(İbrahim Yusifoğlunun doğum gününə)
Zaur Ustac,
AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru. “Ədəbiyyat və incəsənət” üçün
Salam olsun çox dəyərli oxucum!
Bu dəfə söhbətimizin mövzusu yol olacaq. Sözün əsl mənasında “Yollar dünyada çoxdur”(X.Ə). Yol haqqında olan bütün digər mülahizələri bir kənara qoyub, müqəddəs bir məkandan qaynayaraq çağlaya-çağlaya Arpaçaya qovuşan göz yaşı kimi dumduru, saf bir çeşmənin keçdiyi təbii yoldan söhbət açacam sizə. Yuxarıda qeyd etdiyim kimi, yollar da çoxdur, yolların qət olunması qaydası da olduqca müxtəlifdir. Öz həyat yolunu qoltuqda, xurcunda, beldə, sürünə – sürünə gedənlər də var, bu müqəddəs yolu təbii öz axarında dağdan, dərədən, düzdən keçərək keşməkeşli ömür yoluna, dastana çevirənlər də var. Budəfəki söhbətimizin qəhrəmanı Arpaçaydan Xəzərə qədər məhz belə keşməkeşli bir yolu təbii şəkildə öz axarında qət etmiş tanınmış pedaqoq, sevilən şair İbrahim Yusifoğludur. Söhbətimizi şairin ən yeni kitablarından biri olan 2025-ci ildə işıq üzü görmüş “Arpaçaydan Xəzərə” şeirlər toplusundan seçilmiş əsas başlıqlara uyğun qurmağa çalışacağam.
İbrahim Yusifoğlu Azərbaycan ədəbi-bədii düşüncəsinin mühüm simalarından biridir. Onun adı təkcə şair, yazıçı və ya publisist kimi deyil, həm də mənəvi bir məktəbin daşıyıcısı, milli-mədəni yaddaşın qoruyucusu, sözün və qələmin ləyaqətli sahibi, gələcək nəsillərin təlim-tərbiyəsində əməyi olan zəhmətkeş pedaqoq kimi çəkilir. Şairin balacalar üçün şeirlərindən ibarət ölkəmizdə və xaricdə çap olunmuş çoxlu sayda kitabları var. Söhbətimizin mövzusu olmadığına görə bu məsələ üzərində çox dayanmırıq. İbrahim Yusifoğlu yaradıcılığı ilə oxucuya yalnız bədii-estetik həzz bəxş etmir, həm də milli mənsubiyyətin, tarixi köklərin, mənəvi dayaqların unudulmamasına xidmət edir:
Dədə Qorqud gəzən Oğuz elimdi,
Uludu torpağı, daşı Şərurun.
Dili Türkün dili-ana dilimdi,
Qədimdən qədimdi yaşı Şərurun.
İbrahim Yusifoğlu qələmi ilə xalqına yol göstərən, sözün gücünə inanan ziyalılardandır. Onun əsərlərində sadə insanın taleyi, həyatın keşməkeşləri, vətən torpağına sevgi, milli dəyərlərə bağlılıq əsas xətti təşkil edir. Söz onun üçün yalnız ifadə vasitəsi deyil, həm də mübarizə aləti, milli varlığın qorunması naminə seçilmiş silahdır.
Əsərlərində oxucu quru pafosla deyil, həqiqi hisslərin gücü ilə qarşılaşır. O, poeziyada lirizmi, publisistik yazılarında isə faktı, arqumenti önə çəkərək mövqeyini aydın və qətiyyətlə ifadə edir.
Yusifoğlunun şeirlərində ən çox diqqət çəkən cəhət onun vətənpərvərliyi, milli duyğulara sadiqliyidir. O, xalqın tarixi keçmişini və gələcək məsuliyyətini eyni anda nəzərə alır. Öz oxucusunu da milli yaddaşın qorunmasına, köklərin unudulmamasına çağırır. Onun yaradıcılığına diqqətlə baxanda görürük ki, milli mənsubiyyət məsələsi onun həyat mövqeyi ilə bədii sözünün qırılmaz bağında özünü göstərir.
