REDAKSİYANIN POÇTUNDAN – Pərvanə Əliqızının hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında bu dəfə sizlərə Pərvanə Əliqızının “Susqun üsyan” adlı hekayəsini təqdim edirik.

 

Tibb işçilərinin psixosomatika, sadə insanlarınsa dəlixana adlandırdığı şöbədə səhərə açılan ilk günü idi.  Palatada dəmir çarpayıdan və çarpayının üstündəki köhnə odeyaldan, pambıq döşəkdən, yumrulanıb bir yerə toplanmış yastıqdan, bir də köhnə sınıq salxaq dolabın üstündəki bir dəfəlik stəkandan başqa heç nə yox idi.

Onsuz da köhnə olan xəstəxananın ən baxımsız yeriydi bu şöbə. Burda divarlar qarayla boz rəngin vəhdətindən əmələ gəlmiş qəribə cansıxıcı bir rənglə rənglənmişdi. Bəlkə rəssamlardan soruşan olsaydı onlar  insanı donduran , biganəliyə sürükləyən bu rəngin adını bilməzdilər. O, ibtidai sinif müəlliməsi kimi təhsil aldığına görə rənglərdən və onların xarakterindən xəbəri vardı. Özünü buralara gətirib çıxaran səbəbləri burdakı rənglərlə birləşdirəndə, nəhayət ki, rəngin adını tapdı bu, biganəliyin, laqeydliyin, insanı hər kəsdən, hətta özündən də küsdürən, özləri uzaq  adları isə ”yaxın” olan yaxınlarının qayğısızlığının rəngi idi. Canındakı heysizliyin rəngi idi.

Dünən vurulan iynələrdən bədəninin bütün əzələləri boşalmışdı. Belinin üstündə güclə saxladığı bədənini bükülmüş dizlərinə söykəyib, iki qatlanıb oturmuşdu. Həmişə sevə- sevə darayıb formaya saldığı saçları pırpızlaşıb elə həqiqi dəli obrazı yaratmışdı. Zehninin dərinliklərində dəli olmadığını anlayırdı. Hətta çığırıb, ağlayan və qızımı dəlixanaya aparmayın deyib, gah həkimlərin dizinə qapanıb, gah da atasının üstünə qaçıb onun sinəsini yumruqlayan bibisinin səsini xatırlayırdı.

Dağınıq baxışlarıyla pəncərədən çölə baxdı. Pəncərənin qarşısında təkəbbüründən heç kimə, heç nəyə pay verməyən atası qaş qabağından qar yağdırırmış kimi siqaret çəkirdi. Bir az aralıda illərlə qəbullandığı mütiliyin, çarəsizliyini, soyuğunu sümüklərinə hopdurmuş anası yayın istisində nimdaş pencəyinə bürünmüş və psixoloji vəziyyəti heç də ondan seçilməyən qardaşına söykənib durmuşdu. Bir anlıq kütləşmiş zehni ilə ayırd etməyə çalışdı:- görəsən atası bir əşya qədər dəyər vermədiyi, amma ona iki övlad vermiş bu qadını özünə yaraşdırmadığı üçün belə kənara çəkilmişdi, yoxsa getdiyin evdə lal olmalısan nağılıyla yuxuya getmiş anası silkələnib yuxudan oyanmışdı? İnana bilmirdi!.. Dünyanın bu vaxtı qaynatadan ayıbdı deyə başından örpəyin açmayan, bir dəfə də olsun güzgünün qabagında durub öz gözəlliyinə tamaşa etməyən, onu əzənlərin, övladlarını əzənlərin qarşısında yumağa dönən anası axı bir gündə oyana bilməzdi! Bəlkə də .... Ola bilərdi.. övladının canının yanması onu həqiqətən ayıltmışdı...

