“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Kamil Şahverdinin "Bir daha himnimiz barədə" adlı məqaləsi təqdim edilir.
DƏRGİDƏ KİTAB
KAMİL ŞAHVERDİ
BİR DAHA HİMNİMİZ HAQQINDA
II yazı
Azərbaycan Respublikası XX əsrdə ikinci dəfə müstəqilliyini elan etdi.
1991-ci il avqustun 30-da Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olundu. Bəyannamədə Azərbaycan Rrspublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu qeyd olunmuşdu.
Ali Sovetin "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannaməsi tezliklə reallaşacaq tarixi bir hadisənin-müstəqilliyimizin sübutu idi. Yaxın zamanda Azərbaycanın müstəqilliyinə qovuşacağına heç kimdə şübhə yeri qalmamışdı. Müstəqillik haqqında Bəyannamədə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması haqqında müddəa əksəriyyətdə əminlik yaratmışdı ki, dövlət atributlarının qəbulunda da varisliyə əməl olunacaq. Artıq üçrəngli bayrağımız qürurla hər yerdə dalğalanırdı. Lakin Ali Sovetin komissiyası ADR Dövlət himninin təsdiqi haqqında heç bir sənədin olmaması səbəbindən "Azərbaycan marşı" ilə bağlı yekdil rəyə gələ bilmirdi. Ona görə də Azərbaycan sovet himninin ən yaxşı mətni üçün müzakirələr davam edirdi. Demək olar ki, hər həftə, bəzən həftədə iki-üç dəfə komissiya üzvləri yığışaraq gah bəstəkarlarla, gah şairlərlə, gah da rəssamlarla müzakirələr aparırdı. Çünki Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti "Azərbaycan Respublikasının Dövlət himninin ən yaxşı mətni və Dövlət gerbinin ən yaxşı eskizi üçün" komissiya yaratmışdı. Komissiyanın sədri Fazıl Muradəliyev Üzeyir bəy Hacıbəylinin "Azərbaycan marşı"nın Dövlət himni kimi qəbul olunmasının tərəfdarı idi. Bu barədə o həm komissiyanın iclaslarında, həm də şəxsi söhbətlər zamanı dəfələrlə fikrini bildirmişdi. Ancaq movcud komissiya Azərbaycan sövet himninə ən yaxşı mətn seçmək üçün yaradıldığına görə bir çox prosedur çətinliklər yaranmışdı. Fazil Muradəliyev komissiyanın mahiyyətində dəyişikliklər etmək üçün dəfələrlə Ali Sovetin rəhbərliyinə müraciət etmişdi. Lakin bu müraciətlər heç bir nəticə verməmişdi.
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsindən sonra ölkədə siyasi-içtimai durum çox gərgin idi. Ölkənin taleyini düşünən hər kəs yaxşı anlayırdı ki, şimaldan ciddi təzyiqlər durmadan artır. Hər an təxribatlar törədilə bilər. Qarabağda məkrli planlar işə salınır, Azərbaycanın müstəqilliyinə gedən yoluna maneələr yaradılmasına ciddi cəhdlər göstərilirdi. Şimal qonşumuz Bakıda və bölgələrdə tərəfdarlarını səfərbər etmək üçün addımlar atırdı. Hakimiyyətdə olanların çoxu mövqelərini, vəzifələrini itirməmək üçün müstəqilliyin qazanılmasına ciddi müqavimət göstərirdilər. Siyasi vəziyyətin gərginliyini bərdad hala düşmüş iqtisadi durum daha da artırırdı. İqtisadi əlaqələr tamamilə dağılmış, məhv olmuşdu. Fabriklər, zavodlar, iri müəssisələr fəaliyyətini dayandırmaq məcburiyyətində idi. İnsanlar iş yerlərini itirirdilər. Ancaq bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqı müstəqilliyinə qovuşmaq kimi müqəddəs arzusunun reallaşacağı günü səbrsizliklə gözləyirdi və bu yolda hər cür çətinliyə dözməyə hazır idi. O tarixi günün lap yaxında olduğunu hər kəs hiss edirdi.
1991-ci il oktyabrın 8-də Ali Sovetin növbədənkənar sessiyası işinə başladı. Dörd gün ərzində gərgin müzakirələr aparıldı. Nəhayət, "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini əsas götürərək, 1991-ci il 18 oktyabrda "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildi.
Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 231 nəfər səs verdi. Qalan deputatlar ya bu tarixi sessiyaya qatılmadı, ya da müstəqilliyimizin əleyhinə səs verdi.
Qəbul olunan Konstitusiya Aktının 2-ci maddəsində deyilir:
"Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək movcud olmuş Azərbaycan Demokratik Respublikasının varisidir".
Beləliklə, XX əsrdə Azərbaycan xalqı ikinci dəfə müstəqilliyini qazandı. Qürur və fərəh hissiylə, sevinclə vətəndaşlarımız bir-birini təbrik edirdi. Bu tarixi anın xoşbəxtliyini yaşamaq, həqiqətən də, hər kəsin həyatında ən şərəfli gün kimi yaddaşlara həkk olundu.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi.
Milli Şuranın yaranışı zərurət idi.
