ElmanEldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki: -“Universiteti bitirib təyinatla rayona getmişdim. Təyinat yerim Bərdənin “Kommunist yolu” qəzeti idi. Mənə dedilər ki, “iş yoxdur, gözləməlisən”. Elə oldu ki, məni birbaşa raykoma işə götürdülər. 3 ay keçməmiş Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları gəlib baxdılar və “KQB” məktəbində oxumağı təklif etdilər. Mən razılaşdım. Sonra SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin 1 illik Minsk Ali Kursunu oxudum. Daha sonra Gəncədə baş əməliyyat müvəkkili oldum…
Deyir, daha sonra, 1988-ci ildən bizim bütün işimiz Qarabağ məsələsinə istiqamətləndi. Mən 1982-ci ildə işə götürülmüşəm. Sovet hökumətinin dövründə həmin illərdəki sakitlik pozuldu və uzun müddət davam etdi. 1995-ci ilin sentyabrında işimdən imtina etdim və istefa verdim. Mən o vaxta qədər Şəmkirdə, Göyçayda rəis idim, sonra MTN-ə şöbə rəisi gəldim. Və çox çətin dövrə gəldik, Surət Hüseynovun 4 oktyabr qiyamı, 1995-ci ilin mart hadisələri... Bütün bu hadisələrin təhqiqat komissiyasının üzvü olmuşam. O dövrdə çox haqsızlıqlar, ədalətsizliklər görmüşəm. Hələ o dövrü deyirəm. Mən bəzi təkliflərlə, tələblərlə, əmrlərlə razılaşmamışam. Bunun detallarına varmaq istəmirəm. Amma çox gərginliklər yaranıb rəhbərliklə mənim aramda. Nəhayət, o dərəcəyə çatdı ki, raport yazıb istefa verəsi oldum. Çünki o haqsızlıqların birbaşa icraçısı olmaq istəmirdim. Biri var haqsızlığı kənardan seyr edəsən ki, kiməsə haqsızlıq edirlər və sənin ona gücün çatır ya çatmır, bu başqa məsələdir. Amma biri də var adamın özünə deyələr ki, “sən bu haqsızlığı, ədalətsizliyi icra edəcəksən”. Mən onu qəbul eləmədim...”
...Çalışqanlığı, bacarığı və dəqiq müşahidə qabiliyyəti ilə fərqlənir. Baş verən hadisələrdə detallara diqqət yetirir və hər şeyi ən xırda təfərrüatına qədər araşdırmağı xoşlayır. Sosial, istiqanlı və liderlik qabiliyyəti yüksək olan adamdır. O, cəmiyyətdə hörmət qazanmağı və diqqəti özünə çəkməkdən zövq alır, xarici görünüşünə və geyimlərinə böyük əhəmiyyət verir. Onun xüsusiyyətləri arasında dürüstlük, sədaqət və cəsarət önəmli yer tutur. Verdiyi sözə sadiq qalır və yalan danışmağı sevmir. Həyatına nizam-intizam gətirmək və ətrafdakı insanları maarifləndirmək onun təbii qabiliyyətlərindən biridir. Eyni zamanda, maliyyə məsələlərində bacarıqlı və analitik təfəkkürə sahibdir. Qürurludur, heç vaxt mövcud şəraitə boyun əymir və çətinliklər qarşısında iradəli olmağı bacarır...
“17 yaşıma qədər doğulduğum Sarıcalıda yaşamışam. Kəndimiz düz Tərtərçayın sahilindədir. O qədər xatirələrim var ki... Hamısı məktəblə bağlıdır. Kəndimiz balaca idi. Kənddəki məktəb 8 illik idi. Oranı bitirib 3 kilometr aralıda yerləşən məktəbə 9-cu sinfi oxumağa getdim. 10-cu sinfi isə rayon mərkəzində oxumuşam. O da təxminən 10 kilometr aralı idi evimizdən. Qışın günündə getmək-gəlmək. Bunların içərisində piyada gedib-gəlmək də vardı, maşınla da gedib-gəlmək də. Bütün bunların hamısı mənim üçün ən şirin xatirlərdir. Ümumiyyətlə, keçmişim çox işıqlıdır. Bugünkü çətinliklərin qarşısında o vaxtkı çətinliklər çox gözəl günlərdir. Necə deyərlər, daha çox keçmişin işığında yaşayıram, nəninki gələcəyin”- söyləyir.
