Qəbir və məzar daşları – Araşdırma Featured

 

Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”

 

Bu yaxınlarda Bakı qəbirstanlıqlarından birindəki diqqətimi çəkən bir təmtəraqlı məzar məni aşağıdakı yazını qələmə almaq üçün ötəri bir araşdırma aparmağa sövq etdi.

 

Bir sıra mənbələrdə göstərildiyi və el arasında deyildiyi kimi İslam dini müəyyən zaman keçdikdən sonra qəbrin itməsinin lazım olduğunu tələb edir. Hətta bəzi din xadimləri belə deyirlər ki, Məhəmməd peyğəmbər (s.a.s.) öz evində üzərində heç bir nişan və əlamət olmayan şəkildə dəfn edilməsini istəmişdi. Buradan aydın olur ki, məzarlar üzərində qoyulmuş başdaşlarında təsvir edilən adi şəkillər və onların ətrafında olan rəmzlər İslam dininə yaddır. Onu da qeyd edək ki, tarixə nəzər saldıqda görərik ki, nə İslamdan öncəki ərəblərdə, nə də sasanilərdə qəbrin üzərində heykəl ucaltmaq adəti olmuşdur. Bəs nədəndi reallıqda müasir müsəlman qəbirstanlıqlarında başqa bir mənzərə ilə qarşılaşırıq. Bunun tarixi keçmişini nəzərdən keçirsək, görərik ki, müsəlman qəbirlərinin müxtəlif cür nəql olunan tarixi var.

Bir qism tarixçilər belə fərziyyə irəli sürürlər ki, çox güman bu bir çox insanın İrana muzdlu əsgər, müharibə əsiri və qul kimi axın etdiyi Abbasilər dövrünə (8-13-cü əsrlər) təsadüf edir. Buraya axın edən insanların özləri ilə məzarı çadırla örtmək mədəniyyətini gətirdikləri ehtimal olunur.

Biz bugün məzar daşlarının tarixi ilə bağlı çözümlərdən digər birinə - daha qədim olana toxunmağı düşündük. Bu məzar daşları özləri də bilmədən qədim türklərin milli kimliyini yaşatmaqla onların tarixi keçmişi barədə gələcəyə bir sıra mesajlar verir.

Qədim türklərin yaşadığı coğrafi ərazilərdə günümüzə qədər gəlib çatan çoxsaylı monumental abidələrin (Sibirin, Altayın, Tıvanın, Monqolustanın, Moldovanın, Azərbaycanın, Ukraynanın, Cənubi Koreyanın və başqa ölkələrin tarix-diyarşünaslıq muzeylərində qorunub saxlanılan daş heykəllər və s. Nəzərdə tutulur.) mövcudluğu bunların İslam dinindən çox-çox əvvəllər yayıldığının bariz nümunəsidir. Tarixdən məlumdur ki, qədimdə  zəngin və məşhur insanlar - fironlar, krallar və s. üçün abidə və mavzoleylər inşa edilirdi. Bu, eyni zamanda qəbiristanlıq mədəniyyətinin İslamdan əvvəlki dövrdən var olduğunu deməyə əsas verir. Volter “Türklər, müsəlmanlar və başqaları” əsərində göstərirdi ki, ta bineyi-qədimdən Qafqazların arxasında - Volqadan Çinə və Buz dənizinə - Şimal buzlu okeana qədər uzanan saysız ölkələrin sakinləri skiflər (türklər) adlandırılırdı. Araşdırmalar da göstərir ki, skiflər türklərdir. Tədqiqatçı Z.H.Həsənov qeyd edir ki, Herodotun skiflərin adı ilə bağlı olan yazısında Herodotun yazdığı söz qədim yunan dilinin düzgün  transkripsiyasında “kuz” və ya “quz” kimi oxunur ki, bu da “çar skiflər”in əslində “quzlar” oğuzlar (türklər) olduğunu göstərir. Tarix elmlər doktoru professor Abbas Seyidov qeyd edir ki, e.ə. I minillikdən etibarən skif tayfaları şərqdə Sakit okeandan qərbdə Şərqi Avropa düzlərinə qədər geniş bir ərazidə yayılmışdılar. Türklərlə bağlı coğrafi ərazinin bu ucsuz-bucaqsızlığı, nəhəngliyi onlara məxsus bəzi məişət xüsusiyyətlərinin, mədəniyyətin, adət və ənənələrin dünyanın müxtəlif yerlərində özündə qoruyub saxlamasına başlıca səbəb olmuşdur. Bu da, dünənimizin carçısı sayılan məzarüstü abidələrin geniş yayılmasına gətirib çıxaran amillərdən başlıcası hesab oluna bilər.