Azərbaycan müstəqilliyini elan etdikdən sonra Rusiya artıq düşmən mövqeyini gizlətmədən ölkəmizə qarşı açıq-aşkar siyasi, iqtisadi təzyiqlərini artırırdı. Qarabağda erməni separatçılarına hər cür dəstək göstərməklə ərazilərimizin işğalı planını gerçəkləşdirirdi. İqtisadi böhran yaratmaqla ölkəmizi xaosa sürükləyirdi. Belə bir gərgin vəziyyətdə qanunvericilik orqanında vacib qanunların qəbulunu tezləşdirmək üçün ölkə hakimiyyəti və müxalif qüvvələr Milli Şura yaradılması haqqında razılıq əldə etdilər. Bununla bağlı Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında Konstitusiya Qanunu qəbul edildi. Bu Konstitusiya Qanunu 30 oktyabr 1991-ci ildə o dövrdə Prezident Ayaz Mütəllibovun imzası ilə qüvvəyə mindi.
1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasl Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" qərar qəbul etdi. Qərarı Ali Sovetin sədrinin birinci müavini Ziyad Səmədzadə imzaladı.
XII çağırış Azərbaycan Ali Sovetinin 360 xalq deputatından 50 deputat paritet əsaslarla Ali Sovetin Milli Şurasının üzvü seçildi. 50 xalq deputatından 25-i kommunistlərdən ibarət, yəni hakimiyyət nümayəndələri olan "Kommunist bloku"nun (komblok), 25-i isə "Müstəqil Azərbaycan" Demokratik blokunun (demblok) nümayəndəsi idi.
"Komblok"dan olan deputatlar:
1. Afiyyədin Cəlil oğlu Cəlilov
2. Arif Qafar oğlu Rəhimzadə
3. Elmira Mikayıl qızı Qafarova
4. Fərrux Məmmədnəbi oğlu Zeynalov
5. Hicran Vasif oğlu Kərimli
6. İnqilab Adil oğlu Nadirov
7. İsmayıl Qəhrəman oğlu Şıxlı
8. Kamran Həbib oğlu Rəhimov
9. Mürvət Nurəli oğlu Əliyev
10. Nadir Xudaverdi oğlu Mehdiyev
11. Rauf Əbdüləli oğlu İsmayılov
12. Səlvər Rza oğlu Aslanov
13. Sultan İsrafil oğlu Məmmədov
14. Şaitdin Sərdar oğlu Əliyev
15. Şirin Qasım oğlu Hacı Kərimov
16. Tapdıq Cəlal oğlu Kamalov
17. Telman Fərzəli oğlu Əliyev
18. Tofiq Müseyib oğlu Əzizov
19. Tofiq Qasım oğlu Köçərli
20. Tofiq Tağı oğlu Qasımov
21. Vahid Qazıməmməd oğlu Əhmədov
22. Vladimir Vasili oğlu Timoşenko
23. Xanlar Əliş oğlu Məmmədov
24. Xeyrulla Salman oğlu Əliyev
25. Ziyad Əliabbas oğlu Səmədzadə
"Demblok"dan olan deputatlar:
1. Arif Mustafa oğlu Hacıyev
2. Bəxtiyar Mahmud oğlu Vahabzadə
3. Cümşüd Qurban oğlu Nuriyev
4. Etibar Səlidar oğlu Məmmədov
5. Ədalət Vilayət oğlu Rəhimov
6. Firudin Ağası oğlu Cəlilov
7. Füzuli Məmməd oğlu Axundov
8. Hacıbaba Sadiq oğlu Əzimov
9. İbrahim Məşədi Hilal oğlu İbrahimov
10. İsa Yunis oğlu Qəmbərov
11. İxtiyar Əlibaba oğlu Şirinov
12. Məryəm Daməd qızı Həsənova
13. Mətləb Əzizulla oğlu Mütəllimov
14. Mirmahmud Mirəli oğlu Fəttayev
15. Mürşüd Əsəd oğlu Məmmədov
16. Nəcəf Adil oğlu Nəcəfov
17. Ramiz Məmmədəli oğlu Fətəliyev
18. Rəhim Həsən oğlu Qazıyev
19. Sabir Xudu oğlu Rüstəmxanlı
20. Sülhəddin Bayram oğlu Əkbərov
21. Şadman Bəhlul oğlu Hüseynov
22. Tahir Yunis oğlu Əliyev
23. Tamerlan Yelmar oğlu Qarayev
24. Tofiq Məsim oğlu Qasımov
25. Yusif Səməd oğlu Vəkilov
Mili Şura yeni komissiya yaratdı.
Milli Şura 1991-ci il noyabrın 29-da ilk iclasını keçirməklə fəaliyyətə başladı. Növbəti iclaslarda, daha dəqiq desək, 6 dekabr 1991-ci ildə Milli Şuranın daimi komissiyaları, o cümlədən Təhsil, elm, mədəniyyət və din məsələləri komissiyası formalaşdırıldı. Təhsil, elm, mədəniyyət və din məsələləri daimi komissiyasının sədri Firudin Cəlilov seçildi.
