O, tarixdə ANS-ın qurucusu kimi qaldı Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onu Vahid Naxış kimi tanıyırdıq. ANS televiziyası ilə tək Azərbaycana yox, postsovet məkanına özəl televiziyanın necə olmasını sübut edən, ANS ÇM radisosu ilə ölkədə fm radioçuluğun pionerlərindən olan, sonra da VMF ticari brendi ilə biznesə, paralel də kinematoqrafiyaya keçən bu tanınmış şəxsin bu gün doğum günüdür.

 

Azərbaycan rejissoru, podüsseri, yazıçısı, biznesmeni Vahid Mustafayev 4 sentyabr 1968-ci ildə Bakı şəhərində hərbçi ailəsində dünyaya gəlib. Gənc yaşlarından yaradıcılıq fəaliyyətinə qədəm qoyan Vahid Mustafayev keçən əsrin 80-ci illərində Azərbaycanda başlayan milli azadlıq hərəkatına qoşulur, 1988-ci ildə həm müxbir, həm də naşir kimi çalışmağa başlayır və rəsmi icazəsi olmadığı üçün Sovet dövründə "gizli nəşr" sayılan "RokOko" adlı dövri məcmuə dərc edir.

1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olunan Vahid Mustafayev qeyri-formal Tələbə Jurnalistlər Birliyi təşkil edib və bunun sayəsində həm "RokOko" məcmuəsinə müxtəlif ali məktəblərdə təhsil alan yeni fikirli tələbə müxbirləri cəlb etməyə, həm də məcmuəni tələbələr arasında daha geniş yaymağa nail olub və əldən-ələ gəzən bu məcmuə xüsusən gənclər arasında çox böyük rəğbət qazanır. Vahid Mustafayev Azərbaycan Memarlıq və İnşaat Universitetində magistr elmi dərəcəsi alır və Universitetin "Fəxri məzunu" adına layıq görülür.

Azərbaycanda milli azadlıq hərəkatının genişləndiyi dövrün ilk müstəqil qəzeti kimi 1989-cu ilin oktyabr ayında xalq şairi və ictimai xadim Sabir Rüstəmxanlı tərəfindən nəşrinə başlanılan "Azərbaycan" qəzetində Vahid Mustafayev 1990-cı ilin əvvəllərində "Gənclər Bürosu" adlı şöbə təşkil edir, qəzetin "Koroğlu kəşfiyyatı" adlı məcmuəsini və video əlavəsini yaradır.

Azərbaycanda milli azadlıq hərəkatını boğmaq məqsədilə Mixail Qorbaçovun başçılığı ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvarında ölkəyə Sovet Ordusu qoşunlarını yeridəndən sonra Vahid Mustafayev Azərbaycanın ilk hərbi reportyoruna çevrilir və o, Qarabağ uğrunda başlayan və illərlə davam edən müharibədə çəkilişlər aparan ilk azərbaycanlı reportyor olur. O vaxtdan bu günə qədər o, Qarabağla yanaşı, dünyanın bir çox qaynar nöqtələrində – Əfqanıstan, Çeçenistan, Bosniya, Livan, Misir, Liviya və digər ölkələrdə hərbi reportyor kimi çalışır, ölümlə üz-üzə reportajlar hazırlayır və münaqişələr haqda sənədli filmlər çəkir.

Elə bu yerdə xatırlatma edim, Vahid Mustafayev milli qərəman Çingiz Mustafayevin qardaşıdır.

 

Avtobioqrafiyası olduqca zəngin olan Vahid Mustafayev 1991-ci ildə 23 yaşı olarkən qardaşı Seyfulla Mustafayev ilə birlikdə SSRİ-də ilk özəl müstəqil televiziya şirkəti yaradıb və sonradan çox şaxəli media qurumuna çevriləcək bu şirkətə "ANS" adını verib. 1992-ci ilin əvvəlində Vahid Mustafayev daha bir məşhur media şirkəti olan "ANS Press" İnformasiya Agentliyini yaradıb və bu agentlik bütün dünyaya Azərbaycan həqiqətlərini çatdıraraq, o illərdə ölkənin düşdüyü informasiya blokadasının yarılmasında mühüm rol oynayıb.