Yenə yaddaşı dünənki günə qayıtdı. Tarım çəkilmiş sinirləri sanki rahatlamaq üçün onu çırpınmağa bağırmağa vadar edirdi. Gücü gəldikcə qışqırıb özünü pəncərədən atmağa çalışırdı. Tıbb işçiləri onu zorla pəncərədən ayırıb çarpayıya yıxmışdılar. Əl qolunu bağlayıb müqavimətini qırmağa çalışırdılar.Dünənki çığırtılarının içərisində bir – birini günahlandıran ailə üzvlərinin mübahisələrini necə eşitmişdi   bilmirdi. Atası həkimlərə ailədə hər şeyin normal olduğunu demişdi. Ancaq hadisələrin gedişatı bibisinin gəlişi ilə dəyişmişdi.Onun dəlixanaya köçürüləcəyini eşidəndə  ürəyində saxladığı qəzəbini qardaşına və neçə gündür özünü  doğma ana kimi təqdim edən qardaşının nigahdan kənar ikinci arvadına püskürmüşdü. Baldızının qəfil hücumunun qarşısını almaqdan ötrü həmişəki kimi naz qəmzəli ədasıyla ərinə, daha doğrusu ailəsindən dartıb qopardığı adama sığınmağa çalışdı.

-Sən etdin! Atamın nəvələrini sən dəli etdin!-deyib qadının üstünə cumdu .

- Görürsən bacın məni nələrdə günahlandırır? Mən sənin övladlarını öz övladım bilirəm.-deyirdi.

Bu dəfə vəziyyət özgə idi. Hökmlü ailə başçısının  həm öz maskası düşmüşdü, həm də qızın sevdiyi oğlanın başqasıyla evli olduğunu eşidib özündən çıxmışdı.

-İkinizdə susun!  Mən qızımı sizə etibar etmişdim. İndi eşitdiklərimə baxın!

 Gah bacısını, gah da ikinci arvadını danlayırdı. Özündən başqa hər kəsdə günah axtarırdı. Ərinin köməyinə çatmayacağını  görəndə yazıq cildinə girib, ağlayırmış kimi burnunu çəkə - çəkə kənara çəkildi. Amma baldızı susmaq bilmirdi. Qardaşının öz ailəsinə yaşatdıqları onun səbrini tükətmişdi.  Ata da susmaq bilmirdi. O, da öz dilinin altında deyinib , dururdu. Demək  qızını dəli edən sevdiyi oğlanmış!.. .

Ancaq şahidi olduğu səhnələri gördükcə, öz - özünə təkrarlayırdı: “ Dəli olmağımın səbəbini  özüm daha yaxşı bilirəm . Həmin səbəblər nə dünən, nə də bu gün meydana gəlməyib.. Dəqiq desəm kiçik qardaşım, yəni ögey qardaşım ilə yaşıddır. “

Uşağın dünyaya gəlməsindən  ilk xəbər tutan bibisi  olmuşdu. Yenə  bu günkü kimi aciz gəlinlərini və onun övladlarını qorumağa çalışmışdı. Həmin vaxt oğullarının nüfuzunu qorumaq istəyən valideynləri onu susdurmuşdular. Bu durum hər kəsdən çox o qadının işinə yaramışdı. Tədbirli tərpənib  hadisələri öz xeyrinə çevirmişdi. Ərinin ailəsinin onların münasibətindən xəbər tutduğunu bilən kimi onun övladlarını, ilk növbədə Ayşəni ələ almağa çalışmışdı.