Yeni yaradılmış komissiya müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının dövlət atributlarının-himnin və gerbin (üçrəngli bayrağımız 5 fevral 1991-ci ildə dövlət bayrağı kimi rəsmən təsdiq edilmişdi) təsdiq olunması üçün müzakirələri yekunlaşdıraraq, komissiyanın qərarını parlamentdə səsverməyə çıxarmağı prioritet məsələ kimi qarşıya qoymuşdu. Müzakirəsinə bir müddət fasilə verilmiş himn məsələsi yenidən gündəmə gəldi. Yeni komissiya ilk olaraq 28 mart 1991-ci ildə Ali Sovetin Rəyasət Heyətinin qərarı ilə yaradılmış Dövlət himninin ən yaxşı mətni və Dövlət gerbinin ən yaxşı eskizi üçün yaradılmış komissiyanın gördüyü işlərlə və gəldiyi nəticələrlə yaxından tanış oldu. Həmin komissiyanın sədri Fazil Muradəliyev yeni yaradılmış komissiyaya görülən işlər haqqında ətraflı məlumat verdi. Bəstəkarlar, şairlər və rəssamlarla görüşlərin, müzakirələrin aparılması üçün vaxt təyin olundu. Komissiya 28 may 1992-ci il tarixinə qədər işləri yekunlaşdırmalı və dövlət atributlarının səsverməyə çıxarılaraq təsdiq edilməsini təmin etməyi planlaşdırmışdı.
"Koroğlu" operasının uvertürası himn ola bilərdi.
Bu ərəfədə məlum oldu ki, Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasının uvertürasının himn kimi təsdiq olunmasını təklif etməyi planlaşdırır. Məlum məsələdir ki, o dövrdə Xalq Cəbhəsi istənilən məsələyə müdaxilə etmək, qərar və qanunların qəbuluna təsir etmək imkanlarına malik idi. Əbülfəz Elçibəy belə bir təklif irəli sürərsə, bu təklifin reallaşması heç də çətin olmayacaqdı. Mən Əbülfəz Elçibəylə görüşmək qərarına gəldim. Çünki əgər həqiqətən, belə bir təklif olacaqdısa, onda bizim illərlə gördüyümüz işlər, apardığımız mücadilə heçə enmiş olardı. Xalq Cəbhəsinin qərargahı o dövrdə indiki Nəriman Nərimanov prospektində (keçmiş Sovet küçəsində) Məktəbəqər Pedaqoji Texnikumda yerləşirdi. Gəldim ora və Əbülfəz bəylə görüşə nail oldum. Biz hələ meydan hərəkatından tanış idik və sonrakı illərdə də ara-sıra görüşürdük. Əbülfəz bəyə himn məsələsi ilə bağlı gəldiyimi söylədim. Görüşümüz bir saatdan artıq davam etdi. Mən himnlə əlaqədar görülən işlər haqqında məlumat verdim. Çox gərgin proseslərdən keçmiş və 70 il sovet hakimiyyətinin unutdura bilmədiyi "Azərbaycan marşı"nı bu gün hər bir azərbaycanlının qürur, şərəf, fəxarət hissi ilə sevə-sevə oxumasından danışdım. Görkəmli bəstəkar Aydın K. Azimin himnlə bağlı mövqeyini izah etdim. Əbülfəz bəy məni maraqla dinləyirdi. Dediklərimin hamısını "təbii, təbii" deyərək rəğbətlə qarşıladı. Fikirlərimlə tam razı olduğunu bildirdi. Amma…
Əbülfəz Elçibəy:
"Koroğlu" operasının uvertürası xalqımızın azadlıq, müstəqillik uğrunda apardığı mübarizənin simvoludur. Biz uvertüranın sədaları altında bu yola çıxmışıq. Üzeyir bəyin uvertürası xalqımızı azadlığı, müstəqilliyi uğrunda mübarizəyə ruhlandırdı və şükür Allaha ki, buna nail olduq. İndi bizim qarşımızda daha böyük və çətin işlər var. Biz kağız üzərində azadlığımızı, müstəqilliyimizi qazanmışıq. İndi vacibdir ki, bunu kağız üzərindən həyatımıza da keçirək, həyatımızda da reallaşdıraq. Bu, çox çətin və uzun yoldur. Əsas mübarizə hələ qabaqdadır. "Koroğlu" operasının uvertürasının missiyası hələ bitməyib. Ona görə düşünürəm ki, uvertüranı himn kimi qəbul etmək doğru olar. Bu, mənim şəxsi fikrimdir. (Əbülfəz bəy bunu xüsusi olaraq bir neçə dəfə vurğuladı-K. Ş.) Bilirəm ki, Milli Şurada komissiya himni müzakirə edir. Ondan əvvəl Ali Sovetdə komissiya yaradılmışdı, orda da müzakirələr aparılıb. Bəzi bəstəkarlar və şairlər yeni himn yazmaq istəyirlər. Bunların hamısından xəbərim var. Mən də öz təklifimi vermək istəyirəm, qoy müzakirə etsinlər".
Mən Əbulfəz bəyə söylədiklərinin hamısı ilə tam razı olduğumu biıdirdim. Ancaq uvertüranın himn üçün yaramadığı haqqında fikrimi əsaslandırmağa çalışdım. "Koroğlu" operasının uvertürasının yalnız azadlıq, müstəqillik uğrunda mübarizəmizin simvolu deyil, həm də 1930-cu illərin sonundan bu günə qədər ən çətin, ən ağır, ən dəhşətli vaxtlarda millətimizin milli varlığının qorunmasında əvəzsiz rolu olduğunu qeyd etdim. Həm Güneydə, həm Quzeydə Üzeyir bəyin uvertürasının millətin, xalqın özünü qoruyub saxlamasına xidmətindən danışdım. Bildirdim ki, bütün bunlara görə uvertüranın xalqlmız, millətimiz üçün əhəmiyyəti daha böyükdür, daha ucadır.
