Gürcüstanda yaşayan azərbaycanlı gənclər yay düşərgəsində

 

Gürcüstanın Dmanisi rayonunda bu ölkədə yaşayan azərbaycanlı gənclərin iştirakı ilə Yay Düşərgəsi təşkil olunub. Düşərgədə  Marneuli, Rustavi, Laqodexi, Bolnisi, Qardabani, Saqareco və Dmanisidə yaşayan 25 gənc iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, düşərgənin proqramına Azərbaycan dili dərsləri, əyləncəli, intellektual oyun və yarışlar, müxtəlif istiqamətli təlimlər daxil olub.

Düşərgənin 1-ci günündə iştirakçılar Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

“Dmanisi Tədris Mərkəzi”nin rəhbəri Kamran Xıdırov gənclər qarşısında çıxış edərək düşərgənin əhəmiyyəti barədə danışıb. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Sabit Məmmədov Gürcüstanda yaşayan gənclərimizin inkişafının prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, bu mühüm tədbirin onların milli kimliyinin gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

Düşərgənin müxtəlif günlərində tarixçi Alxan Məmmədov “Gürcüstan Azərbaycanlılarının tarixi”, “Qanun” Hüquqi Yardım Mərkəzinin vəkili Əli Bədirov isə “Gürcüstan qanunları və Konstitusiyası” mövzularında mühazirə ilə çıxış ediblər.

İştirakçılar düşərgə müddətində Dmanisi tarix muzeyinin fəaliyyəti ilə tanış olub, Dmanisi Milli Parkında təşkil olunan əyləncəli proqramda iştirak ediblər. Gənclər daha sonra Dmanisi Sionisini ziyarət edərək qədim insanların məskənləri və arxeoloji tapıntılarla bağlı məlumat alıblar.

Gənclər Borçalı aşıq məktəbinin nümayəndəsi aşıq Kamandarla (Qurbanov) da görüşüblər. Aşıq Kamandarın Azərbaycan aşıq sənəti barədə çıxışı gənclərdə bu sənətə qarşı böyük maraq oyadıb.

Düşərgə iştirakçıları Ülkər Məmmədova, Cavan Nəbiyev və Həmayıl İbrahimova yerli mətbuata müsahibələrində düşərgənin onlar üçün yeni dostluqlar qurmaq, faydalı biliklər qazanmaq, tarixi məlumatlarla tanış olmaq və təcrübə əldə etmək baxımından xüsusi əhəmiyyət daşıdığını bildiriblər.

Yay Düşərgəsi işini yekunlaşdırıb və sonda gənclərə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, düşərgə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində “Dmanisi Tədris Mərkəzi”nin təşkilatçlığı ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.