İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Özbəkistanda yaşayıb yaradıb, özbək ədəbiyyatının klassiki sayılır. Odur ki, onu özbək bilirlər, ancaq ağdaşlıdır. Maqsud Şeyxzadədən danışıram, bu gün anım günüdür.
Məqsud Şeyxzadə 1908-ci il noyabr ayının 7-də Yelizavetpol quberniyasına daxil olan Ağdaş kəndində dünyaya gəlib. O, azərbaycanlı olduğunu, uşaqlıq illərinin Nizaminin vətənində keçdiyini və şeirə olan həvəsinin də məhz bu torpaqlarda başladığını 1957-ci ildə yazdığı “Daşkəndnamə” adlı dastanında ifadə edib.
İlk təhsilini Ağdaşda "Rüşdiyyə" məktəbində alıb. Şair 1966-cı ildə azərbaycanlı ədəbiyyatçı Cəmil Məhərrəmliyə yazdığı məktubunda ilk müəlliminin Muxtar Əfəndizadə olduğunu bildirib. Azərbaycan yazıçısı və ictimai xadim Nəriman Nərimanov 1918-ci ildə Ağdaşda ezamiyyətdə olarkən təşkil edilmiş bir tədbirdə 10 yaşlı Məqsud öz şeirini səsləndirib. Bu hadisə Nəriman Nərimanovun diqqətini cəlb edib və onun təşəbbüsü ilə “Kommunist” qəzetinin 1921-ci il 21 dekabr tarixli sayında 13 yaşlı Məqsudun üç şeiri dərc olunub.
Şeyxzadə, təhsilini davam etdirmək üçün 1921-ci ildə Ağdaşdan Bakıya gələrək Darülmüəllimində oxumağa başlayıb. Bu illərdə Darülmüəllimində məşhur şair və yazıçılar, məsələn, Abdulla Şaiq və Hüseyn Cavid müəllim kimi şəxslər dərs deyirdilər. Məqsud Şeyxzadə də məhz bu şəxslərdən dərs dinləyib, bu dərslər onun millət, ədəbiyyat və türkçülüklə bağlı fikirlərini formalaşdırıb. Bu barədə Şeyxzadənin məktəbdəki yaxın dostlarından biri olan Əkrəm Cəfər xatirələrində "Əziz müəllimimiz, nur heykəli Cavidimiz çörəyimizə ləzzət qatdı, suyumuza rəng verdi" deyə bəhs edib.
Onun yazdığına görə, dərslərdə Azərbaycan Türk ədəbiyyatı Osmanlı Türk ədəbiyyatı ilə birlikdə öyrənilib. Mikayıl Müşfiq və Məqsud Şeyxzadə isə Fikrətin "Rübab-ı Şikəstə"sinin "dəlisi" idilər. Əkrəm Cəfər xüsusilə Namiq Kamal, Abdülhəq Həmid və Tofiq Fikrətin onlar üçün bir "məbəd" olduğunu qeyd edib. Şeyxzadə, 1925-ci ildə Darülmüəllimini bitirdikdən sonra Azərbaycan Maarif Komissarlığı tərəfindən Dərbənd şəhərinə müəllim olaraq təyin edilib.
Məqsud Şeyxzadə bir il yarım çalışdığı "Şərq həqiqəti" qəzeti 1931-ci ildə bağlanandan sonra "Qızıl Özbəkistan" qəzetində işləməyə başlayıb. Bir il burada çalışdıqdan sonra, 1932-ci ildə "Yaş Leninçi" qəzetinə keçib. Bir il sonra isə "Qızıl Özbəkistan" qəzetinin nəzdində nəşr edilən "Gülüstan" adlı ədəbi jurnalda fəaliyyət göstərir və burada 1934-cü ilin ortalarına qədər işləyib.
O, magistratura təhsilini tamamladıqdan sonra Dil və Ədəbiyyat İnstitutunda tədqiqatçı kimi işləməyə başlayıb. Bu illərdə elmi fəaliyyətinin yanaşı, şair kimi də ədəbi yaradıcılığını davam etdirib. 1933-cü ildə "On şeir" və "Ündalarım", 1934-cü ildə "Üçüncü kitab", 1935-ci ildə isə "Cümhuriyyət" adlı şeir kitabları nəşr olunub. Bu əsərləri ilə şair kimi tanınır və 1935-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilib.
