İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Şüurlu ğmrünü mətbuatımızın inkişafına həsr edən, publisistik yazılarla gündəmə gəlib sonra sənədli nəsrə keçən, çox böyük bir arxiv qyub gedən Əli İldırımoğlu (Məmişov) barədə söz açacağam, bu gün onun doğum günü, anadan olmasının 98-ci ildönümüdür.
Əli İldırımoğlu 1927-ci il noyabr ayının 17-də hazırkı Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində anadan olub. Burada orta məktəbin VIII sinifdə oxuyarkən 1941–1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsi başlanıb. VIII–IX siniflərdə çoxluq təşkil edən və əsgərlik yaşına çatan oğlanlar müharibəyə cəlb olunduğundan həmin siniflər tədris fəaliyyətini dayandırıb.
Məktəbin direktorluğu onun fəal şagird olduğunu nəzərə alıb, birbaşa qızların çoxluq təşkil etdiyi və bu səbəbdən tədrisi davam etdirdilən X sinfə keçirilib. Beləliklə, Əli İldırımoğlu VIII sinfi başa vurub, IX sinifdə oxumadan, birbaşa X sinfə keçib və həmin orta məktəbi müvəffəqiyyətlə bitirib.
Müharibənin gedişi ilə əlaqədar olaraq, kəndlərdə müəllim qıtlığı yaranıb. Ona görə də elə həmin il Əli İldırımoğlu Şuşa şəhərində açılmış müəllim kadrları hazırlayan iki aylıq kursa göndərilib. Həmin kursu bitirdikdən sonra 1941–1942-ci dərs ilində ilk dəfə olaraq Məlikəhmədli kənd ibtidai məktəbində sinif müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1946-cı ilə qədər rayonun Xıdırlı, Novlu, Xəndək ibtidai, Teymur Musganlı yeddiillik məktəblərində müəllim işləyib.
Qiyabi yolla Laçın Pedaqoji Texnikumunu, 1946–1948-ci illərdə Ağdam ikiillik Müəllimlər İnstitutunun Tarix fakültəsini bitirdikdən sonra yenidən pedaqoji fəaliyyətini davam etdirib. Əliquluuşağı, Dondarlı, Muradxanlı orta məktəblərində direktorun tədris işləri üzə müavini işləyib. 1951-ci ildən rayon maarif şöbəsinin inspektoru, Qubadlıda nəşr edilən "Avanqard" rayon qəzetinin məsul katibi, sonra isə redaktor vəzifələrində çalışıb.
1955-ci ilin yanvar ayından 1990-ci ilin sonuna qədər "Kommunist" qəzetinin xüsusi müxbiri kimi Naxçıvan, Qarabağ, Dağlıq Qarabağ, Mil-Muğan. Sumqayıt-Quba zonaları üzrə fəaliyyət göstərib. "Kommunist" qəzetində qeyri-normal mühit yarandığından öz təşəbbüsü ilə 1990–1992-cı illərdə "Həyat" qəzetinə işə keçib və həmin mətbu orqanında eyni zonada (Abşeron, Sumqayıt, Dəvəçi, Quba, Qusar, Xaçmaz rayonlarında) xüsusi müxbir işlədikdən sonra ərizəsi ilə təqaüdə çıxıb. Əli İldırımoğlu 1992-ci ildən fərdi təqaüdçüdür.
Yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət olan "Yazım-yazmayım", "Mayaklar", "Telepat", "Çinarlı", "Dərd", "Silinməz izlər" kitablarının, "Həmin adam", "Közərən sətirlər". "Mənim rəncbər atam'", iki hissədən ibarət olan "Zorən jurnalist", "Aqibət". "Qarlı gecələr", "Daş yağan gün" romanlarının müəllifidir.
"Zorən jurnalist" romanının birinci hissəsi ("Eşq, qələm və qovğa" adı altında), "Mənim rəncbər atam", "Aqibət" romanları türk dilinə, "Aqibət" romanı rumın dilinə tərcümə edilib böyük tirajla nəşr olunub. "Mənim rəncbər atam" romanı İranda ərəb əlifbası ilə nəşr olunub. 2007-ci ildə onun seçilən əsərləri çapdan çıxıb. Əsərləri barədə 2006-cı ildə tənqidçi Bəsti Əlibəylinin, 2009-cu ildə filologiya elmləri namizədi Qurban Bayramovun "Milli-mənəvi dəyərlərin bədii salnaməsi" monoqrafiyaları nəşr olunub.
Əsərləri
1. Mayaklar
2. Yazım, yazmayım
3. Çinarlı
4. Həmin adam (roman)
5. Dərd
6. Telepat
7. Aqibət
8. Qarlı gecələr (roman)
9. Közərən sətirlər
10. Silinməz izlər
Əli İldırımoğlu 1941–1945-ci illərdə arxa cəbhədə göstərdiyi "Rəşadətli əməyə görə" medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 noyabr tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatı və jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 1966-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1988-ci il noyabrın 15-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə "Əməkdar jurnalisti" adına layiq görülüb.
"Qızıl qələm", "Ali Araz", "Ustad jurnalist", "Əbdürrəhim bəy Haqverdiyev" adına mükafatların laureatıdır. Türkiyənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərə görə "Türk Ədəbiyyatına Xidmət" beynəlxalq mükafata və Milli mükafata layiq görülüb.
18 noyabr 2020-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.11.2025)


