Təhsil bərabərdir təlim, üstəgəl tərbiyə Featured

 

 

Akif Cahangiroğlu,

Oğuz Rayon Mərkəzi Xəstəxanasının həkimi. “Ədəbiyyat və incəsənət” üçün

 

 

Bir vaxtlar belə bir düstur vardı: “Təhsil bərabərdir təlim üstəgəl tərbiyə”.

Haradan gəlirdi bu düstur? Həmin düstur, klassik maarifçilikdən, sovet pedaqogikasından, hətta daha dərindən Aristotelçi paideia anlayışından gəlirdi.

 

Orada, təlim bərabər idi bilik və bacarığa. Tərbiyə isə  xarakter, sərhəd, məsuliyyət, ictimai norma idi. Yəni, məktəb yalnız öyrətmirdi, formalaşdırırdı. Ahəngdar bir vətəndaş yetişdirməyə, ideal insan – nəcib insan  yaratmağa çalışırdı.

Niyə bu düstur dağıldı? 

Modern dövrün utilitar basqısı nəticəsində XXI əsrdə təhsildə sual dəyişdi.   "Bu insan kim olacaq?" sualı  "Bu insan nə bacaracaq?" sualı ilə əvəz olundu.

Bazar iqtisadiyyatı üçün bacarıq ölçüləndir, xarakter isə ölçülmür. Ölçülməyən şey isə hesabatdan, reytinqdən, statistikadan çıxarılır. Beləcə tərbiyə sistem xaricinə atıldı.

Tərbiyə norma qoymaq, sərhəd çəkmək, "bu olmazdır”. Bu isə valideyn etirazı, hüquqi risk, sosial şəbəkə qalmaqalı deməkdir.

Nəticədə məktəb təlimi saxladı, tərbiyəni "ailənin işidir" deyib kənara qoydu. Amma ailə də eyni anda vaxtsız, səriştəsiz, yüklü vəziyyətə düşdü. Ortada etik boşluq yarandı.

Prinsip olaraq uşaq mərkəzlilik doğrudur. Amma praktikada bu tez-tez təhrif edilərək: uşaq mərkəzlidir, uşaq haqlıdır, uşaq azaddır, uşaq məsuliyyət daşımamalıdır, uşaq travma yaşamamalıdır, uşaq sərhəd görməməlidir və s. şəklinə salındı.

Bu isə tərbiyəni zorakılıqla səhv salmağa gətirdi. Nəticədə intizam bərabərdir travma, cəza bərabərdir  basqı kimi oxunmağa başladı.

Beləliklə, məktəb ictimai institut olmaqdan çıxıb, xidmət göstərən quruma çevrildi. Valideyn müştəri, şagird müştəri, məktəb xidmətçi oldu.

Xidmətçi norma qoymaz, tərbiyə etməz, "razı qalmağı" əsas götürər. Bu mühitdə tərbiyə kommersiya baxımından təhlükəli olur.

Tərbiyə üçün müəllimin avtoriteti olmalıdır. Amma müəllimin sosial statusu aşağı salındı, hüquqi müdafiəsi zəiflədi, "xidmətçi" kimi təqdim olundu.

Avtoriteti olmayan müəllim tərbiyə edə bilməz, yalnız material ötürər.

Tərbiyə məktəbdən çıxanda onu sosial media, küçə norması, "güc kultu", görünən zənginlik estetikası doldurdu.

Və bu "tərbiyə" nə məsuliyyət tanıyır, nə sərhəd. Təhsil tərbiyəni itirəndə, bilik gücə, güc isə təhlükəyə çevrilir.

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2026)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.