Elmi fəaliyyətində ədəbiyyat tarixçiliyi mühüm yer tutan professor Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Dəyərli filoloqumuz.

Dəyərli ədəbiyyatçünasımız.

Dəyərli tədqiqatçımız.

Dəyərli ziyalımız.

Asig Rüstəmli barədə danışırıq. Bu gün onun doğum günüdür, 72 yaşı tamam olur.

 

Asif Rüstəmli 16 fevral 1954-cü il Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub, 1982-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1988-ci ilin yanvar ayında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müsabiqə yolu ilə daxil olub, baş laborantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifəsinədək yüksəlib, "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzinin (indiki AMEA Folklor İnstitutunun) direktoru, Elmi nəşrlər bölməsinin və Mətbuat tarixi və publisistika şöbəsinin müdiri vəzifələrində işləyib.

Asif Rüstəmlinin elmi fəaliyyətinin əsas istiqamətini cabbarlışünaslıq təşkil edir. O, Cəfər Cabbarlının kitablarına salınmayan 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini ilk dəfə toplayıb, ərəb qrafikasından transliterasiya edib və tərtibçisi olub, ön söz, qeydlər və şərhlər yazaraq "Ədirnə fəthi" adı ilə 1996-cı ildə "Elm" nəşriyyatında çap etdirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan C. Cabbarlının dörd cildlik "Əsərləri"nin də tərtibi, ön sözü və şərhləri Asif Rüstəmliyə məxsusdur. O, bu nəşrə "Bədii həqiqətlər ustası" sərlövhəli, yeni faktlar əsasında 39 səhifəlik ətraflı giriş yazıb, sovet senzurasının yersiz redaktələrinə məruz qalmış əsərləri müəllif əlyazmaları əsasında bərpa edib, bir sıra nümunələr ilk dəfə çoxcildlikdə işıq üzü görüb.

Asif Rüstəmli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ədəbiyyat, mədəniyyət və incəsənət mövzusunda 30 illik dövrü əhatə edən məruzələrini, çıxışlarını söhbətlərini toplayıb tərtibləyərək 2000-ci ildə "Nəcib, mənəvi idealların tərənnümü" və "Müdriklik mücəssəməsi"adlı əsərlərini çap etdirib, ulu öndərin "Ədəbiyyatın yüksək borcu və amalı" kitabının redaktoru olub.

Professor Asif Rüstəmlinin elmi fəaliyyətində ədəbiyyat tarixçiliyi mühüm yer tutur.

O, 10 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin VI cildində yer alan "Əbdül Rəhman Dai", VII cildinin birinci hissəsində çap olunan "Hacı Kərim Sanılı", "Cəmo bəy Cəbrayılbəyli", "Cəfər Cabbarlı" (Həyatı), "Salman Mümtaz", "Mustafa Quliyev", "Böyükağa Qasımzadə", "Repressiya və ədəbiyyat", IX cilddə nəşr edilən "Bayraməli Abbaszadə" və s. icmal və elmi oçerklərin müəllifidir.

O, 20 kitabın, 400-ə yaxın elmi, elmi-publisistik məqalənin və məruzənin müəllifi, 20-dən çox kitabın tərtibçisi, 2 kitabın tərcüməçisi, çoxsaylı kitabların redaktoru və rəyçisi olub, onlara ön söz yazıb. Beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə (bazasına) daxil olan jurnallarda məqalələri yayımlanıb, 4 kitabı fars və türk dillərində nəşr edilib, Elmi məqalələri xarici ölkələrdə türk, ingilis, rus, fars, polyak və macar dillərində çap olunub.

Moskvanın "Kinoprodukt" Studiyasının çəkdiyi "Əfsanənin əks üzü" seriyasından "26 Bakı komissarı" (Moskva, Zvezda TV, 2008) sənədli filminin elmi məsləhətçisi olub və filmdə çıxış edib. O 1992–1996-cı illərdə Azərbaycan Televiziyası ilə gedən "Yaddaş", "Tarix bizə nə deyir" verilişlərinin ssenari müəllifi və aparıcısı olub.

Asif Rüstəmli "Cəfər Cabbarlı və ədəbi-mədəni mühit" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, bir sıra beynəlxalq elmi konfransların, simpoziumların iştirakçısı olub. Ankara, Bağdad, Tehran, Təbriz, Bəsrə, Urmiya, Varşava, Tomski, Elazığ, Budapeşt, Diyarbəkir, Astana, Balıkəsir və digər ölkə və şəhərlərdə keçirilən beynəlxalq elmi tədbirlərdə iştirak və məruzələr edib.

 

Elmi əsərləri

1. Tufanlardan keçən ömür

2. Ədəbi istiqlalımız

3. Cəfər Cabbarlı: həyatı və mühiti

4. Mütərcim Cəfər Cabbarlı

5. Bayraməli Abbaszadə: mühiti və mücadiləsi

6. Cəmo bəy Cəbrayılbəyli: həyatı, mühiti və bədii yaradıcılığı

 

Kitabları

- Cümhuriyyət məfkurəsi

- Elazığ — Bakü kültür ve sanat faaliyetleri

- Ədəbiyyatşünaslıq elminin məbədi (Akademik İsa Həbibbəyli ilə müştərək)

- Ədəbi redaktənin əsasları (Tarixi, nəzəriyyəsi, təcrübəsi)

 

Mükafatları

- Ankaradakı Azərbaycan Kültür Dərnəyinin mükafatı

- C. Cabbarlı mükafatı komissiyasının "Xüsusi diplom"u

- Cəfər Cabbarlı mükafatı

- Varşava Universitetinin "Sertifikat"ı

- ADMİU — 90. Xatirə medalı

- Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin "Fəxri fərmanı"

- Elazığ (Türkiyə) valisinin xüsusi mükafatı

- İstanbulda fəaliyyət göstərən Türk Ədəbiyyatı Vəqfinin "Türk Ədəbiyyatına Xidmət Baratı"

- Azərbaycan – Türkiyə Dostluq Dərnəkləri Federasionunu mükafatı

- AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "İlin Alimi" mükafatı

- Ağcabədi Rayon İcra Hakimiyyətinin "Fəxri fərmanı"

- TÜRKSOY-un Teşekkür Belgesi

- Türk Edebiyatı Vakfının "Ahmed Kabaklı" medalı

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.