Tanınmış ağdamlılar: Süleyman Zeynalov Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Zeynalov Süleyman Məhərrəm oğlu 1924-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, bir müddət Əlimədədli, Xaçındərbənd kənd orta məktəblərində müəllim, dərs hissə müdiri işləmiş, sonra orduya səfərbərliyə alınaraq Böyük Vətən müharibəsində iştirak etmiş, müharibədən qayıtdıqdan sonra Azərbaycan Pedaqoji İnstitutunun tarix fakultəsinin qiyabi şöbəsinə qəbul olmuş və 1951 ci ildə həmin fakultəni bitirmişdir.

 

O, Ağdamda çıxan "Lenin yolu" qəzetinə redaktor təyin olunmuş, sonra rayon partiya komitəsinin ikinci katibi, rayon icrayyə komitəsinin sədri kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən  1974-cü ilə qədər Ağdam şəhər 1 nömrəli orta məktəbdə çalışmış, 1964-cü ildə dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.

Zeynalov Süleyman Məhərrəm oğlu 1970-ci ildə Xankəndində açılmış pedaqoji instituta dəvət olunmuş, 1974-cü ildən ömrünün sonuna kimi orada müəllim işləmiş, tarix fakultəsinin dekanı olmuşdur.

O, təlim tərbiyə problemləri, məktəbə rəhbərlik və nəzarət məsələlərinə dair 19 kitabın, 500-dən çox məqalənin müəllifi olmuşdur.

Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun elmi müxbiri olan  Zeynalov Süleyman Məhərrəm oğlunun  əməyi dövrünün dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, "Qırmızı Əmək Bayrağı"ordeni, "SSRİ nin maarif əlaçısı", "Qabaqçıl maarif xadimi" döş nişanları, "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur."Qabaqçıl ali məktəb işçisi"döş nişanına layiq görülmüşdür.

İstedadlı alim Zeynalov Süleyman Məhərrəm oğlu 13 sentyabr 1994-cü il də vəfat etmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.