Mayıl Tağıyev nümunəsi... Featured

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Dünyadan, zəmanədən narazılıq etsək də, həyatımız nə qədər gərgin, haqsızlıqlar içində keçsə də yaşamaq gözəl və şirindir. Yəqin ki, bir yaşında uşaq da, yüz yaşında qoca da belə düşünür.

 

Böyük şairimiz Bəxtiyar Vahabzadə nahaq yerə deməyib ki:

 

“Səndən doymaq olarmı? 

Həyat, sən nə şirinsən?!

Ancaq hamının deyil,

Sən həyatın qədrini

Yalnız bilənlərinsən!..”

 

Bəli, xoşbəxt o adamlardır ki, əhvalı xoş, canı sağlam, səmərəli ömür sürürlər. Söhbət Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinə iyirmi ildən yuxarı rəhbərlik edən, tibb elmləri namizədi, əməkdar həkim Mayıl Tağıyevdən gedir. Necə deyərlər, onu Sumqayıtda 17-dən 107-yə hamı tanıyır...

 

Deyir ki:- “Bütün ömrüm boyu pisixiatr həkim işləmişəm. Həmişə çalışmışam ki, insanlara faydam dəysin. Nə dilimdən, nə də əməllərimdən heç kim ziyan görməsin...”

 

Bəlkə də nə vaxtsa səhvləri olub, amma haçansa günah işlətdiyinə inanmıram. Demirəm ki, müqəddəsdir, Allahın məsum bəndələri srasında onun da adı var, fəqət yaxşı bilirəm ki, saf insandır. Namuslu, qeyrətli kişilərdəndir. Necə deyərlər, hər kəsin qarşısında alnıaçıq, üzüağdır...

 

Yaxşı yadımdadır, rəhmətlik qardaşının yaşı yetmişə çatsa da övladı olmamışdı. Bir sınıq qəlbi sevindirmək üçün, o vaxt Mayıl həkim ona gözəl bir yubiley tədbiri təşkil edib dostlarını qardaşının başına yığmışdı. Kaş görəydiniz, ucqar dağ kəndində yaşayan həmin qardaşı necə sevinirdi, necə qayğısız görünürdü...

 

Rəhmətlik Məmməd Aslanla çox mehriban dost idilər. Məmməd Aslan onun xətrini çox istəyirdi. Şairin pulu-parası hardandı? Mayıl həkim ona həmişə maddi dəstək verər, tez-tez özüylə Yardımlıya aparardı. Dağları gəzərdilər. Rəhmətlik deyərdi ki, mən Yardımlıya gedəndə elə bil doğma Kəlbəcərimi görürəm. Şair həm də həvəskar fotoqraf idi. Füsünkar mənzərələri fotoaparatın yaddaşına köçürməkdən yorulmazdı. Bu gün Mayıl həkimin özəl klinikasında divarlardan Məmməd Aslanın çəkdiyi gözəl təbiət mənzərələri insanların zövqünü oxşayır...

 

Erkən gəncliyindən Sumqayıtda məskunlaşsa da Mayıl Tağıyev bütün ömrü boyu doğulduğu ata-baba yurduna biganə qalmayıb. Bir vaxtlar rentgen cihazı ilə təhciz olunan xüsusi avtomobil və həkim heyətilə birlikdə dəfələrlə rayona gedib, əhalini təmənnasız olaraq müayinədən keçiriblər...

 

Dərəbəylik dövründə unun, qəndin qıt vaxtlarında şəxsi nüfuzundan istifadə edərək, bu ərzaqları Rusiyadan gətizdirir, rayon camaatının ölkədəki qıtlıqdan əziyyət çəkməməsinə çalışırdı...

 

Məgər birdir, ikidir Mayıl həkimin xeyirxahlıqarı? Sadaladıqca bitməz. Kim bilir, bəlkə də Allahla öz arasında o qədər xeyirxah əməlləri gizli qalıb ki...

 

Dekabrın 5-də Mayıl Tağıyevin 77 yaşı tamam oldu. Ona bu 78-ci yaşında uzun ömür, ağrı-acısız həyat, firəvan günlər arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.