Ədəbiyyatımızın zadəgan qızı Zemfira Məhərrəmli Featured

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Yüksək mədəniyyət, mehriban davranış, xeyirxahlıq kübarlıqdan irəli gəlir. Kübarlıq isə zadəganlıq əlamətidir, əsilzadələrə xas olur. Sadə, təvazökar, işgüzar və zəhmətkeş xanımdır. Yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur. Ərsəyə gətirdiyi əsərlərin hər biri insanlığa, mənəviyyata xidmət edir. Ünsiyyətdə nəzakətli və iltifatlıdır. Məhz elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayıb...

 

Gözəl adı var- Zemfira. Adının mənası ciddi, şanslı, aktiv və diqqətli deməkdir. Bir vaxtlar işğal altında olan torpaqlarımız uğrunda döyüşən fədakar qadınlar haqqında ərsəyə gətirdiyi “Qarabağ müharibəsi: zərif talelər” kitabı bəlkə də, bu mövzuda qələmə alınan ən gözəl publisist yazılar toplusudur. İndiyədək iyirmi kitabı işıq üzü görüb. Onların əksəriyyətində məhz Qarabağdan söhbət açılır. Bu xanıma hakim kəsilən milli qeyrət, düşmənə nifrət yazdığı əsərlərdə də öz əksini tapıb. Bu da onun böyük vətənpərvər olduğunun təzahürüdür…

 

Deyir ki:- “Mən Qarabağ Veteran Qadınlar Təşkilatının fəxri üzvüyəm. İllər öncə, ilk təsis konfranslarında mənə üzvlük biletini təqdim etdilər. "Haqqımızda yazan, bizi tanıdan sizsiniz”,-deyirdilər. Bu sözlər mənim üçün qürurverici idi. Bayramlarda, həyatımın hansısa əlamətdar günündə, bəzən isə çətinlikləri olanda zəng edirlər. Kömək edə biləndə sevinirəm. Bizim üçün xüsusi bir gün var. 8 Mart Qadınlar Bayramı günü biz şənlik keçirmirik. Bir qucaq al qərənfillə Şəhidlər Xiyabanına gedir, bu müqəddəs məkanda uyuyan şəhid qızlarımızı yad edirik...”

 

1991-ci ildən mətbuatda həm də hərbi mövzuda yazılarla çıxış edir. Dəfələrlə “qaynar” nöqtələrdə olaraq Qarabağ müharibəsinin dəhşətləri, torpaqlarımızın bölünməzliyi uğrunda çarpışan oğul və qızlarımızın hünərini əks etdirən silsilə cəbhə reportajları hazırlayaraq dərc etdirib. 2010-cu ildə “Tərəqqi” medalına, 2018-ci ildə AYB-nin Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb. 2018-2019-cu illərdə IX və X “The first” ödülləri ilə mükafatlandırılıb. Prezident mükafatçısıdır. 2003-cü ildə elmi iş müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Müəllifi olduğu bir sıra publisistik və bədii əsərləri ana dili ilə yanaşı rus, ingilis və türk dillərində çap olunub…

 

“Səmimi etiraf edim ki, ədəbi yaradıcılığımda bir telefon zəngi mühüm rol oynayıb. "Bakı” qəzetində işlədiyim zaman xalq yazıçısı Hüseyn Abbaszadə mənə zəng etdi. 1997-ci ilin aprel ayı idi. Dedi ki, qızım mən sizin telefonunuzu xalq şairi Qabildən almışam. Onun əlində mənim ”Döyüşə qızlar gedir” kitabımı görübmüş. Sonradan bu kitabdakı sənədli hekayələrimi oxuyub və bəyənib. Böyük Vətən Müharibəsinin odlu yollarından keçən, sonradan "General” və "Qayıdanlardan biri” romanlarını qələmə alan yazıçımız məsləhət gördü ki, bədii yaradıcılığa başlayım. İnanın, məni əmin elədi ki, sizdə gözəl alınacaq. Ondan sonra bədii yaradıcılıqla məşğul olmağa başladım. "Ulduz", "Azərbaycan”,”Yazıçı qadınlar” jurnallarında, "Söz”dərgisındə,"Ədəbiyyat", "525-ci qəzet”, "Kaspi" və "Mir literaturı” qəzetlərində yazılarım dərc edilirdi.”- söyləyir.

 

Sadə, təvazökar, zəhmətsevər, işgüzar xanımdır. Məhsuldar işləməyi bacarır. Ərsəyə gətirdiyi əsərlərin hər biri mühüm tarixi hadisədir- insanlığa, mənəviyyata xidmət edir. Məhz, elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayır. Bir sözlə, yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur…

 

Deyir ki:- “Bəzən gənclərin "hüquqşünas olmaq istəyirdim, balım çatmadı, jurnalist oldum” kimi fikirlərinə rast gəlirik. Bu, günümüzün həqiqətləridir. Indiki Bakı Dövlətt Universitetinə qəbul olunduğumuz 1973-cü ili göz önünə gətirirəm. 50 yer uğrunda 1000-dən çox abituriyent mübarizə aparırdı. O vaxtlar test üsulu yox idi. 4 imtahanın hər birindən 4 qiymət alan neçə gənc bu fakültəyə qəbul oluna bilmədi. Bu müsabiqəyə qanı-canı ilə jurnalist olmaq istəyənlər qatılmışdı. Fəxr edirəm ki, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Qulu Xəlilli, Nurəddin Babayev, Nəriman Zeynalov, Famil Mehdi, Yalçın Əlizadə, Cahangir Məmmədli kimi müəllimlərdən dərs almışam. Qeyd edim ki, bu gün jurnalistikamızda ümid verən gənclər çoxdur. Bütün bunlara baxmayaraq, problemlər də qalmaqdadır. O zaman baş redaktorumuz Nəsir İmanquliyevin yaxşı bir sözü var idi. Deyirdi ki, yazını gərək elə yazasan ki, sim kimi cingildəsin. İndi isə dil qaydalarının pozulması yaralı yerimizdir. Özüm təmiz üslubun tərəfdarı olduğumdan bəsit, cılız, qrammatik qaydalara riayət edilməyən yazılara düşmənəm. Bu xüsusiyyətimə görə də inanın ki, bütün yazılarıma divan tuturam...”

 

Çox gözəl xanımdır. Onun yardımsevər, həssas, nəcib və incə olması bu gözəlliyə xüsusi rəng qatır. Bundan əlavə başqalarının qayğısına qalmaq və yaxşılıq etmək onun üçün əsl həyat nümunəsidir. Odur ki, xoş duyğularla yaşayan insanlara qarşı nəzakətli və mehribandır. İşlərini elə qurur ki, uğur yolunda gərəksiz maneələrlə üzləşmir. Problemsiz bir həyat onun ən böyük arzusudur. Xaraktercə zərif və cəlbedicidir. Cazibədarlığından necə istifadə etməyi bilən bu insanda uşaq səmimiyyəti var. Yalan danışmağı, bayağılığı, fiziki gərginliyi sevmir. Düşüncələrində müstəqil, fəaliyyətində azaddır. Bir sözlə, haqqında söhbət açdığım yazıçı-publisist Zemfira Məhərrəmli necə deyərlər, istiqanlı, insanpərvər xanımdır...

 

Tezliklə Azərbaycan xanımına xas olan ən gözəl xüsusiyyətləri özündə birləşdirən Zemfira xanımın 70 yaşı tamam olur. Onu yubileyi münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.