Məqsud Şeyxzadə hələ orta məktəb illərində ədəbiyyata maraq göstərib, yazdığı şeirləri məktəb tədbirlərində səsləndirib. “Məqsud Şeyxzadənin yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası yazıb müdafiə etmiş xalq şairi Xəlil Rza onun ilk şeirlərini 12 yaşında yazmağa başladığını bildirib. Şeyxzadənin ilk mətbu şeiri "Qızıl əsgər" 12 dekabr 1921-ci ildə hələ13 yaşında "Kommunist" qəzetində çap olunub. Orta təhsilini Bakı müəllimlər seminariyasında aldığı üçün, burada Mehdi Hüseyn, Sabit Rəhman, Mikayıl Müşfiq, Məhəmmədhüseyn Təhmasib və Səid Rüstəmov kimi şəxslərlə tanış olub, bu da şairin gələcək yaradıcılığına öz təsirini göstərib. Azərbaycan dilində qələmə aldığı ilk poeziya nümunələrinin bir hissəsini "Şeyxzadə dəftəri" adlı topluda toplanıb. 1923-cü ildə Məqsud Şeyxzadə "28 Fevral inqilabı" adlı pyesini yazıb. Bu pyes Ağdaşda bir qrup gənc tərəfindən səhnələşdirilib. Tamaşada iştirak edən gənclər arasında Azərbaycanın Xalq artisti Səid Rüstəmov da olub.
Dağıstanda təhsil işçisi kimi faəliyyət göstərdiyi illərdə “Maarif yolu” və Bakıda nəşr olunan “Kommunist” qəzetləri ilə əməkdaşlıq edib. Bu qəzetlərə mütəmadi olaraq şeir və məqalələr göndərib. Bu müddət ərzində o müəllim, şair, tənqidçi və jurnalist kimi tanınıb. Bu illərdə nəşr olunan şeir və məqalələri aşağıdakılardır:
- "Maarif yolu" qəzetində "Şərqin hekayəti", "Bu axşam", "Hey Gidi Günlər", "Hür Tağlar Kızıge", "Sahildə", "Şeyx Şamil" kimi şeirləri, eləcə də "Krasin" dastanından parçalar və Dağıstan şairləri ilə bağlı "Ədəbi söhbətlər" silsiləsindəki tənqidi yazıları nəşr edilib.
- Bakıda çıxan "Kommunist" qəzetində isə "Dağıstandan məktublar"ı dərc olunub. Xəlil Rza bu yazı və şeirlərdə istifadə olunan dilin Azərbaycan türkcəsindən daha çox Türkiyə türkcəsinə yaxın olduğunu qeyd edib.
Şeyxzadə yaradıcılığında Türkiyə ədəbiyyatının təsiri də özünü göstərib. Şair "Azərbaycan", "Çeçenlər", "İnquşlar", "Osetinlər", "Kabardinlər", "İranlılar", "Əfqanıstanın istiqlalı" kimi şeirlərlə yanaşı, ingilis müstəmləkəçiliyinə qarşı mübarizə aparan türk xalqına həsr olunan "Türkiyə qəhrəmanı Kamal yoldaş" adlı şeirini yazıb. Şeyxzadənin yalnız Türkiyə haqqında yazdığı "İkinci marş", "Üçüncü marş", "Beşinci marş" kimi şeirləri ilə yanaşı, eləcə də ana vətəninə ithaf etdiyi əsərlərində də Türkiyə ədəbiyyatının təsiri hiss olunmaqdadır.
Məsələn, onun "Azərbaycan" şeiri, Namiq Kamalın "Vətən Şərqisi" şeirinin "Əməlimiz, əfqərimiz iqbali-vətəndir; Sərhədimizə qala bizim xaki-bədəndir" misraları ilə başlanan hissəsinə nəzirədir. Şeyxzadənin ilk şeirlərində Türkiyə poeziyasına meyli Hüseyn Cavid və Əhməd Cavadın 1920-ci illərdə yazdıqları əsərlərlə ruhən yaxın olub və həmin dövrdə Azərbaycan poeziyasının ideoloji və üslubi axtarışlarının ifadəsi olub.
