Tahirə Ağamirzə, “Ədəbiyyat və incəsənət” üçün
Bir jurnalistin, şairin içdən etirafı
Tahirə Ağamirzə
60 illik bir ömür, 40 illik qələm yolu sahibi, Vətənə, millətə sədaqətli bir qadın!
Yazmaq — susa bilməyənlərin son sığınacağıdır. Mən bu peşəni sevərək, bütün ruhumla, bütün ağrılarım və sevinclərimlə yaşamışam. Amma bu gün, illərin arxasından boylananda görürəm ki, qələmin ucundakı sözlər çoxdan susub. Qələm hələ əlimdədir, amma ruhum — yazmaq istəyən o daxili səs — yorulub...
Uzun illərdir jurnalistika həyatımın mərkəzində dayanır. Vətən, cəmiyyət, insan, qadın, ağrı, ümid... yazdım, danışılası nə varsa danışıram. Amma son illərdə şəxsi həyatımda yaşadığım fırtınalar, övladlarımın dərdləri, bir ana kimi çəkdiyim səssiz savaşlar içimdə çox şeyi susdurdu.
Artıq özümə yad olmuşam. O qədər yük daşıdım ki, indi öz içimdə belə yer tapa bilmirəm. Düzdür, heç zaman aciz olmadım, heç kimə boyun əymədim. Amma bu gün etiraf edirəm: mən tükənmişəm.
Bu yazını yazmaqla acizliyimi yox, insanlığımı paylaşmaq istəyirəm. Çünki bəzən susmaq daha ağır olur. Bəzən ən güclü qadınlar da kömək istəyər, ən çox başqalarına dayaq olanlar da bir çiyin axtarar.
Mənim çiyinim- Allahın mərhəməti, dualarım və qələmimdir. Bəzən bir cümlə, bir yazı, bir dua insanı ayıldar. Bu yazı da mənim üçün bir ayılma cəhdidir. Ruhumun səsini geri çağırmaq istəyirəm.
Çünki yazmaq mənim nəfəsimdir. Həyat davam edir...
Və bəlkə də qəlbində eyni yükü daşıyan bir qadın, bu yazını oxuyanda anlayacaq ki, tək deyil...
“Ədəbiyyat və incəsənət”
(06.11.2025)