İbrahim Yusifoğlu həm də ədəbi mühitin fəal iştirakçısı, fikir mübadiləsinə açıq, ictimai proseslərdən kənarda qalmayan ziyalıdır. Onun publisistik yazıları oxucunu düşündürür, ictimai rəyə təsir göstərir, cəmiyyətdə milli şüurun möhkəmlənməsinə xidmət edir. O, söz adamı olmaqla yanaşı, həm də vətəndaş mövqeyi ilə nümunədir.
Yusifoğlunun əsərləri yalnız bu günün deyil, həm də gələcəyin oxucusuna ünvanlanıb. Onun bədii və publisistik yaradıcılığı milli yaddaşın kitabxanasında öz möhtəşəm yerini tutacaq. Çünki bu əsərlər insan ruhunun, vətən sevgisinin, sözün və səmimiyyətin təcəssümüdür.
Ədəbiyyatın ən mühüm missiyalarından biri xalqın yaddaşını qorumaq, onun keçmişini, bu günü və gələcəyini bədii söz vasitəsilə nəsillərə ötürməkdir. Azərbaycan ədəbiyyatında bu missiyanı ləyaqətlə daşıyan qələm sahiblərindən biri də şair İbrahim Yusifoğludur. Onun yaradıcılığında Naxçıvan mövzusu xüsusi yer tutur. Şair olduqca müxtəlif mövzulu şeirlərində şahidi olduğu tarixi hadisələri qədim diyarın ecazkar təbiət mənzərələri fonunda böyük ustalıqla təsvir edir.
Azərbaycanımızın dilbər guşələrindən biri olan Axuradan (Naxçıvan MR, Şərur r., Axura k.) yola çıxan dumduru çeşməmiz özünü dağa-daşa vura-vura yol açaraq, əvvəlcə adı dillərdə dastan olan coşqun Arpaçaya yetişir. Coşqun Arpaçay onu sakit Arazla tanış edir. Sakit Araz onu ana Kürə qovuşdurur. Ana Kürün qoynunda bütün Azərbaycanı başdan-başa keçdiyi yolun sonunda Xəzərə çatanda bu çeşməmizin həzin, ancaq arxayın zümzüməsini eşidirik:
Daha qorxusu yox, coşan sellərin,
Xançoban zirvədən eli qoruyur.
Gülləri sulayan Sara xanımsa,
Qəlbində əbədi məhəbbət duyur.
Sözün, ədəbiyyatın, bədii təsvirin, tərənnümün gücü bu misralar olsun gərək.
İbrahim Yusifoğlu şeirlərində Naxçıvanı yalnız bir coğrafi məkan kimi deyil, həm də tarixi-mədəni kodların qoruyucusu kimi təqdim edir. Onun yazılarında Naxçıvan sanki daş yaddaş, minillərin səsi, babaların bizə miras qoyduğu müqəddəs bir ocaqdır. Şair bədii-publisistik dil ilə bu torpağın qədimliyini, xalqımızın mədəniyyətindəki rolunu oxucuya çatdırır.
Yusifoğlu əsərlərində Naxçıvanı həm təbiəti, həm insanları, həm də siyasi-tarixi taleyi ilə işıqlandırır. O, Naxçıvanı Azərbaycanın əsas dayaq nöqtələrindən biri hesab edir və göstərir ki, bu diyar tarix boyu həm qalxan, həm də körpü rolunu oynayıb. Şairin şeirlərində Araz çayı, Əlincə qalası, Batabatın gözəllikləri, Ordubadın qədimliyi yalnız landşaft təsviri deyil, həm də xalqın möhkəmliyini, mübariz ruhunu təcəssüm etdirir.
İbrahim Yusifoğlu yaradıcılığında müstəqillik dövründə Naxçıvanın siyasi əhəmiyyətinə də geniş yer ayırır. Blokada şəraitində yaşayan, amma öz inkişaf yolunu tapan bu bölgə sairin seirlərində dirəniş və iradə məktəbi kimi təqdim olunur. O, Naxçıvanı Azərbaycanın bütövlüyünün təminatçısı, milli qürurun dayağı kimi dəyərləndirir.
Yusifoğlu üçün Naxçıvan mövzusunun əsas siması insandır. Naxçıvan mühitinnin, təbiətinin yetişdirdiyi insan. Şairin şeirlərində zəhmətkeş, vətənpərvər, milli dəyərlərə bağlı Naxçıvan insanı ön plana çəkilir. Onlar həm tarixin sınaqlarını keçirən, həm də gələcəyə ümidlə baxan qəhrəmanlardır. Şair bu insan obrazı ilə bütöv Azərbaycan xalqının gücünü və davamlılığını göstərir.