O, 1957-ci il oktyabrın 22-də Tərtər rayonunun Sarıcalı kəndində dünyaya gəlib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib. 1982-1996-cı illərdə SSRİ DTK və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi, MTN Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında çalışıb. MTN-in Şəmkir və Göyçay bölmələrinin rəisi olub. Gəncəbasar bölgəsinin erməni işğalçılarından azad olunmasında fəal iştirak edib. 1995-ci ildə MTN sistemindən istefa verərək ictimai-siyasi fəaliyyətlə məşğul olur...
...O, özünəinamı və nüfuzlu xarakteri ilə seçilir. Həvəsli, punktual, çevik və macəraçı xüsusiyyətləri ilə diqqət çəkir. Əhval-ruhiyyəsi yaxşı olanda şən və səxavətli bir dost olur. Əgər xoşagəlməz hallar yaşayarsa, bu, onun əsəbi olmasına səbəb ola bilər. Hər zaman enerjili və dinamikdir, öz səyi ilə həyatın çətinliklərini aradan qaldırmağa çalışır. İnsanlarla münasibətdə mehriban və rahat davranır. Çox yaxşı dostdur. Ağıllı və təmkinli olduğundan onu aldatmaq heç cür mümün deyil. Açıq sözlü bir adam kimi, həqiqəti deməklə ətrafındakı insanları təsirləndirsə də, bəzən incidə də bilir. Axı, düz söz acı olur...
Deyir ki:- “Mən ixtisasca jurnaslit olmasaydım, yəqin ki, cəmiyyətdə belə fəal olmazdım. Çəkinmədən hər bir jurnalistə, təbii ki, söhbət siması olan mətbuatdan, siması olan jurnalistdən, siması olan qəzetdən gedir, açıqlama verirəm. Amma bəzi simasızlardan imtina etmişəm və imtina etməkdə də davam edirəm, mən onları qəbul eləmirəm. Saytın, qəzetin məşhur olub-olmamasından çox, məni, mənə sual verən jurnalistin şəxsiyyəti maraqlandırır. Bu jurnalist öz işini görür, mənə müraciət edirsə, demək mənə hörmət edir. Mənim cavab olaraq ona hörmət etməyim mütləqdir. Əgər o mənə müraciət edibsə, mən də mütləq cavab verməliyəm. Mənim yazımın saytda, qəzetdə çıxması problem deyil. Yəni cəhd edim ki, mütləq mənim yazım getsin, hansısa məsələyə mən də rəy verim və s. belə olmur. Özüm yazanda yazıram. Yenə deyirəm ixtisasca jurnalist olduğumdan irəli gəlir ki, heç vaxt jurnaslitlərin suallarını cavabsız buraxmıram...”
...Bir sözlə, onun ən müsbət tərəfləri isə məntiqli qərar verməsi və olduğu mühitdə hörmət qazanmağı bacarmasıdır. O, həm cazibədar, həm də emosionaldır. Yaxşı həmsöhbətdir. Xeyirxah insandır, ədalət hissləri ilə hər şeyə bərabər yanaşır. Nəzakətlidir, diplomatikdir, yumoru əla başa düşür...
“Mən nə karyera, nə də varlanmaq haqqında fikirləşirəm. Mən günəşin çıxmağından da, batmağından da, yağışın yağmağından da, küləyin əsməyindən də zövq alan adamam. Bir baxışdan, bir təbəssümdən də ləzzət olmağı bacarıram. Mən az qala özümü planetin canlı, şüurlu varlığı hesab edirəm. Çalışıram ki, 60-dan sonra günəşin doğuşundan, batışından zövq ala bilim. Yerdə qalan məsələlərin hamısı ictimaidir, Vətənimlə, Qarabağımla bağlıdır.”- söyləyir.
Bəli, haqqında söhbət açdığım təhlükəsizlik eksperti İlham İsmayıl belə insandır. Oktyabrın 22-si onun 68 yaşı tamam olub, 2 gündür ki, 69-una keçid edibdir. Bu münasibətlə İlham İsmayılı təbrik edir, möhkəm can sağlığı arzulayırıq. Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(24.10.2025)


