Yaponiyanı dünyada təmsil etmək hüququ qazanan azərbaycanlı alim “Vətən uzaqda deyil” proqramında

 

Dünya azərbaycanlılarının proqramı olan “Vətən uzaqda deyil” proqramının növbəti buraxılışı Yaponiyada çəkilib və veriliş bu ölkənin məşhur azərbaycanlı alimi Xəlil Kələntərə həsr edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məluçata görə, Xəlil Kələntər 40 ildən çoxdur ki, Yaponiyada yaşayır. O, təhsilini Yaponiyanın Toyohaşi Texnologiya Universiteti, Nagoya Universiteti və Tohoku Universitetlərində alıb. Soydaşımız ilk elmi dərəcəsini Toyohaşi Texnologiya Universitetində, ikinci elmi dərəcəsini isə Tohoku Universitetində alıb.

Yaponiya vətəndaşı olan professor Xəlil Kələntər dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələrin müəllifidir. LCD işıqlandırılmasında istifadə olunan işıq şüaları üçün 2007-ci ilin mayında kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülüb. Soydaşımız hazırda dünyaca məşhur şirkətlərin birində baş tədqiqatçıdır.

Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində qabaqcıl mütəxəssis kimi tanınan Xəlil Kələntərə bu sahələrdə apardığı geniş tədqiqatlara görə beynəlxalq konfranslarda Yaponiyanı təmsil etmək hüququ verilib.

Xəlil Kələntərə həsr olunan veriliş Diaspor TV-də və İctimai TV-də yayımlanıb. Xatırladaq ki, “Vətən uzaqda deyil” verilişi Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi Youtube kanalı Diaspor TV ilə İctimai TV-nin ortaq layihəsidir və artıq 8 ildir ki, İctimai TV-də də yayımlanır.

Verilişi aşağıdakı linkə daxil olaraq izləmək olar:

https://www.youtube.com/watch?v=waPwvIurt8M

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.