Analığının ilk dəfə  onun yanına gəldiyi günü xatırladı. Hələ atasının ikinci arvadı haqqında yeni eşitmişdi. Xəbərin təsirindən qurtulamamış qadın özünü onun yaşadığı bibisi evinə çatdırmışdı. Zəngin səsinə qapıya yaxınlaşanda, qapıda bərli - bəzəkli, anasının tam əksi olan bir qadın dayandığını gördü . Qadın açıq qəhvəyi saçlarını toplayıb arxaya yığmışdı.  Saçlarıyla həmrəng qəhvəyi iri gözləri, əndamı kimi ətli dodaqları, yay kimi aşağı-yuxarı dartılıb, sifətinə xüsusi işvə verən, qalın, uzun qaşları var idi. Həyatın  təqdim etdiyi bir təzad da bu qadının ona öz anasından çox bənzəməsi idi. Qadın bədəninə sərbəst oturmuş enli ətəkli geyimdəydi. Sağ - sola hərləndikcə ətəyi dalğalanır ona bir azda naz qatırdı. Qapını açar – açmaz onun boynuna sarılıb, üzündən öpdü. Heç soruşmağa ehtiyac qalmadı. Özü – özünü təqdim etdi. Əlində çarəsi olsaydı onu qapıdan qovar, anasının alçaldılmış mənliyinin qisasını alardı. Lakin atasının qəzəbindən qorxduğu üçün susurdu. Qızın susqunluğundan istifadə edib, bir azda cəsarətləndi. Bu cəsarətin bir qismi baldızının evdə olmamasından irəli gəlirdi. Qızın çaşqınlığı ona planın həyata uğurla keçəcəyi müjdəsini verirdi. Ona  görə  dilini işə saldı.

Bax canım artıq mənim qızım sayılırsan.  Səni burda qoya bilmərəm, atan da bunu istəyir. Bu gündən öz evimizdə birlikdə yaşayacağıq.

Ayşən bibisinin fikrini bilmədən heç yana getmək istəmirdi.  Qadının təkidi, atasının tapşırığı ilə buraya gəldiyini deməsi onu qərarsız qoymuşdu. Ovunun çaşqınlığı Gülşahı daha da ürəkləndirmişdi.  Nə baş verdiyini bilənə qədər analığı  artıq onun əşyalarını toplamışdı. Analığın evinə çatanda   telefon danışıqlarını eşitdi və atasından xəbərsiz buraya gətirildiyini anladı.Atası  qızının o evdə yaşamağının düzgün olmadığını deyirdi. Gülşahsa, bunun ən doğru variant olduğuna ərini inandırmağa çalışırdı : - İndiki ailən bizim münasibətimizdən xəbər tutub, uşaqların məni tanımalı və bilməlidirlər ki, onları öz övladımdan ayırmıram - deyirdi. Nəhayət onun zəif damarını tutub öz planını həyata keçirə bildi. Bu gündən sükan onun əlinə keçdi.

 Artıq onun evində qalır, dərslərinə burdan davam edirdi.Analığının qurduğu oyunların tam mərkəzinə düşmüşdü. Özünü  şirin satmaq üçün oğlunu acılayır, o yana bu yana keçib onu qucaqlayırdı. Allahın qadınlara verdiyi analıq hissiyatı onda da var idi və buna görə də hərəkətlərdəki saxtalığı duyurdu. Uşağın ərköyün tövrlərindən açıq aydın görünürdü - atasıyla bu qadın  onu çox əzizləyiblər.    özü nə də qardaşı belə nəvaziş görməmişdi.

Onu ən çox incidən hər kəsin yanında zəhmli olan atanın ikinci arvadın yanında əmrə müntəzir durması idi. Halbuki anası onların hansısa bir problemini ərinə çatdırmaq üçün qaynananın və qaynatanın köməyindən istifadə etməli olurdu.

Hərdən  anasını bu qadınla müqayisə edirdi. Görəsən belə  qayğı və diqqət  anası üçün olsaydı, yenədəmi evdə səssiz kölgə kimi gəzərdi? Atasının və analığının saxta hərəkətləri onu yormuşdu. Anası ilə dərdləşə bilməzdi. Onsuz da anası hər şeyi içində səssiz-səmirsiz çəkirdi. Zahirən ailəyə bənzəyən ailəsindən uzaqlaşıb, bütün meylini sevdiyi oğlana salmışdı.

Bir gün dərsdən gələndə yolboyu onu təqib edən oğlan zəhləsini tökmüşdü. Yaşadıqları məhəlləyə çatanda ürəklənib, onu qovmaq istədi. Hərdən həyətdə qarşılaşdığı boy-buxunlu, cüssəli oğlan haradan peyda oldusa, bir anda yad adamın başının üstünü alıb, aşının suyunu verdi. Özünü itirdiyindən oğlana təşəkkür etməmiş evə qaçdı. Bir neçə gündən sonra qarşılaşanda köhnə tanışlar kimi hal - əhval tutdular. Xilaskarı yavaş-yavaş   ürəyinə yol tapdı. Gözündə bütə çevirdiyi adamın heç bir cəhətdən atasına oxşamağın istəmirdi.

