ŞUŞA YUXULARIM - Mən bu əsgəri dərhal tanıdım... Featured

 

Zahid Teymurov, “Ədəbiyyat və incəsənət” üçün

 

Şuşa gecələri... Yuxularım gerçək qədər mistik: keçdiyim, öldüyüm, dirildiyim canlı yayımda....

   ...Mən bu əsgəri dərhal tanıdım... Əlil arabasında idi. Sosial müdafiə fondunun qarşısında rastlaşdıq. Dinmədən əlimi qoyub çiyninə qucaqladım onu. Ona həyat borcum var idi. Xeyli söhbət etdik. Gözlərində mənə qarşı qınaq duymadım. Ya da ki, duymaqdan qorxdum. Bu an bir qız yaxınlaşıb salam verdi.

 

    - Познакомься Ирина, мой командир. Həyat yodaşımdır, cənab polkovnik.

    Onlara baxaraq, yenə əmin oldum ki, bu borcla heç zaman rahat yaşaya bilməyəcəyəm...

    ...1993-cü ilin fevralı, Ağdərənin dağ meşələri. 40 dəqiqə olardı düşmən snayperi məni ağacın arxasında saxlayırdı. Sol çiynimlə sıxıldığım ağac gövdəsini güllələr dağidaraq mənə yetişməkdə idilər. 100 metrədək arxamdakı mövqedə olan əsgərlər başlarını itirmişdilər: gözlərinin qarşısında komandiri öldürürdülər. Onların aramsız atəşlərinə düşmən əhəmiyyət vermirdi – hədəf mən idim, işini görürdü. Qəfildən, məndən sağda küt pulemyot şaqqıltısı aləmi bürüdü. Düşmən dərhal ağacı sakit buraxıb sərrast atəşini pulemyot işləyən cinaha keçirdi. Mövqeyin atəş örtüyü altında səngərlərə yetişdim. Cingiltili bir sükut yarandı: snayper dayandı, pulemyot susdu. Məni xilas etmək üçün özünü atəş altına atan  pulemyotçu əsgər irəlidə qarın üzərində hərəkətsiz sərilmişdir.

     - Çıxarmaq lazımdır onu, - gözlərimi əsgərdən çəkmədən yanımda duran bölük komandirinə göstəriş verdim.

     - Oldu. Gecə çıxardarıq...

     - Yox!- sözünü kəsdim. – Ola bilsin yaralıdır. Qan itirir. İndi.

     Özüm getməliydim. Türk Mahmudla. Bilirdim əl çəkməyəcək. Həm də pulemyotçu Azər Mehdiyevə bir həyat borcum var idi: Vətən üçün yox, mənim üçün ölumə qarşı atıldı.

      Topçuların atəşi altında Mahmudla birgə əsgəri sürüyüb çəkdik mövqeyə. Sağ idi. Lakin, belə sağlığı özünə gələndən sonra qəbul edəcəkmi?: hər iki ayağı dizdən yuxarı iri çaplı snayper gülləsi ilə tam qırılmışdı, sol gözü qanlı çala idi…

     ...Təsəllisiz günah hissi məni rahat buraxmırdı. Artıq iki ay idi Bakıda hospitalda üzərində çalışirdılar. Hər iki ayağın dizdən yuxarı kəsmişdilər. Bir gözünü itirmişdi. Həkimlərlə telefonla danışırdım. Cəbhə həyatı imkan verəndə Mahmudu göndərirdim yanına. Ürəyini açırdı Mahmuda. Musiqi məktəbini bitirmişdi. Skripka sinifini. Pianoçu bir qızla birgə klassik əsərlər ifa edirdilər. Onu dinləyən Mahmud artıq musiqidən baş çıxarırdı. Mənə izah edirdi ki, skripka ilə pianonun harmoniyası klassik əsərləri incəliklə hiss etdirir. Betxovenin 4 nömrəli sonatası, Ravel, Fare, Prokofyev və daha kimlər... Aylarla qanlı döyüşlərdə insan övladı olduğunu unutmuş Mahmud musiqi duyğulari ilə məni heyrətləndirirdi. 

     - Sən bəlkə silahı təhvil verib skripka götürəsən?- qaytarırdım onu müharibəyə. – Komendant tağımına hərəyə bir dəst əl qumbarası verdir, patronlarını tamamla.

      Hər dəfə Azərin yanından qayıdanda, Mahmud özüdə, həyatının bahar çağına qədəm qoymuş bir gənc kimi, Fərqanədə qalmış sevdiyi özbək qızını xəyallarına alırdı. Azər isə, skripkaçı qıza hələ yeniyetmə ikən yaranmış uşaq məhəbbətinin sevincini Mahmudla bölüşürdü. Qızcığaz tam səmimi musiqidən danışanda, Azər onu eşitmirdi, utana-utana onun sifət cizqilərini seyr edirdi: ürkək gözlərini, titrəyən dodaqlarını. Bu qızla xəyalında həyat qururdu, ləyaqətli eşq məcaralari yaşayırdı. Nəhayət, cürət tapıb uşaq ürəyinə sığmayan hisslərini iki sözlə dilinə gətirmişdi:

      - Səni istəyirəm.

      Qızcığaz isə anlamadan, birgə ifa barədə söhbətini davam edirdi.

       - Dedim səni istəyirəm! Çox istəyirəm! – Azər cəsarətlə onun təəcübdən donan gözlərinə baxdı.

      Gün qəldi eyni sözləri, daha zərifliklə qız Azərə pıçıldadı, onu son nəfəsinə qədər sevəcəyini əhd etdi. Həyatın baharı tuğyan edirdi. Ailələr toya hazırlaşırdı.

     Lənətə gəlmiş müharibə, özünə məxsus qəddarlıqla qapıları döydü. Azərdə çağırıldı. Son görüş. Son arzular. Son vədlər. «Səni gözləyəcəyəm. Son nəfəsimə kimi. Sənə bir şey olsa, xəyalımda yaşadacam səni, həmişə gözlərimin önundə olan surətinlə xoşbəxt edəcəyəm özümü. Amma sənin burnunda qanamayacaq. Mən qoruyacağam səni. Tez qayıt».

     - Qız gəlirmi Azərin yanına? - sualımın cavabından qorxaraq, soruşuram Mahmuddan.

     - Yox. Bir dəfə gəlib. Vəziyyəti görub. Bir söz demədən bir-birlərinə baxıblar. Sonra rəfiqəsi ilə nişan üzüyünü göndərib.

... Mahmuda zəng etdim. Azərlə bu gün görüşdüyümü dedim, həyat yoldaşı ilə maraqlandım.

     - Belorusludur. Hospitalda Qarabağda yaralanan qardaşını xilas edə bilməyiblər. Həkimdir. Geri qayıtmayıb. Azərə çox kömək edib. Sevib onu. Sonra evləniblər. Necə olub ki, sizə deməmişəm...

     - Yəqin başın skripkaya çox qarışıb, əsgər Paqanini…

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.