Parisin məşhur jurnalı ardıcıl bir neçə sayında ona yer ayrımışdı... Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Akademik Məmməd Arif elmimizə çox böyük töhfələr veribdir. Onun varisi və davamçisi Araz də ata yolunu davam etdirdi. Bu gün söhbətim Araz barədədir. Anadan olmasının 90 illik yubileyi günü xatırlanmağı haqq edir bu görkəmli alimimiz.

 

Tanınan tədqiqatçı-alim, əməkdar elm xadimi Araz Dadaşzadə 1936-cı il yanvarın 30-da Bakı şəhərində akademik Məmməd Arif və görkəmli pedaqoq Zümrüd Axundovanın ailəsində anadan olub. 1952-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olub. 1953-cü ildə həmin fakültə bağlandığından, təhsilini Universitetin tarix fakültəsində davam etdirib.

 1957-ci ildə bu təhsil ocağını uğurla bitirib. O, 1957–1960-cı illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Azərbaycan Tarixi muzeyində işləyib. 1960–1963-cü illərdə Respublika Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyub.

 O, 1963–1966-cı illərdə burada kiçik elmi işçi, 1968–1976-cı illərdə isə İnstitutun orta əsrlər şöbəsinin baş elmi işçisi olub. 1988–1990-cı illərdə, yəni ömrünün sonunadək Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsində çalışıb.

Tədqiqatçı alim dövri və xüsusi nəşrlərdə onlarala tənqidi və elmi məqalələrini müntəzəm surətdə çap etdirib. O, ədəbiyyat və kino ilə yanaşı, teatr, musiqi, təsviri sənət və digər sahələrlə əlaqədar məqalə və rəylərin müəllifidir. Gənclik illərində hekayələr də yazıb və onların bir qismi "Azərbaycan", "Kirpi" və bir sıra digər nəşrlərdə çap olunub.

Araz Dadaşzadə "Böyük türkmən şairi Məxdumqulu", "Aşıq Qurbani, 55 şeir", "Aşıq Abbas Tufarqanlı, 72 şeir" və digər kitabların ön söz müəllifi və tərtibçisidir. Onun "Historie de la litte’rature azerbaidjanaise" ("Azərbaycan ədəbiyyatının tarixi") məqaləsi M. Quluzadə ilə birlikdə) Parisdə "Bedi Kartlisa, revue de kartvelogie" jurnalının bir neçə nömrəsində çap olunub.

Araz Dadaşzadə, R.Taqorun “Bağban” əsərini (1961, Anarla birlikdə) və S.A.Tolstayanın “Mənim həyatım” kitabını (1981) Azərbaycan dilinə tərcümə edib.  “Yaramazlığı sarsıdan gülüş” adlı son məqaləsi Sabit Rəhmanın yaradıcılığına həsr edilib və 1990-cı ilin noyabrında, yəni müəllif artıq vəfat etdikdən sonra “Bakinski raboçi” qəzetində çap olunub.

O, "Sovet Şərqi xalqlarının ədəbiyyatlarında realizm problemləri" ümumittifaq müşavirəsində, Azərbaycan yazıçılarının qurultaylarında və digər elmi-ədəbi tədbirlərdə dəfələrlə problem məruzələrlə çıxış edib. Araz Dadaşzadə “Odlar yurdu” bədii filminin, diafilm və sənədli filmlərin ssenari müəllifidir. Onun ssenari müəllifi olduğu “Tülküyə uyduqda” kukla multfilmi (1972, rejissor: M.Rəfiyev) ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir.

Ədəbiyyatşünas alim Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Azərbaycan ədəbiyyatı teleantologiyası”, “Sovet poeziyasının teleantologiyası” və digər verilişlərin aparıcısı olub. Onun televiziya və radio verilişlərində çıxışlarının, habelə “Salman Mümtaz” məqaləsinin (“Fikrin karvanı” kitabı, “Yazıçı” nəşriyyatı, 1984) repressiyalar qurbanı, görkəmli ədəbiyyatşünas Salman Mümtazın ictimaiyyətə tanıtdırılması işində rolu az olmayıb.

 

Əsərləri

1. Molla Pənah Vaqif (həyat və yaradıcılığı)

2. Molla Pənah Vaqif (həyat və yaradıcılığı haqqında oçerk)

3. Həyat müğənnisi

4. XVIII əsr Azərbaycan lirikası

5. Xeyirxahlıq və gözəllik poeziyası

 

Araz Dadaşzadə 4 noyabr 1990-cı ildə vəfat edib.Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.