərsəyə gələn bu misralar Asim Qazıyevə məxsusdur. Çoxunuza bu ad heç nə demədi. Amma hərdən tanış olmayan adlara da diqqət etmək gərəkiyir.

Asim Qazıyev 10 may 1926-cı ildə Samux rayonunda anadan olub. Kirovabad (Gəncə) 3 nömrəli Tibb məktəbində (indi Gəncə Tibb Kolleci) oxuyub. 1946-cı ildə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna daxil olub, 1950-ci ildə dil-ədəbiyyat ixtisası üzrə tam kursu bitirib.

Müəllimlik arzusu onu doğma Samux rayonuna qaytarıb, orta məktəbə direktor təyin olunub. 1954-cü ildə Mingəçevir su anbarının tikintisi ilə əlaqədar Samuxun bir neçə kəndi Bərdə rayonuna köçürülüb. Asim Qazıyev fəaliyyətini Bərdə rayonunun Leninabad (Samuxlu) kəndində davam etdirib. Çiy kərpicdən, sonra ağ daşdan məktəb binası tikdirib.

 Qabaqcıl məktəb direktoru, ictimaiyyətçi, el ağsaqqalı, şair kimi tanınıb. 1960-cı ildə maarif naziri Mehdi Mehdizadənin imzası ilə Azərbaycan SSR Maarif Nazirliyinin "Qabaqcıl maarif xadimi" döş nişanına layiq görülüb. Azərbaycan SSR Maarif Nazirliyinin 11 avqust 1988-ci il tarixli əmri ilə "Metodist müəllim" adı verilib.

14 yaşından şeir yazmağa başlayıb. Özünə Asim Sevdalı təxəllüsü götürüb. Tələbəlik illərində institutda ədəbiyyat dərnəyinə rəhbərlik edib. İlk dəfə "Mənim yurdum" adlı şeri 1948-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap olunub. Azərbaycan Yazıçılar İttifaqının (AYB) Kirovabad (Gəncə) filialının üzvü olub. 1996-cı ildə Asim Sevdalının "Qələmin qüdrəti yaz, deyir mənə" adlı şer kitabı nəşr olunub

Asim Qazıyev xalq artisti, bəstəkar və dirijor Nəriman Əzimovun bəstələdiyi sevilən "Gözəl Gəncəmiz" və "Ümid çırağı" ("Könül sevinci") adlı mahnıların mətninin müəllifidir. 2016-cı il may ayında 90 illik yubileyi münasibətilə şairin "Xeyli sözüm var" adlı şeir kitabı çapdan çıxıb. 2018-ci ildə "Ürəkdən soruş" (ISBN 978-9952-8176-0-7) adlı üçüncü şeir kitabı nəşr olunub.

2025-ci ildə ""Ürək o ürəkdir" adlı yeni kitabı çap olunub. Kitabın redaktoru Fimar Asimqızı, tərtibçisi isə Firuq Qazızadədir. Kitabda şairin indiyə kimi çap olunmayan şeirləri və "Nazim Hikmət" adlı poeması yer alıb. 2024-cü ildə nəşr edilmiş "Sevdalı dünyamız" adlı ədəbi-bədii, elmi-publisistik məcmuədə şair Asim Qazıyevin də həyat və yaradıcılığından söz açılıb, onun şeirlərinin bəzisi kitabda dərc edilib.

Həmin ildə İstanbulda nəşr edilmiş "Şam işığı" adlı ədəbi məcmuənin 5-ci nömrəsində də Asim Qazıyevin şeirləri yer alıb. 2024-cü ildə nəşr edilən "Müəllimlərimiz" adlı ədəbi-bədii, elmi-publisistik məcmuənin 3-cü nömrəsində şair Asim Qazıyevin şeirlərinin bir qismi dərc olunub. 2024-cü ildə professor M. Çobanov adına Xeyriyyə Fondunun nəşr etdirdiyi "Qəlbimin səsi" adlı ədəbi-bədii, elmi-publisistik məcmuədə də şair Asim Qazıyevin şeirlərinin bir qismi dərc edilib

 

Kitabları

- "Qələmin qüdrəti yaz, deyir mənə"

- "Xeyli sözüm var"

- "Ürəkdən soruş"

- "Ürək o ürəkdir"

 

Asim Qazıyev 1990-cı ildə səhhəti ilə əlaqədar təqaüdə çıxıb və Gəncə şəhərinə köçüb. 1999-cu il fevral ayının 19-da Gəncədə vəfat edib. Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.