1993-cü ildə 25 yaşlı Vahid Mustafayev daha bir yeniliyə imza ataraq, FM dalğalarda yayımlanan Qafqazda və Orta Asiyada ilk radio kanal açıb.  Qarabağ döyüşləri zamanı şəhid olmuş böyük qardaşı, telereportyor, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını əbədiləşdirmək üçün o, yaratdığı FM radioya "ANS ÇM" adını verib.

Ötən əsrin 90-cı illərindən başlayaraq, Vahid Mustafayev film istehsalı ilə də məşğul olub, özünün yazdığı ssenarilər əsasında "Heç kim və heç nə unudulmayacaq" (1992), "Qazma" (1993), "Qarabağ" (1994), "Payızın 17 anı" (1995) və digər filmlərini çəkib. Kinematoqrafiya sahəsində topladığı təcrübə tezliklə uğurlu bəhrəsini verib və Vahid Mustafayev 2006-cı ildə "Bakı Film" kinostudiyasını yaradıb. Onun "Bulağıstan" (2007), "Seçilən" (2008), "Qaydasız döyüş" (2009) və digər əsərləri əsasında, ard-arda "BAKIFİLM" kinostudiyası bədii filmlər və seriallar istehsal edib.

2014-cü ildə Vahid Mustafayev daha bir yeniliyə imza ataraq, "BALANS" Milli Animasiya Studiyasını təsis edib. Qısa müddət ərzində o, prodüser, ssenarist və quruluşçu rejissor kimi müxtəlif yaş kateqoriyalarına aid uşaqlar üçün əqli, qanun tanıtdırıcı, ibrətamiz və əyləncəli bir sıra cizgi serialları yaratmağa nail olub, o cümlədən: "Qoyunlarla oyunlar" (12 seriya), "Bil" (12 seriya), "Dostlar" (8 seriya) və "Yol yoldaşı" (24 seriya).

2014–2017-ci illər ərzində "BALANS" Studiyasında Vahid Mustafayev 30-a yaxın uşaq mahnısı üçün şeirlər yazıb və beynəlxalq aləmdə populyar olan 160 uşaq mahnısının sözlərini Azərbaycan dilinə tərcümə edib.

 

Vahid Mustafayev həm də uğurlu iş adamıdır. O, adları yuxarıda sadalanan media qurumları ilə yanaşı, VMF, ALLSTAR və AZMAN kimi tanınmış şirkətlərin sahibidir. Bu şirkətlər dünyada məşhur olan dəqiq cihazlar, audiovizual avadanlıqlar və digər məhsullar istehsal edən qabaqcıl şirkətlərin Azərbaycanda distributorlarıdır. Onun 2017-ci ildə Rasim Müzəffərli ilə yaratdığı "OZANS" şirkəti isə bədii istehsalat və nəşriyyat fəaliyyəti ilə yanaşı, bir sıra innovativ layihələr həyata keçirmək niyyətindədir.

O, 1997-ci ildə VMF adlı şirkətini yaradıb və özü onun idarəçiliyinin başına keçirərək ideyalarını həyata keçirməyə başlayıb. Beləliklə, Azərbaycanda ilk dəfə saat və aksesuarlar sektorunda VMF adlı şirkəti fəaliyyətə başlayıb. VMF-in Azərbaycanda təmsil etməyə başladığı ilk saat markası Swatch Grupa daxil olan "Longines" saat markası olub.

 

Mükafatları

İdmançı kimi Şərq döyüşü sayılan Muay-Thai üzrə Respublika, Avropa və Dünya Çempionatlarında iştirak edib və mükafatlar qazanıb. 2005-ci ildə Tailandın Banqkok şəhərində Çempion Kəmərinə layiq görülüb. 4 noyabr 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə (№ 25) Azərbaycanda televiziyanın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

 

Filmoqrafiya

1. Adam cinsi arasında cins adam

2. Allahın adı ilə

3. Azərbaycan naminə!

4. Azərbaycana namus və sevgiylə

5. Bəd xəbər gətirən qəribə insanlar-2

6. Bəd xəbərlər gətirən qəribə adamlar

7. Dahilərin divanı

8. Məhkəmə

9. Payızın 17 anı

10. Qaydasız döyüş

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.