Əbülfəz bəy fikirlərimi maraqla dinləyirdi. Hətta təklif etdi ki, uvertüra haqqında düşüncələrimi qələmə alım. Bununla yanaşı, o, uvertüranı himn kimi müzakirələrə təklif etmək fikrində israrlı idi. Mən həm buna görə, həm də söhbətimizin uzun çəkməsindən narahatlıq keçirirdim. Çox həyəcanlı idim. Düşünürdüm ki, görüşümüz nəticəsiz başa çatacaq. Otağın qapısı da tez-tez açılırdı. Mən qapıda kimin olmasını görməsəm də, Əbülfəz bəyin "bir az gözləyin" işarəsini aydın görürdüm. Hər dəfə qapı açılanda həyəcanım daha da artırdı ki, kimsə vacib, təcili bir iş üçün gələr və Əbülfəz bəylə söhbətimiz yarımçıq qalar. Ona görə sonuncu arqument kimi söylədim ki, görkəmli bəstəkarımız Aydın K. Azim təkidlə bildirir, "Azərbaycan marşı" formasına, quruluşuna, mahiyyətinə, emosionallıq dərəcəsinə görə əsil himndir. Üzeyir bəy bu əsəri himnin bütün janr xüsusiyyətlərini nəzərə alaraq yazıb. "Azərbaycan marşı" himn standartlarına tam uyğundur. Onu da əlavə etdim ki, "Müstəqillik haqqında" Konstitusiya Aktında da qeyd olunub ki, Azərbaycan Respublikası 1918-1920-ci illər mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bayrağımız təsdiq olunubsa, himnimiz də təsdiq olunmalıdır. Əbülfəz bəy bildirdi ki, bayrağımız Cümhuriyyət vaxtı rəsmən qəbul olunduğuna görə təsdiqində heç bir problem olmadı. Himnin təsdiqi ilə bağlı isə heç bir sənəd yoxdur.
Söhbətimiz uzandıqca mənim həyəcanımın dərəcəsi də artırdı. Gözləmədiyim halda Əbülfəz bəy söylədi:
"Mən Aydın bəyin (Aydın K. Azim-K. Ş.) fikirlərinə hörmətlə yanaşıram. Aydın bəy görkımli bəstəkar və böyük alimdir. Onun fikirləri olduqca qiymətlidir. Əgər o təkid edirsə, demək ki, haqlıdır. Siz gərək nəzərə alasınız ki, Azərbaycan sovet himninin keçməsini istəyən ciddi qüvvələr var. "Azərbaycan marşı"nı təsdiqləmək asan olmayacaq. Azərbaycan sovet himni Üzeyir bəyin gözəl əsərlərindən biri olsa da, ideoloji baxımdan onu himn kimi saxlamaq doğru olmaz. Mən sovet himninin keçməməsi üçün uvertüranı təklif etmək qərarına gəlmişəm. Bilirəm ki, hakimiyyətdə olanlar sovet himnini saxlamaq üçün necə canfəşanlıq edirlər. Əminəm ki, biz uvertüranı təklif etsək, onun əleyhinə çıxmazlar. Bu gün səndən Aydın bəyin arqumentlərini eşidəndə onun haqlı olduğuna əmin oldum. Düşünürəm ki, Milli Şurada da bunu dəyərləndirərlər".
Mən sevincimdən tez ayağa durub, Əbulfəz bəylə sağollaşıb otaqdan çıxdım. Otağın qarşısında xeyli insan toplaşmışdı. Heç kimin üzünə baxmadan tələsik binanı tərk etdim. Telefon avtomatı tapıb Aydın müəllimə zəng etdim. Şəhərdə görüşdük və mən Əbülfəz bəylə olan söhbətimizi Aydın müəllimə danışdım. Həmin gün sanki çiyinlərimdən ağır yük götürülmüşdü. Çox sevincli və fərəhli idim.
"Azərbaycan marşı" növbəti sınaqla üz-üzə.
Bu dövrdə artıq komissiyanın işində də bir müəyyənlik formalaşmışdı. Komissiya üzvlərinin əksəriyyəti "Azərbaycan marşı"nı himn kimi səsverməyə çıxarıb təsdiqləmək fikrində idi. Sovet himninin tərəfdarları komissiyada, demək olar ki, yox idi. Milli Şurada "Komblok" və Ali Sovetin bir çox deputatları sovet himninin keçəcəyinə əmin idilər. Milli Şuraya düşməyən deputatların səlahiyyəti saxlanmışdı. Onlar istənilən mövzunun müzakirəsində məşvərətçi səslə iştirak edə bilirdilər. Ona görə də həm bu səbəbdən, həm də hakimiyyətdəki dayaqlarına arxalanaraq "komblok"da belə bir əminlik yaranmışdı. Komissiyanın növbəti iclaslarının birində Firudin Cəlilov maraqlı bir təkliflə çıxış etdi. O, komissiya sədri kimi təklif etdi ki, "Azərbaycan marşı"nı himn kimi səsverməyə təklif etmək üçün sənətkarlardan ibarət işçi qrupu yaradılsın. İşçi qrupuna Bəstəkarlar İttifaqı İdarə Heyətinin birinci katibi Tofiq Quliyev, görkəmli bəstəkar Cövdət Hacıyev, "Azərbaycan marşı"nın bərpaçısı Aydın K. Azim, şairlərdən Vaqif Səmədoğlu və Vaqif Cəbrayılzadə daxil edilsin. İşçi qrup əsəri müzakirə etsin və yekun variantı komissiyaya təqdim etsin. Komissiya da öz növbədində "Azərbaycan marşı"nı səsverməyə çıxarsın. Əvvəlki komissiyanın sədri Fazil Muradəliyev də bu təklifi dəstəklədi. Məncə, hər iki komissiyanın rəhbərləri birlikdə bu qərara gəlmişdilər. Komissiyanın növbəti iclasında Aydın K. Azim, Vaqif Səmədoğlu və Baqif Cəbrayılzadə iştirak edirdilər. Tofiq Quliyev və Covdət Hacıyev dəvət olunsalar da, müzakirələrə qatılmamışdılar. Buna baxmayaraq, Firudin Cəlilov işçi qrupun yaradılması haqqında təklifini elan etdi. Məlum idi ki, Tofiq Quliyev bu qrupda iştirak etməyəcək. Çünki, o öz variantı ilə müsabiqədə iştirak edirdi. Covdət Hacıyev isə səhhəti ilə bağlı müzakirələrə qatıla bilməmişdi.
