İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Əvvəlki yazımızda “hovur”dan bəhs etmişdik. Bu dəfə isə “bildir, inişil, ta inişil” sözlərindən bəhs edəcəyik.
“Bildir, inişil və ta inişil” nitq hissəsinə görə zaman bildirən zərflərdir. Hazırda bir vaxtlar danışıq dilində tez-tez işlənən bu sözlərin işlənmə dairəsi çox daralmışdır. Amma hələ yaddan çıxmayıblar, bəzi dialekt və şivələrimizdə, həm də daha çox yaşlılar tərəfindən az-az olsa da, işlədilməkdədirlər.
Bildir sözündən başlayaq. Bu sözə bəzən “bıldırkı” kimi də təsadüf olunur. Bir və il(dir) sözləri əsasında əmələ gəlib. Tədqiqatçılar da bildirirlər ki, “bildir” sözü aqqlütinasiya nəticəsində iki sözün (bir+ildir) bir-birinə qovuşması nəticəsində yaranmışdır. (M.Adilov, Z.Verdiyeva, N.Ağayeva: “İzahlı dilçilik terminləri lüğəti”, “Elm və təhsil”, Bakı-2020, səh:18, 232). Sonralar insanlar “bir ildir”i “bildir” kimi işlətməyə başlanmışdır. Hazırda “bildir” sözü “keçən il” ifadəsinə sinonim kimi işlədilir. Zaman etibarı ilə “bir ildir” və “bildir” sözlərinin hər ikisinin təxminən indiki (hazırkı) ildən bir il əvvəli ifadə etməsi də bu fikri inandırıcı edir. Maraqlıdır ki, dilçilər T.Gülənsoy və Z.Əyyuboğlu ildə bir dəfə, bir il əvvəl (hər il payızda) görüldüyü üçün “bildirçin” sözünün də “bildir” (“bir ildir”) sözündən yarandığını söyləyirlər. (“Bildir” sözünün “Baltur” şəklində qıpçak sözü olduğunu iddia edənlər də vardır.)
Keçək inişil sözünə. Bu sözün ınışıl/inişları/inişıllarım kimi tələffüz formalarına da təsadüf olunur. Zənn edirik ki, həmin söz “eniş” və “il” sözləri əsasında formalaşıb. Şivələrimizdə, canlı danışıqda “eniş”in “iniş” (türk ilində də enmək iniş adlanır) kimi də tələffüz oluduğu məlumdur. Belə çıxır ki, eniş sözünün tələffüz forması (iniş) il sözü ilə qovuşaraq inişil sözünü əmələ gətirmişdir. Eniş/iniş sözünün mənası aşağı enmək olduğu üçün aşağı il, başqa sözlə, keçən (bildirki) ildən aşağı - əvvəlki il mənasını verir.
Təsadüfi deyii ki, Əbu Həyyan inişil sözünün yerinə, aşınğıyıl (aşağdakı il) sözünü işlədilib, yəni keçən (bildirki) ildən altdakı il.
İndi də “ta inişil”dən danışaq. Bu sintaktik qovuşma hesab olunur. Söz birləşməsi əsasında formalaşmışdır. Tainişil/taynişil/tanişil/taynişillərim kimi də tələffüz olunur. Ta inişil indiki ilimizdən 2 il əvvəldir. Yəni bildir və inişildən əvvəlki ildir.
İfadədəki “inişil”in mənası artıq bizə məlumdur. Burda bizə, hələlik, “ta”-nın nə demək olduğu məlum deyil. (Bəzi mənbələrdə “ta” bağlayıcı sayılır və da, də, və, habelə bağlayıcılarına uyğun gəldiyi qeyd olunur və ya bir şeyin başladığı nöqtəni və bir işin həddini, qurtaracağını, sonunu bildirdiyi kimi izah olunur. Lakin bu deyilənlər “ta inişil”də özünü doğrultmur.)
Bizim qənaətimizə görə, “ta” burda “daha” ədatı yerindədir. Yadınıza salın, danışıqda da bunlar bir-birini asanlıqla əvəz edə bilir. Məsələn, Ta bəsdir/Daha bəsdir. Ta mənlə danışma/Daha mənlə danışma. Zənn edirik ki, ta inişil daha bir inişil deməkdir, yəni inişildən əvvəlki il, indiki ilimizdən üç il əvvəlki il.
O da maraqlıdır ki, “bildir, inişil və ta inişil” sözlərinin hər biri il sözünə digər sözlərin qoşulması hesabına formalaşır.
Bizcə, hələlik, bu qədər yetər. Gələcəkdə qanadlı sözlərimiz haqqında söhbətimizi davam etdirmək ümidi ilə.
“Ədəbiyyat və incəsənət”
(31.10.2025)


 
		  	