Analığı tezliklə onun sevdiyi oğlan haqqında  öyrəndi və bu dəfə əlinə daha böyük şans düşdü. Ayşənin oğlanla görüşünə şərait yaradıb sonra da atan bilsə, nə deyəcəm deyib, özünün “xüsusi “xidmətini şişirdirdi. Nəhayət ki, Ayşənin qorxduğu başına gəldi sevdiyi adam nəinki atasına bənzəməmiş hətta ondan da betər olmuşdu..Oğlanın başqasıyla evli olduğunu eşidəndə qəzəbindən nə edəcəyini bilmirdi. Ona yalançı, ikiüzlü, alçaq olduğunu desə də , əvəzində aldığı cavab bu olmuşdu.

Necə yəni məndə atan kimi iki arvad almalıydım?

Söz Ayşəni ildırım kimi vurmuşdu.

Ailəsinin və sevdiyinin ona uddurduğu zəhəri qaytarmaq üçün ürəyi bulanmağa başlamışdı. Bütün bədənini çulğalayan ikrah hissi beynini sıxmağa və bədənini zəiflətməyə başlamışdı. Gözlərinin yumulduğunu müvazinətinin itdiyini hiss edirdi. Xəstəxanada ayılanda təşviş içində olan atasını görəndə nə baş verdiyini xatırlamağa çalışdı. Xatırladı da...  Amma  dəli olmaq bahasına...

Baş verənləri xatırladıqdan sonra yenidən gözləri dəmir barmaqlıqlı pəncərəyə dikildi. Bilirdi bu gündən sonra pəncərənin arxasında onu rahat həyat gözləmir. Yaşadığı rayona qayıdanda – Hər kəsi qınamağa hazır olan, başqalarının dərdlərini gülüşə çevirib yüngül beyinlərinin ac mənliyinə məzə kimi yedirtmək istəyən insanlar Dəli Ayşən deyib üstünə güləcəkdilər. Hər kəs ona eşqindən dəli olmuş deyəcəkdi, heç olmazsa biri də çaşıb atasının burnundan qabağı görməyən təkəbbüründən,xəyanətindən dəli olduğunu desəydi ... Bu incə bu zərif varlığı dünyanın ən qaniçən canavarının qarşısına atsaydılar onun zərifliyinə qıymazdı, amma yaşadığı mühitdə insan adlanan ən yırtıcı varlıqlar ona qıyacaqdılar.

Özünə acıya-acıya  bir ailədən üç qadını, özünü, anasını birdə bibisini müqayisə etməyə başladı.

Bibisi Sevda haqsızlığa dözə bilmirdi. Çətinə düşəndə gücü qışqırıb, ağlayıb, susmağa çatırdı. Anası, bu qadın sanki susmaq üçün yaradılmışdı. Ailə quran gündən ərindən çox qaynana və qaynatanın rəğbətini qazanmağa çalışmışdı. Bəlkə  heç vaxt ərinin diqqət mərkəzində olmayacağını anlayandan sonra belə səssiz köləyə dönmüşdü. Özünə gələndə isə nə qışqırıb, nə də susmuşdu.. Elə birdəfəlik dəli olmuşdu.

Bulanıq gözlərini pəncərədən çəkib, ayaq barmaqlarının ucuna zillədi. Eynən anası kimi üşüyə-üşüyə halsız qollarıylla dizlərini bir az da bərkdən qucaqladı. Əvvəl yüngülcə yellənməyə başladı, sonra isə ağlını yerindən oynadan fikirlərin əlindən yenidən krizə girdi. Gücü gəldikcə qışqırıb özünü sola-sağa çırpmağa başladı...

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2025)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.