Milli Şuranın Təhsil, elm, mədəniyyət və din mədələləri komissiyasının bu təklifi Bəstəkarlar İttifaqında birmənalı qarşılanmadı. Şairlər arasında da bu təklifə etiraz edənlər oldu. Çünki həm bəstəkarlar, həm də şairlər arasında himn müsabiqəsində öz variantıarı ilə iştirak etmək istəyənlər var idi. Yaradılmış işçi qrup isə dəfələrlə görüşərək "Azərbaycan marşı"nı təkrar-təkrar nəzərdən keçirirdi. İşçi qrupun birgə səyi nəticəsində mətndə iki cüzi, amma önəmli dəyişiklik edildi. Birinci düzəliş haqqında yazının əvvəlki hissədində məlumat vermişəm.
"Sənə hər dəm can qurban" misrası "Sənə hər an can qurban" kimi qeyd olunub. "dəm" sözü "an" sözü ilə əvəzlənib. Çünki ifa olunanda "hərdən" kimi səslənə bilərdi.
İkinci dəyişiklik isə o oldu ki, "Sənə bir çox məhəbbət" misrasının "Sənə min bir məhəbbət" kimi yazılması təklif olundu. Bu misrada "bir çox" sözləri "min bir" sözləri ilə əvəzləndi. Birinci dəyişikliyi Aydın K. Azim, ikinci dəyişikliyi isə şairlər təklif etdi. Hər iki dəyişiklik razılıqla qarşılandı.
Komissiyanın işində vacib məsələlərdən biri də “Azərbaycan marşı”nın sözlərinin müəllifini müəyyən etmək idi. Çünki bu həssas məsələ tez-tez qaldırılır və mətnin Əhməd Cavada aid olması ilə bağlı faktların ortaya qoyulması tələb olunurdu. Əksəriyyət sözlərin Əhməd Cavada aid olmasına əminliyini bildirsə də, bunu sübut edəcək sənəd tapılmırdı. Arxivlərdən, Əlyazmalar fondundan, Elmlər Akademiyasının Ədəbiyyat İnstitutundan da təsdiqləyici fakt, sübut, sənəd təqdim olunmamışdı. “Azərbaycan marşı”nın ilk dəfə 1965-ci ildə Türkiyədə nəşr olunmasına, 70 il ərzində mühacir həyatı yaşamağa məhkum edilmiş görkəmli şəxsiyyətlərimizin, düşüncə adamlarımızın xidmətləri sayəsində bu əsərin gələcək nəsillər üçün qorunub saxlanmasına nail olduqlarına görə Azərbaycan Kültür Dərnəyi ilə əlaqə yaradıldı. Komissiyanın sədri Firudin Cəlilov onlarla müntəzəm qaydada məsləhətləşmələr aparırdı. “Azərbaycan marşı”nın sözlərinin Əhməd Cavadın adıyla bağlılığının haradan qaynaqlandığı haqqında yazının növbəti hissəsində geniş və ətraflı məlumat verərəm. Bu çox vacib və önəmli məsələyə aid bildiklərimi, topladığım faktları diqqətinizə çatdıracağam. Hələ ki, Bakıda gedən mücadilənin təfərrüatına nəzər salaq.
"Azərbaycan marşı" körpə uşaqların və məktəblilərin də sevgisini qazanmışdı.
Biz, "Azərbaycan marşı"nın himn kimi təsdiq edilməsini arzulayan bir qrup gənc qərara gəldik ki, orta məktəblərdə və uşaq bağçalarında eksperiment keçirək. Belə ki, məktəb və bağçalarda musiqi dərsi deyən tanışlarımızdan xahiş etdik ki, uşaqlara Azərbaycan sovet himnini və "Azərbaycan marşı" nı bir neçə dəfə dinlətsinlər. Sonra onların hansı əsəri necə qavramaları və reaksiyaları haqqında bizə məlumat versinlər. Təxminən 10 məktəb və o qədər də uşaq bağçasında tanıdığımız müəllimlər hər iki əsəri uşaqlara bir neçə dəfə dinlədirlər. Bir neçə gündən sonra müəllim tanışlarımızın hamısı bizi heyrətləndirəcək məlumatlarla geri göndü. İnanıımaz idi. Bütün müəllimlər bir nəfər kimi qeyd etdilər ki, bir necə dəfə dinləyəndən sonra uşaqlar "Azərbaycan marşı" nı əzbərdən və sevə-sevə oxuyurdular. Bu, qeyri-adi bir hadisə idi. İki-üç dəfə dinləyəndən sonra uşaqların sözləri və musiqini əzbərdən oxuması bizi heyrətləndirmişdi. Üzeyir bəyin "Azərbaycan marşı" uşaqdan-böyüyə bütün millətin qanına hopmuşdu. Bu əsər ana laylası qədər doğma, əziz, halal idi hamıya. Mən bu eksperiment haqqında o vaxtlar Ali Sovetdə işləyən Gülnarə Qurbanovaya (Şıxəli Qurbanovun qızı) danışmışdım. O da çox heyrətlənmişdi buna.