İbrahim Yusifoğlu yaradıcılığında Naxçıvan təkcə bir bölgənin deyil, bütöv Azərbaycanın rəmzi kimi təqdim olunur. Onun əsərlərində bu diyar həm milli yaddaş, həm də gələcəyə aparan yolun işıqlı simvoludur. Şair oxucusuna çatdırır ki, Naxçıvanı sevmək, qorumaq və inkişaf etdirmək — Azərbaycanın varlığını möhkəmləndirmək deməkdir.
Yusifoğlunun yazılarında Azərbaycan obrazı həm torpaq, həm də ruh anlayışında öz əksini tapır. O, Vətən dedikdə yalnız coğrafi sərhədlərlə məhdudlaşmır, millətin tarixini, adət-ənənələrini, xalqın taleyini və gələcək arzusunu da nəzərdə tutur. Əsərlərində Azərbaycanı həm milli-mədəni irs, həm də mübarizə meydanı kimi təqdim edir.
İbrahim Yusifoğlu Azərbaycan tarixindəki ağır dönəmləri, xalqın faciələrini və qəhrəmanlıq anlarını şeirlərində ustalıqla canlandırır. O, Qarabağ mövzusuna xüsusi həssaslıqla yanaşaraq Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılmasını şairin vətəndaşlıq borcu hesab edir. Əsərlərində şəhidlərin xatirəsi, müharibə dərdləri, eyni zamanda xalqın dönməz iradəsi böyük ustalıqla qələmə alınır.
İbrahim Yusifoğlu Azərbaycan mövzusunu yalnız siyasi və tarixi məna çərçivəsində deyil, həm də dil və mədəniyyət aspektində işləyir. O, Azərbaycan dilini milli varlığın əsas dayağı hesab edir, əsərlərində ana dilinin saflığının qorunmasının vacibliyini dəfələrlə vurğulayır. Mədəniyyət, incəsənət, folklor nümunələri onun şeirlərində Azərbaycan xalqının milli mənsubiyyət pasportu kimi təqdim edilir:
Daha qorxusu yox yad qüvvələrdən,
Bu yurda göz dikmək çətinləşibdi.
Bu günkü qayğıdan, saf məhəbbətdən,
Əlincə daha da mətinləşibdi!
İbrahim Yusifoğlu yaradıcılığı bütövlükdə Azərbaycan sevgisi ilə yoğrulmuş bir ədəbi salnamədir. O, Naxçıvanı Azərbaycanın bütövlüyünün təminatçısı, milli qürurun dayağı kimi dəyərləndirdiyinə görə şübhəsiz ki, Əlincə dedikdə əsrlər boyu azadlıq mücadiləsi aparmış Azərbaycan nəzərdə tutulur. Bəzz qalasından söhbət açmasa da, hər kəlməsində ulu Babəkin harayı duyulur. Onun publisistik məqalələri, şeirləri və araşdırmaları Azərbaycan mövzusunu müxtəlif rakurslardan işıqlandıraraq milli kimliyi gücləndirir, gələcək nəsillərə vətənpərvərlik dərsi verir. Yusifoğlunun əsərlərində Azərbaycan həm keçmişin yaddaşı, həm bu günün həqiqəti, həm də sabahın ümididir. İbrahim Yusifoğlu çox böyük ustalıqla Xəzərin qoynunda lövbər salmış Azərbaycan adlı gəminin sükanının etibarlı əllərdə olduğunu inamla qeyd edir.
Ümidvaram ki, 30 sentyabr 1954-cü ildə Qoca Şərqin qapısı hesab Naxçıvanın Axura kəndindən yola çıxan qəhrəmanımız Xəzərin ötəsində olan yurd yerlərinə doğru üzü Gündoğana hələ çox yollar qət edəcək! Yolunuz daim açıq və gül-çiçək olsun, İbrahim Yusifoğlu!
Çox dəyərli oxucum, sona qədər həmsöhbətim olduğunuz üçün təşəkkür edirəm. Hər bir insanın həyat yolunda digərləri üçün də yol göstərən nişanlar olduğunua həmişə inanmışam. Siz də inanın!
“Ədəbiyyat və incəsənət”
(17.09.2025)