Hər bir ünsür tarixi-fəlsəfi və mədəni-sosioloji mahiyyət daşıyır. Bunlarda xalqın düşüncə və təsəvvürü, adət-ənənəsi, dünyagörüşü, məişəti, yaşadığı ictimai-siyasi quruluşun əlamətləri və s. öz əksini tapır. Günümüzə gəlib çatan bu məzarüstü yazılar qədim tariximizin izlərini, islamdan əvvəlki dövrünü, baş vermiş ictimai-siyasi hadisələri, eləcə də dini-mifoloji təsəvvürləri və s. əks etdirir. Bunlar tarixin izlərini müasir dövrümüzə gətirən real faktlardır. Bu faktlar tədqiq edilib öyrənildikcə bu qatın struktur tipləri, tərkibi, soy kökümüzün yayılma arealları müəyyənləşir, xalqın etnik mənzərəsi, millətlər arasındakı mədəni əlaqələr aydınlaşır, keçmiş və müasir adət-ənənələr arasındakı fərq üzə çıxır.

Tarixdən o da məlumdur ki, türklər 4-5 min il bundan əvvəldən başlayaraq yuxarıda dediyimiz kimi tanınmış sərkərdələrə, qəbilə və tayfa başçılarına, cəmiyyətdə yüksək mövqeyə malik seçilib sayılan adamların məzarları üzərində sərdabə və kurqan düzəldər, orada ölən adamın daş heykəlini ucaldar, onun axirət dünyasını qeyd edərdilər. Dövrünün səlnaməsi olan bu məzarüstü abidələr zamanından başlayaraq elinə, obasına bağlı nəsillər tərəfindən xatırlana-xatırlana yad edilərək müqəddəsləşmiş, ya ziyarətgah, ya da müxtəlif türbə, məqbərə şəkilində abidələşərək günümüzə qədər gəlib çatmışdır. Bugün tarixi keçmişmizdən xəbər verən bu abidələrin hər biri türk xalqlarının qədim incəsənətini və mədəniyyətini öyrənmək baxımından əvəzi olmayan dəyərli mənbələrdir. Bu məzarüstü abidələri ensiklopediya adlandırsaq, bəlkə də yanılmarıq. Çünki bunlarda hər şey var: Buradakı yazı və təsvirlər vasitəsi ilə onların aid olduğu xalqın məişətindən, təfəkküründən, mədəniyyətindən, dövlət quruluşundan, inanclarından, dini əqidəsindən, sərhədlərindən, ərazilərinin təsvirindən məlumat verilir.