Bir neçə gündən sonra Dovlət Teleradio Verilişləri Şirkətinin həyətində Gülnarə xanımla qarşılaşdım. Mən onda AzTV-də işləyirdim. Gülnarə xanım biıdirdi ki, sabah sizin sədrin otağında komissiya üzvləri ədəbiyyat xadimləri və şairlərlə görüşəcək. Mütləq sən də iştirak edərsən. Növbəti gün günorta saatlarında həmin vaxt Dövlət Teleradio Şirkətinin sədri təyin olunmuş Elşad Quliyevin kabinetinə yığışdıq. Komissiya üzvlərindən başqa görüşdə Bəkir Nəbiyev, Cabir Novruz, Aslan Aslanov, Qasım Qasımzadə, Fikrət Qoca, Nəriman Həsənzadə, Yaşar Qarayev, Vaqif Cəbrayılzadə də iştirak edirdi. Elan olundu ki, tezliklə himn üçün təqdim olunmuş dörd əsərə içtimai dinləmə keçiriləcək. Tofiq Quliyev sovet himnini, Vasif Adıgözəlov "Koroğlu" operasından And xorunu, Musa Mirzəyev "Ey Vətən" xorunu və Aydın Əzimov (Aydın K. Azim) "Azərbaycan marşı"nı təqdim edəcək. Ədəbiyyatçılar və şairlər sovet himninin hansı sözlərlə ifa olunacağı ilə maraqlandılar. Komissiya üzvləri bildirdi ki, hələ münasib mətn seçilməyib. Mübahisə yarandı ki, mətn seçilməyibsə, niyə içtimai dinləməyə çıxarılır? Komissiya işi yekunlaşdırmaq lazım olduğunu dəfələrlə vurğulasa da, ədəbiyyat xadimləri bunun doğru olmadığını qeyd edirdilər. Vəziyyət getdikcə gərginləşirdi. Vaqif Cəbrayılzadə əsəbi halda söylədi ki, biz niyə özümüzü dağa-daşa salırıq? Nəyə və kimə lazımdı bu? Üzeyir Hacıbəyli Azərbaycan Demoktatik Respublikasının himnini yazıb, bizə miras qoyub. Vaqif Səmədoğlu və bəstəkar Aydın Əzimovla biz "Azərbaycan marşı" üzərində diqqətlə işləmişik. Himnimiz hazırdır. Səsə qoyun, qəbul edin, bitsin bu iş. Nə qədər olar, eyni fikirləri hər dəfə müzakirə edirik, sonra dağılışıb gedirik. Artıq buna heç bir əsəb dözmür. Bir addım belə irəliləyə bilmirik. Bizə mane olan nədir?..
Vaqif Cəbrayılzadənin əsəbi çıxışından sonra Yaşar Qarayev söz aldı. Ədəbiyyatşünas alim Yaşar Qarayev bildirdi ki, "Azərbaycan marşı"nın sözlərinin müəllifi Əhməd Cavad olmasını təsdiqləyən rəsmi sənəd yoxdur. Biz himni qəbul edirik, amma söz müəllifinin kimliyini hələ də tapa bilməmişik. Azərbaycanda heç bir sənəd, dəlil, sübut yoxdur. Düzdür, mətn Əhməd Cavadın dilinə, üslubuna çox yaxındır. Ancaq nə əlyazma, nə də bu haqda başqa bir məlumat əldə olunmayıb. Türkiyəyə müraciət etmişik, orda arxivlərdə axtarılır. Bəkir Nəbiyev də Yaşar Qarayrvin fikirlərini dəstəklədi. Vaqif Cəbrayılzadə yenidən söz alaraq bildirdi ki, mətnin Əhməd Cavada aid olmasında qətiyyən şübhə yoxdur. Onun dilidir, onun üslubudur. Komissiya sədri Firudin Cəlilov bildirdi ki, biz də Türkiyədəki dostlala əlaqə saxlamışıq. Onlar da bu işlə məşğuldurlar. Ümid edirik ki, tezliklə bu məsələyə aydınlıq gətiriləcək.
Gülnarə Qurbanova görüş iştirakçılarına müraciət edərək bildirdi ki, bizim gənclər maraqlı bir iş görüblər. İcazənizlə Kamil Şahverdiyevə söz verək, ətrafll danışsın. Mən bizim məktəb və bağçalarda keçirdiyimiz eksperiment haqqında məlumat verdim. Hamı məni maraqla dinləyirdi. Aslan Aslanov mənim çıxışımdan sonra söylədi ki, biz gənclərimizin istəyinə hörmətlə yanaşmalıyıq. Onlar bu ölkənin gələcəyidir. Qasım Qasımzadə də bizi dəstəklədiyini bildirdi və komissiya üzvlərindən xahiş etdi ki, bunları nəzərə alsınlar. Vaqif Cəbrayılzadə bildirdi ki, xalqımız, gənclərimiz "Azərbaycan marşı"nı artıq himn kimi qəbul edib. Bunu, sadəcə, rəsmiləşdirin, bitsin məsələ.
