İkiqat Lissabon fatehi - QARABAĞ FK! Featured

 

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

1992-ci ildən bəri  Azərbaycan Premyer Liqasında mübarizə aparan QARABAĞ futbol klubu təmsil etdiyi Ağdam şəhərinin işğalından sonra Bakıda fəaliyyətini davam etdirib. Az sonra sadalayacağım tarixi uğurları qazanana qədər QARABAĞ'ın keçdiyi çətin və keşbəkeşli yolu birgə xatırlayaq.

 

Qarabağa 2008-ci ildən bəri rəhbərlik edən və qazandığı uğurların baş memarı olan Qurban Qurbanovun bu möhtəşəm nəticələrdə əməyi az deyil. 17 il öncə hər bir rəqibin asan loxma kimi gördüyü Qarabağ bu gün avropanın ən güclü komandalarının başına bəla olmağa davam edir. Daha çox UEFA Avropa Liqasında çıxış edən klub tarixində ilk dəfə 2017-ci ildə futbol dünyasının ən nüfuzlu klub turnirlərindən biri olan UEFA Çempionlar Liqasına qatıldı və topladığı iki xalla qrup sonuncusu oldu. Hər qaranlığın ardında bir aydınlıq var. Bu yanaşmanı unutmayan təmsilçimiz qaldığı yerdən davam edib uğurlarına uğur qatdı və Azərbaycan Çempionatının son 12 mövsümünün 11 qat qalibi və AZƏRBAYCAN futbol tarixində iki çempionluq ulduzunun sahibi oldu. Möhtəşəm nəticələrinə davam edən QARABAĞ klubu ötən mövsüm Avropa Liqasının keçid play-off mərhələsində Portuqaliyanın köklü klublarından biri olan Braqanı mübarizədən kənarlaşdıraraq adını növbəti mərhələyə yazdırdı. Burda da təmsilçimizi asan rəqib gözləmirdi. O rəqib ki Almaniyanın ən güclülərindən biri olan Leverkusen "Bayer"i idi. O Bayer ki, öz çempionatında məğlubiyyətsiz çempion adını qazanmışdı. Almanlar QARABAĞ'ımıza yuxarıdan aşağı baxdığına peşman oldu. Hər iki qarşılaşmada 2 topluq üstünlük əldə etsək belə sonda üstünlüyü əldən verib mübarizəni dayandırdıq.

Və gələk bu mövsümki QARABAĞA. 8 illik fasilədən sonra UEFA çempionlar liqasına geri dönən təmsilçimizi yenə çətin bir oyun gözləyirdi. Rəqib isə Portuqaliyanın ən çox çempion olan klubu "Benfika" idi. Portuqallarda eyni Almanlar kimi bizə yuxarıdan aşağı baxdı və baxdığına da peşman oldu. 10 dəqiqəyə 2 qol vuraraq önə keçən son Portuqaliya çempionunu QARABAĞIMIZ oyunun bitməsinə 5 dəqiqə qalmış Ukrayna əsilli Azərbaycanlı Aleksey Kaşyuk yuxudan ayıltdı və QARABAĞIMIZIN adını Azərbaycan futbol tarixinə yazdırdı. QARABAĞ tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə qələbə ilə başladı. Növbəti rəqib isə Danimarka "Kopenhagen"idir. O Kopenhagen ki 2017-ci ildə Çempionlar Liqasına gedən yolda önümüzə çıxmışdı və o dönəmin UEFA qaydalarına əsasən səfərdə vurduğumuz qol sayəsində mərhələni keçən biz olmuşduq. Önümüzdəki həftə Paytaxtımıza səfər edəcək olan Skandinavları hansı sürprizin və ya sürprizlərin gözləyəcəyini isə QURBAN QURBANOV müəyyənləşdirəcək!

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.