UNESCO-nun Dünya Mirası Siyahısına daxil edilən dünyanın ən böyük Türk-İslam qəbiristanlığı "Urartu və Osmanlı məzarlığı, Ahlat qəbir daşları"nın tarixi bəzi mənbələrdə göstərilir ki, eramızdan 900 il əvvələ gedib çıxır. Bir zamanlar Bizans, Anadolu Səlcuqları, monqollar, ərəblər və Osmanlı dövlətlərinin tərkibində olan Ahlat şəhəri təbii şəraitinə görə, mülayim iqlimi, su ehtiyatları, zəngin otlaq sahələri, yaşayış məskəni üçün hər cəhətdən əlverişli olduğu, Asiyadan Avropaya gedən yollar üzərində yerləşdiyi üçün hər zaman diqqət mərkəzində olmuşdur. Ən qədim türk məskənlərinin sakinləri bu səbəbdən əldən-ələ keçməsinə, sonralarsa İslam dininin güclü təsirinə baxmayaraq öz milli adətlərini qoruyub saxlamışdır. Orta əsrlərdə İslam dininin köklü şəkildə geniş yayıldığı böyük şəhərlərdən biri olan Ahlat ən qədim türk məskənlərindəndir.  Məlumat üçün bildirək ki, günümüzdə türkiyənin ən böyük gölü olan vanın sahilndə yerləşən bu şəhər daha çox tarixi qəbir, məzar daşları ilə diqqəti cəlb edir. Geniş bir əraziyə yayılan bu məzar daşları qədimliyindən əlavə ölçüsü və dizaynı baxımından İslam aləmində də özünəməxsus yer tutur. Burada məzar daşları kərpic qırmızısı və ağ rəngli tuf daşlarından hörülüb. Qəbirlər və daşlarında qədim zamanların türk mədəniyyətini əks etdirən mühüm elementlər var, ona görə də cəmiyyətin adət-ənənələri, sənət anlayışı, gündəlik həyatı haqqında müəyyən informasiyalar, o cümlədən ölüm və ölümdən sonrakı həyatla bağlı fikir və inanclar bu məzar daşlarında öz əksini tapır. Mənbələrdə göstərilir ki, Ahlat qəbiristanlığı 8 mindən çox qəbir və başdaşlarından ibarət olan açıq səma altında bir muzeydir. Ahlat qəbir daşlarının bir üzündə mərhuma və işi-peşəsinə aid məlumat, digər üzündə məzar daşını düzəldən ustanın adı və Quran ayələri yer alır.  Bu monumental qalıqların ölçüləri adi qəbirlərdən xeyli böyükdür: bəzilərinin hündürlüyü bir metr yarımdan yuxarı, bəziləri üç metr yarıma qədərdir. Daş heykəllər adətən kişilərə mənsub olub – döyüşçülərə aiddir. “Göytürklərin (VI-VIII əsrlər) inancları” yazısında Yunus Oğuz göstərir ki: “Qədim türklərdə döyüş meydanında qəhrəmanlıqla həlak olan əcdadlarının da kultu var idi. Bu qəhrəmanlara daş plitələrdən ibarət abidələr ucaldılır, daşlara yazılar yazırdılar. Belə hesab edirdilər ki, insan fiziki bədənin qayğısına qalmaqla yanaşı, ruhunu da daim qidalandırmalıdır. Bu qidalanma isə əcdadların ruhlarının enerjisi ilə olmalıdır. Ona görə də, onlar əcdadlarının qəbirləri üzərində daş abidələr ucaldır və qurban verirdilər. Belə abidələrə Altaydan tutmuş, Dunaya qədər bütün ərazilərdə rast gəlmək olardı. Bu adət hər bir türkü yeddi nəsil əcdadını tanımağa məcbur edirdi. Bundan başqa türklər inanırdılar ki, əcdadların ruhları göydən onların hər birinin əməllərini izləyir. Yalan və xəyanət qədim türklərdə qəbuledilməz idi və belə hesab edirdilər ki, bu cür hərəkət edən insan yaşamağa və nəslini artırmağa layiq deyil. Belə təlim milləti çürüməkdən qoruyurdu.”

Bizə görə, müsəlmanlarda məzarlara münasibəti önəmli edən amillərdən digər biri Türkiyədə yaşayan gürcü memar Nikoloz Lekveişvilinin dediyi kimi, İslamda ölüm mövzusunun Xristian mədəniyyətindən fərqli olaraq daha çox xatırlanmasıdır. (Bizcə, çox güman ki, bu kökünə bağlılıq xüsusiyyəti də müsəlmanlara qədim türklərdən keçmişdir.)  O, qeyd edir ki, Gürcüstanda qəbiristanlıqlar əsasən şəhərdən kənarda olur, ancaq bir çox müsəlman ölkələrində qəbiristanlıqlar şəhərin mərkəzində yerləşir. Bu da, qəbirlərə münasibəti səciyyələndirməklə ölən insanlara bir növ hörmət mənası daşıyır və onları ölümsüzləşdirir.