Görüş müsbət əhval-ruhiyyədə yekunlaşdı, iştirakçılar dağılışmağa başladılar. Aslan Aslanov qoluma girdi və biz birlikdə həyətə çıxdıq. Aslan müəllim mənə dedi ki, siz nə yaxşı iş görmüsünüz, mən çox fərəhləndim. Afərin sizə.
Bir neçə gündən sonra elan olundu ki, 1992-ci il may ayının 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında himn üçün təqdim olunmuş əsərlərin içtimai dinlənməsi olacaq. Bəstəkarlar notları filarmoniyada orkestrə təqdim etdilər. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri məşqlərə başladı.
İçtimai dinləməyə təxminən iki həftə vaxt qalmışdı. Bir gün Aydın K. Azim dedi ki, dünən Cövdət Hacıyevlə telefonda danışmışam. Bu gün məni evinə dəvət edib. Partituraya, klavirə baxmaq istəyir. Yeri gəlmişkən, qeyd edim ki, Cövdət Hacıyev bəstəkarlardan yeganə insan idi ki, "Azərbaycan marşı"nın himn kimi qəbul olunmasının tərəfdarı idi. Tək olsa da, onun nüfuzu, aftoriteti, peşəkarlığı çox böyük dəyərə malik idi. Yadımdadır, Dövlət Televiziyasının Səsyazma Evində bəstəkarlarla görüşdə hamı "Azərbaycan marşı"nın əleyhinə çıxış etdi. Xəyyam Mirzəzadə hətta əsəbi halda qapını çırpıb getdi. Bəstəkatların, demək olar ki, hamısı bir nəfər kimi "Azərbaycan marşı"nın himn üçün yaramadığını deyəndə bayaqdan bütün olanları sakitcə dinləyən Cövdət Hacıyev səsini qaldırmadan, aram-aram danışmağa başladı:
"Himn üçün təklif olunan bütün variantlar ayrı-ayrılıqda çox qiymətli əsərlərdir. Onların hər birisi himn olmağa layiqdir. Çünki onlar hamısı böyük müəllimimiz Üzeyir bəyin əsərləridir. Bizim xoşbəxtliyimiz ondadır ki, Üzeyir bəy kimi dahi şəxsiyyıtimiz var. Bizim üzərimizə böyük tarixi və məsuliyyətli missiya düşüb. Dövlətin himnini seçməliyik. Hamınızı diqqətli olmağa dəvət edirəm. Fikir verin, təkıif olunan əsərlər, Aydın Əzimovun təklifindən başqa, bizə çox yaxşı məlumdur. Biz bu əsərləri sevirik, onlarla yaxından tanışıq. Amma Aydın Əzimovun təklif etdiyi əsər bizə məlum deyildi. Bu yaxınlarda biz Üzeyir bəyin bu əsəri ilə tanış olmuşuq. Bu da Aydının xidmətləri sayəsində baş verib. Mən əsəri Aydının redaktəsində bir neçə dəfə dinləmişəm. Qeyd etməliyəm ki, Aydın Əzimov yüksək peşəkarlıqla bu işin öhdəsindən gəlib. Mən onu hələ gənc yaşlarından yaxşı tanıyıram. Rektor olduğum müddətdə konservatoriyada təhsil alıb. Əsərləri həmişə məndə maraq oyadıb. Bu gün gördüyü işə görə mən Aydın Əzimova dərin təşəkkürümü bildirirəm və ona uğurlar diləyirəm.
Mənim filrimi bilmək istəyirsinizsə, mən Üzeyir bəyin "Azərbaycan marşı"nın himn kimi qəbul olunmasının tərəfdarıyam".
Cövdət Hacıyev danışarkən zalda tam sakitlik yaranmışdı. Hamı diqqətlə onu dinləyirdi. Canlı klassik, ağsaqqal bəstəkar çıxışından sonra üzrxahlıq edərək iclası tərk etdi. Bu çıxışdan sonra nəsə deməyin yersiz olduğu hamıya məlum idi. Komissiyanı sədri Fazil Muradəliyev iclası yekunlaşdırdı və növbəti müzakirələrin vaxtı haqqında əlavə məlumat veriıəcəyini biıdirdi.
İndi Aydın müəllimlə Cövdət Hacıyevin görüşü çox maraqlı idi. Ustad sənətkarın mövqeyi çox şeyi həll edirdi. Bir neçə saatdan sonra Aydın müəllimlə Covdət Hacıyevin yaşadığı (Sahil bağı yanında, Rəssamlar İttifaqının yerləşdiyi bina) evə tərəf yollandiq. Aydın müəllim yuxarı qalxdı, mən də Sahil bağında onu gözləyirdim. 2 saatdan artıq gözləməli oldum. Nəhayət, Aydın müəllim qapıda görsəndi. Çox fərəhli idi. İki saat bundam qabaq gördüyümdən tamam fərqli idi. Mən tələsik yaxınlaşdım və səbirsizliklə soruşdum: "Nə oldu, necə oldu, Cövdət müəllim nə dedi?"
