Riyaziyyatdan jurnalistikaya, oradan diplomatiyaya Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Qazax mahalı elmin, ədəbiyyatın həmişə mərkəzi olubdur, harada doğulmasından, harada yaşamasından asılı olmayaraq, əsli-nəsli Qazaxa gedib çıxanlar həmişə bu ənənəyə sadiq qalıblar, onun sıra nəfərinə çevriliblər.

Haqqında söhbət açacağım şəxs öz adını jurnalistika və publisistika tariximizə həkk etdirməyi bacarıbdır. Ziyalılığı, kübarlılığına da söz ola bilməz. Bugünkü doğum günündə bizə nə qalır? Onu təbrik etmək və bu yazını oxucularımıza yönləndirmək.

 

İbrahim Nəbioğlu 1961-ci il oktyabrın 24-də Bakıda ziyalı ailəsində doğulub. 1968-ci ildə Bakıdakı 159 N-li məktəbin 1-ci sinfinə gedib. 1978-ci ildə 45 N-li orta məktəbdən məzun olub və elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olub. 1983-cü ildə bu institutun "Tətbiqi riyaziyyat" kafedrasını "mühəndis-riyaziyyatçı" ixtisası üzrə qırmızı diplomla bitirərək, təyinatla Yeni Bakı Neftayırma zavodunun Hesablama mərkəzində çalışmağa başlayıb. 1986-cı ildə aspiranturanın əyani şöbəsinə qəbul olub.

Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində bir-sıra elmi araşdırmalar aparıb, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini alıb.

Amma bütün bu illərdə sözə, qələmə bağlılığı əsla onu tərk etməyibdir. 40-ayaxınelmiməqaləninmüəllifidir. 1990–1991-ci illərdə Türkiyənin "Milliyət", "Zaman" və b. qəzetlərində çap olunmağa başlayıb. 1991-ci ildə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Türk müştərək TV kanalını qurub və onun Baş direktoru vəzifəsində çalışıb.

1993–2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi olub. Bununla bərabər, 1994-cü ildən BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq da fəaliyyət göstərib. 1994–1997-ci illərdə "Avrasiya", 1997–2001-ci illərdə isə "Panorama" qəzetlərinin köşə yazarı olub, "Zerkalo", "Ayna", "Şərq" qəzetləri, 2017-ci ildən isə Ayna TV ilə əməkdaşlıq edib.

 

Yerli və xarici mətbuatda yüzlərlə məqalənin müəllifi, 20-dən çox sənədli filmin senari müəllifi və redaktoru olub.

Həyatının riyaziyyat və jurnalistika dönəmlərindən başqa, bir diplomatiya dönəmi də olubdur. 2003-cü ilin mart ayından Heydər Əliyevin fərmanı ilə Azərbaycanın İstanbuldakı Baş Konsulu vəzifəsinə təyin edilib. 2004-cü ildən isə paralel olaraq Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olub.

2006–2015-ci illərdə Azərbaycanlı iş adamı Mübariz Məsimovun Türkiyədəki “Palmali” şirkətində vitse-prezident olaraq çalışıb. 2015–2019-cu illərdə özəl şirkətdə müşavir çalışıb. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O həmçinin “İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə” kitabını da Azərbaycan dilinə tərcümə edib. O qədər gözəl tərcüsmə edib ki, kitabı oxuduqca oxumaq istəyirsən. Kitabın Bakı təqdimatında bizlər də iştirak etmişik.

 

Mükafatları

1. Osman Mirzəyev mükafatı

2. Həsən bəy Zərdabi mükafatı

3. Türkiyədə İlin Jurnalisti

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.