1933-cü ildə "Qızıl Özbekistan" qəzetində "Bizni İstikbal hem Okısın" adlı məqaləsi dərc olunub. 1934-cü ildə "Yaş Leninçi" qəzetində Cəfər Cabbarlının "Od gəlini" və Hüseyin Cavidin "Şeyx Sənan" dramları, "Məşalə" jurnalında isə Həsən Poladın "Postda" adlı şeir kitabı haqqında yazıları yayımlanıb. 1935-ci ildə "Salam, Puşkin", "Sofizadə və onun irsi haqqında" və "Kuvnak şair" adlı məqalələri dərc olunub. 1940-cı illərə qədər yayımlanan bu cür məqalələr onu ədəbiyyat çevrələrində mühüm bir araşdırmaçı və tənqidçi kimi tanıdıb.
1941-ci ilin dekabrında Daşkənddə şair və yazıçıların müharibə dövründəki vəzifələrini müəyyən edən toplantılar keçirilib. Onlara vətənpərvərlik ruhunu gücləndirən, düşmənə nifrət hissi aşılayan əsərlər yazmaq tapşırılıb. Bunun əsasında Məqsud Şeyxzadə Cəlaləddin Mənquberdi barədə səhnə əsəri yazmağa qərar verib.
Şeyxzadə tərəfindən şair 36 yaşında olarkən qələmə alınan əsər beş pərdəli səkkiz şəkilli faciədir. Əsərdəki hadisələr XIII yüzilin birinci yarısında Türküstanda baş verir. Əsərin dili sadə və anlaşıqlıdır. “Cəlaləddin Mənquberdi” əsərinin ilk pərdəsində təqdim olunan Xarəzmşahla oğlu Cəlaləddinin söhbətində aparıcı mövzu Çingizxan təhlükəsidir, son pərdədə isə müharibə mövzusu davam etdirilib və Çingizxan Cəlaləddinin yenilməzliyindən bəhs edib. Faciənin ideyası isə müharibələr əleyhinə yönələn bir ideyadır.
Məqsud Şeyxzadənin tarixi-faciə janrda yazılan "Mirzə Uluqbəy" faciəsi XX əsr özbək ədəbiyyatında xüsusi yer tutub. Məşhur özbək ədəbiyyatşünas, tənqidçi Ozod Sharafiddinovun əsər barədə yazıb:
"...üç zirvənin birincisidir... "Mirzə Uluqbəy" faciəsini heç bir tərəddüd etmədən dünya ədəbiyyatının ən parlaq nümunələri ilə bir sıraya qoymaq olar... Burada təsvir olunan həyat dramı cəhətindən ən məşhur faciələrdən heç də geri qalmır, əsərdəki başlıca xarakterlər hər cəhətdən kamil, qəhrəmanların söylədiyi sözlər — əksər hallarda mənalı, hikmətlə doludur."
Məqsud Şeyxzadə tərəfindən tərcümə edilən əsərlərin bir qismi aşağıdakılardır:
V.Şekspirin "Hamlet", "Romeo və Culyetta", A.Puşkinin "Motsart və Salyeri", "Tunc atlı", "Taun çağı ziyafət" kimi poemaları, "Lirik şeirlər" toplusu, M.Lermontovun "Qafqaz əsiri", "Bastunçu aulu" poemaları, "Lirik şeirlər" kitabı, V.Mayakovskinin "Vİ.Lenin", "Yaxşı", "Oktyabr dastanı", "Lirik şeirlər" məcmuəsi, Roma ədibi Ezopun, qədim yunan şairlərindən Esxil və Hesiodun bir sıra şeirləri, Nizami Gəncəvi və Füzulinin lirik əsərləri.
Məqsud Şeyxzadə 1964-cü ildə Özbəkistan SSR Əməkdar İncəsənət xadimi adına layiq görülüb. 2001-ci ildə (ölümündən sonra) "Fəxri Xidmətlərə görə" ordeni, "Şərəf nişanı" və medallarla təltif edilib.
19 sentyabr 1967-ci ildə 58 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(19.09.2025)