Müsəlmançılıq dedikdə çox zaman ərəblərlə bağlılıq fikri qabardılır. Onların bu fikri türk müsəlmanların tarixi köklərinin qədimliyini azaltmağa xidmət etmiş olur. Bu da, akademik Nizami Cəfərovun aşağıda qeyd etdiyi kimi tamamilə yanlışdır. Azərbaycanda türklük, türkçülük və türkologiya” məqaləsində professor göstərir ki: “…müsəlmanlıq o baxımdan müəyyən şərh tələb edir ki, burada müsəlmanlığın "türk təmayülü" nəzərdən qaçırılmasın... Müqayisələr göstərir ki, İslamın qəbulundan keçən min ildən artıq bir dövr ərzində nəinki ərəb, fars və türk müsəlmanlığı, hətta türk xalqları, millətlərinin müsəlmanlıqları arasında ciddi fərqlər əmələ gəlmişdir. Farsların müsəlmanlığında zərdüştiliyin, türklərin müsəlmanlığında isə tanrıçılığın fundamental təsiri vardır. Qıpçaqlara nisbətən karluqlar, oğuzlar "daha çox" müsəlmandırlar.

Azərbaycançılıq ideologiyasının araşdırıcıları bəzən müsəlmanlıq deyəndə, onun "ərəb təzahürü"nü nəzərdə tutur, türklərə, eləcə də azərbaycanlılara aid olmayan məsələlərdən bəhs edirlər ki, tamamilə yanlışdır.”

Bütün bunlar və burada qeyd olunmayan arxeoloji araşdırmaların nəticəsində aşkar olan qədim türk ulularını əbədiləşdirən məzarüstü abidələr və daş heykəllər təsdiq edir ki, bugün qəbiristanlıqlarımızda qarşılaşdığımız mənzərənin tarixi kökləri daha qədimlərə gedib çıxır.

Onu da qeyd edək ki, İslam dininin köklü şəkildə yayıldığı bəzi ərazilərdə məzarüstü heykəllər tədricən aradan çıxmağa başlasa da, bizdə insanların böyük qəbir daşları düzəltmək və məzarların üzərində heykəllər inşa etmək ənənələri kütləviləşməkdədir. Azərbaycanda imkanı çatanlar qəbir daşlarını mərmərdən hazırladır. Adamlar bu iri məzar daşları üçün minlərlə manat xərcləyir. Mərmər daşı daha bahalı və “hörmətli” sayıldığı səbəbindən hazırda mərmər biznesi ölkənin çox gəlirli sahələrindən birinə çevrilib.

Bugün qəbiristanlıqlarımızda qarşılaşdığımız qəbir daşları və qəbirüstü yazıların tarixi kökləri çox uzaqlardan xəbər versə belə, biz də bəzi din xadimləri və bəzi söz adamlarının fikrinə qoşularaq düşünürük ki, dünyasını dəyişmiş insanın qəbir daşı onun sosial statusunu müəyyənləşdirən meyar olmamalıdır. Bütün qəbirlər standart ölçüdə olmalıdır. Təəssüf ki, qəbirlərin standartlaşdırılması lahiyəsi hələ də söz olaraq qalmaqdadır.

Son olaraq aşağıdakı sitatı xatırlatmaq istəyirəm: “Heç vaxt özünü qarşındakı insanlardan yuxarı görmə! Düşün, məzarlıqda milyarder və milionerlərin adları nə qədər çoxdur. Onlar dünyaya nə qədər mal-mülk gətirdilərsə də, nəhayət, bir gün torpağa qarışdılar. Var-Dövlət bir ruzgar kimi gəlib və keçir.” (Hüseynli Nihat)

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.