Boğulan azadlıqların ölkəsi: İranın qanlı küçələri Featured

 

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Dünya bəzən səssizcə dəyişir, bəzən isə bu dəyişikliklər qışqırtı ilə, qanla, göz yaşı ilə gəlir. Tarixin bəzi dönəmlərində xalqların taleyi küçələrdə yazılır – qaranlıq gecələrdə yanan şamlarla, qorxu ilə susdurulan səslərlə, yarımçıq qalan ümidlərlə. Bu gün dünya məhz belə bir dönəmin içindən keçir. Bu proseslərin ən ağrılı ünvanlarından biri isə son günlər bütün dünyanın diqqət mərkəzinə çevrilən İrandır.

 

İranda baş verənlər təkcə aksiyalar, etirazlar və ya siyasi qarşıdurmalar deyil. Bu, illərlə yığılıb qalan narazılığın, boğulmuş azadlıq arzularının, qorxu ilə yaşamağa məcbur edilən insanların səssiz üsyanıdır. Küçələrdə səslənən şüarlar, sosial şəbəkələrə sızan görüntülər, yayılan fotolar bir xalqın yaşadığı faciənin canlı şahidinə çevrilib. Bu görüntülər sadəcə kadr deyil ,  hər biri yarımçıq qalan bir həyatın, qırılan bir taleyin hekayəsidir.

Bu mənzərə təsadüfi deyil. İranın bu gün yaşadığı gərginlik, xaos və dərin sosial parçalanma tarixi köklərə söykənir. Keçmişin avtoritar idarəçilik ənənələri, xalqla hakimiyyət arasında yaranmış dərin uçurum zamanla daha da böyüyüb. Xüsusilə Rza Pəhləvi dövründən miras qalan sərt idarəetmə modeli, cəmiyyətin düşüncə və azadlıq imkanlarını məhdudlaşdıran yanaşmalar bu gün də öz izlərini göstərməkdədir. Tarix geridə qalsa da, onun yaratdığı yaralar hələ də sağalmayıb. Məhz bu səbəbdən İranda baş verənlərə yalnız bugünün hadisəsi kimi baxmaq mümkün deyil. Bu, uzun illərin nəticəsi, yığılan gərginliyin partlayış nöqtəsidir. Mövcud vəziyyəti anlamaq üçün təkcə küçələrdə baş verənlərə yox, İranın siyasi və tarixi yaddaşına da nəzər salmaq lazımdır. Bu mənada, proseslərin mahiyyətini daha dərindən dəyərləndirmək üçün mövzu üzrə ekspertlərin mövqeyi xüsusi əhəmiyyət daşıyır.

 

 

Bu barədə Ədəbiyyat və İncəsənət portalına açıqlama verən İranlı ekspertin  sözlərinə görə,  hazırkı durumda İranın vəziyyəti pisdir. Hazırda qətliamlar davam edir:

"Dəhşətli şəkildə minlərlə insan öldürülüb. Bu vəziyyətin aradan qaldırılması da çox çətindir. Təbii ki, yaxın şərqdə bu ölümlərə alışılıb. Lakin hazırkı İran vəziyyətində görünən odur ki, ABŞ-nin təhdidləri ilə bərabər,  ümumi və kütləvi ittihamların nəticəsində insanların çaş-baş qaldığı məlumdur.  Bununla bağlı hərə bir ssenari düşünür. Biri də odur ki, ABŞ bu vəziyyətə necə qarşılıq verəcək. Bölgədə olan  gedişat isə göstərir ki, ABŞ İrana hücum etsin. İçəridəki etirazlar tamamilə kəsilib, ancaq hələdə  yaralı insanlar var və hər ailədən bir nəfərin ölməsi ilə bərabər bu şiddətli çatışmalarda ailələr məhv olur. Hətta ailələr arasında  qarşıdurma belə baş verə bilir".

R.Telabi həmçinin qeyd edib ki, öldürülən şəxslərin videoları və şəkilləri internetdə yayılıb və bütün bu dəhşətlər göz önündədir:

"Bu çatışmalar ölkə   içərisindəki  sistem arasında da münaqişəyə səbəb ola bilir. Çünki ölkə vətəndaş müharibəsinə səbəb olmağa doğru addımlayır.  Tarix boyu belə aksiyalar olmuşdur. İranda vəziyyətin gərgin olmasının səbəblərindən biri də hava yollarının dayanması, internetlərin kəsilməsi,  bankların yatmasıdır".

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.