“Ədəbiyyat və incəsənət” portalının “Tanınmış qubalılar” rubrikasında Milli Məclisin deputatı, yazıçı, əslən Qubadan olan Əlibala Məhərrəmzadə doğum və anım günləri olan tanınmış qubalılar barədə oxucularımızı məlumatlandırır. Bu məlumatlar sonucda bu insanları xüsusən gənclərə tanıtmaq, doğum günləri olanları təbrik etmək, anım günləri olanlara isə Allahdan rəhmət diləmək məqsədi daşıyır.
4 fevralda doğum günü olan qubalılarımızdan biri - hərbçi Kamil Məmmədov 4 fevral 1942-ci ildə Quba şəhərinin Müxtədir küçəsindəki 45 nömrəli evdə doğulmuşdur. 1 nömrəli şəhər orta məktəbini bitirmişdir. 1959-cu ildə Qubadakı kənd təsərrüfatı texnikumuna daxil olmuş, tərəvəzçi ixtisası üzrə texnikumu bitirmişdir.
12 noyabr 1963-cü ildə hərbi xidmətə çağırılmış, üç il Brest şəhərindəki artilleriya alayında xidmət etmişdir. Üçillik Tambov şəhərindəki hərbi artilleriya məktəbini 1967-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. Hərbi məktəbi əla qiymətlərə bitirdiyinə görə Almaniya Demokratik Respublikasına göndərilmişdir.
1973-cü ilə kimi orada xidmət etmişdir. 1973-cü ildə baş leytenant rütbəsində baş qərargahın arxa cəbhə və Nəqliyyat Akademiyasına imtahan verib qəbul olunmuşdur. 1976-cı ildə akademiyanı mayor rütbəsində bitirmiş, Ukraynaya diviziya komandirinin müavini vəzifəsinə göndərilmişdir. Ona 1979-cu ildə podpolkovnik rütbəsi verilmişdir. Baş Qərargah Akademiyasında çalışmışdır.
Mükafatları
1. Üçüncü dərəcəli "SSRİ-də Vətənə xidmətə görə" kavaler
2. "Əfqanıstanda İgidliyə görə" ordeni
3. 13 medal
1989-cu il bir noyabr tarixli qərarı ilə general-mayor rütbəsi ilə təltif olunan Kamil Məmmədov haqlı olaraq Qubamızın hərb tarixinə adını böyük hərflərlə yazdırmışdır.
Kamil Məmmədov 14 iyul 2023-cü ildə, 81 yaşında, vəfat etmişdir.
Allah rəhmət eləsin Amin!
“Ədəbiyyat və incəsənət”
(04.02.2026)