Aydın müəllim gülümsəyərək, – hər şey əladır, narahat olma, gedək bir yer tapaq, oturaq, hər şeyi danışaram, – dedi.
Aydln müəllim başladı ətraflı danışmağa:
"Cövdət müəllim məni çox səmimi, çox mehriban və isti qarşıladı. Əvvəl qonaq otağında oturduq, hal-əhval tutdu. Əminə xanım (Cövdət Hacıyevin xanımı, milli rəqslərimizin mahir biıicisi, görkəmli rəqs ustası Əminə Dilbazi-K. Ş.) çay süfrəsi açdı. Çay içə-içə məndən "Azərbaycan marşı" haqqında, tarixi haqqında, bu işı necə başlamağım haqqında soruşdu. Mən ətraflı danışdım. Lap tələbəlik illərində olduğu kimi. Biz oxuyanda Cövdət müəllim konservatoriyanın rektoru idi. Hələ o vaxtdan mənə isti münasibəti vardı. Çayımızı içəndən sonra məni kabinetə dəvət etdi və zarafatla dedi: Çay içdik, daha bəsdi, gedək bir az işləyək. Kabinetdə partituranı məndən aldı, diqqətlə o üzünə, bu üzünə baxdı. Sonra eynəyini taxaraq özünəməxsus amiranəliklə partituranı açdı. Elə ilk andan sanki bütünlüklə Üzeyir bəyin musiqi dünyasına daxil oldu. Hər səhifəni diqqətlə yoxladı. Sona çatıb bir də yenidən əvvələ qayıtdı. Yenə eyni maraqla, eyni diqqətlə səhifələrin hamısını yoxladı. Bir yerdə dedi ki, Aydın, burda valtorna ilə trambonun yerini dəyişmək pis olmaz. Özü dedi, dərhal da davam etdi ki, yox, ehtiyac yoxdur. Hər şey yerindədi. Mən böyük, ustad bəstəkardan, dəyərli müəllimdən maraqlı təkliflər eşitmək istəyirdim. Anacaq Cövdət müəllim qətiyyətlə söylədi ki, hət şey yüksək səviyyədədi, heç nəyi dəyişmə.
Cövdət müəllim partituranı mənə qaytardı və ayağa durub məni qucaqladı. Hər iki əlimi tutub dedi: "Sən heç bilirsən, necə böyük iş görmüsən? Bu, tarixi bir işdir. Hər bir bəstəkar arzulayardı ki, bu işi görmək ona nəsib olsun. Mən çox sevinirəm ki, bu işi sən görmüsən. Halal olsun! Mən səninlə qürur duyuram. Xoşbəxtəm ki, sən mənim rektorluğum dövründə oxumusan. Çox sağ ol. Gedək bir çay da içək".
Gəldik yenə qonaq otağına. Cövdət müəllim Əminə xanımdan bizə çay verməsini istədi.
Üzbəüz oturmuşduq. Ancaq Cövdət müəllimin nəzərləri tarixin dərinliklərinə dikilmişdi. Asta-asta, sanki özüylə danışırdı:
"Qəribədir, Üzeyir bəy bu əsərlər barədə bizə heç nə deməyib. Yəqin, bizi qorumaq üçün bizdən gizlədib bunları. İstəməyib ki, başımız ağrısın...
Aydın, sən çox böyük iş görmüsən. Həm də sən Üzeyir bəyin ruhunu, nəfəsini qorumusan. Çox gözəl işləmisən bunu. Mən çox bəyəndim.
Orda (müzakirələrdə-K.Ş.) mənim fikirlərimi hamıya çatdıra bilərsən. Əgər səsvermə olarsa, mən ikiəlli sənin işinə səs verirəm. Lazım bilsələr, zəng eləsinlər, mənim fikrimi soruşsunlar. Düşünürəm ki, Azərbaycanın himni mütləq bu əsər olmalıdır".
Dedim ki, əsərin adı "Azərbaycan marşı"dır deyə, hamı deyir ki, bu, marşdır, himn deyil. Gülümsəyərək dedi ki, bu, marş deyil axı, bu, əsl himndir.
Mən təşəkkür edib getmək üçün icazə istədim. Cövdət müəllim də qalxdı və Əminə xanımı çağıraraq dedi ki, gəl sağollaş, Aydın günümüzün qəhrəmanıdır. Əminə xanımın əlini opüb sağollaşdım. Cövdət müəllim məni qapiya qədər ötürdü. Qapını açıb mənə tərəf döndü və dedi:
"Aydın, mən səninlə fəxr edirəm. Çox sağ ol belə böyük bir işi görmüsən. Xahiş edirəm, müzakirələrin nəticəsi haqqında mənə məlumat verərsən".
Biz Aydın müəllimlə həmin gün çox xoşbəxt anlar yaşadıq. Üzeyir bəyin tələbəsi, canlı klassik, zəmanənin böyük bəstəkarı, əvəzolunmaz pedaqoq, konservatoriya tarixinin ən dəyərli rektoru Cövdət Hacıyev "Azərbaycan marşı"na xeyir-duasını vermişdi.
1992-ci il mayın 25-nə sayılı günlər qalmışdı. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında himn üçün təqdim olunmuş əsərlərin içtimai dinlənməsi olacaqdı. Əsərlərin dördü də Üzeyir bəyə məxsus idi.
(davamı var)
“Ədəbiyyat və incəsənət”
(13.10.2025)