Bağ evlərində və meşələrdə yanğın təhlükəsi: səbəbkar özümüzük Featured

Yay ayları olduğundan əhalinin böyük bir qismi təbiətə üz tutur. Paytaxtın ətraf ərazilərində və bölgələrdə yerləşən bağ evlərinə axın edirlər. Bir qism insansa meşələrə güzar edir. Havanın isti keçməsi, quraqlıq quru otları və ağacları alışıb yanmaq riski ilə üz-üzə qoyur və bizlərin səhlənkarlığı nəticəsində bircə kibrit böyük yanğınlara səbəb olur. Başqa bir təhlükə isə qış fəsli boyunca baxımsız qalan bağ evlərinin mövsüm başlayanda təhlükəli məqamlarının üzə çıxmasıdır. Nəticədə ev sahiblərinin ehtiyatsızlığından yanğınlar baş verir.

 

“Ədəbiyyat və incəsənət” portalı Dövlət Yanğından Nəzarət Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Nizami Fərəcovun təlimatını diqqətinizə çatdırır.

 

SƏHLƏNKARLIQ

Hər il yay mövsümündə Bakı əhalisinin böyük bir hissəsi Xəzərin sahillərindəki bağ evlərinə köçür, şəhərin istisindən, səs-küyündən uzaq yerdə istirahət etməyə üstünlük verir. Ona görə də yayda şəhər nisbətən “boşalır”, bağ massivlərinin qaynar həyatı başlayır. Lakin ötən illərin təcrübəsi göstərir ki, bəzən bağ massivlərində aylarla işləməyən elektrik cihazlarından mütəxəssislər tərəfindən baxış keçirilmədiyi yanğın təhlükəsizliyi qaydalarına əməl edilmədiyindən yanğın hadisələri baş verir. Bu yanğınlar əsasən laqeydlik, bəzən də səhlənkarlıq səbəbindən törəyir.

 

NƏ ETMƏLİ?

Öncə qeyd etdiyim kimi aylarla istifadə olunmayan qaz və elektrik cihazlarına mütəxəssislər tərəfindən baxış keçirilməli, nazaslıqlar aradan qaldırılmalıdır. Daha sonra dediyim kimi unutmaq lazım deyil ki, qurumuş otların həyətlərdən təmizlənməməsi uşaq dəcəlliyi nəticəsində böyük yanğınlara səbəb olur. Odur ki, bağ evlərinin, ərazilərinin saxlanmasında yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmalıdır. İlk növbədə bağ evinin elektrik,qaz təsərrüfatına diqqət edilməli, mütəmadi olaraq həyətyanı sahələr yanar materiallardan təmizlənməli, yana bilən tullantıların xüsusi meydançalarda quraşdırılmış konteynerlərə yığılması təmin edilməli və vaxtında daşınıb aparılmasına diqqət yetirilməlidir.

 

ŞLAQBAUMLAR

Bağ massivlərində müvafiq icazələr olmadan dirəklərin, şlaqbaumların quraşdırılmasına, keçidlərin bağlanmasına rast gəlinir. Əlbəttə, bu, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ziddir. Çünki yollara özbaşına dirəklərin basdırılması, şlaqbaumların quraşdırılması, keçidlərin bağlanması yanğın hadisələri zamanı yanğın avtomobillərinin hərəkətinə, çevik manevr etməsinə maneçilik törədir.Nəticədə yanğın avtomobilləri hadisə yerinə vaxtında çata bilmir, vaxt itkisinə yol verildiyindən yanğının əhatə dairəsi genişlənərək onun vurduğu ziyanın miqdarı çoxalır.Yollarda dirəklərin, şlaqbaumların quraşdırılması, keçidlərin bağlanması tək yanğın avtomobillərinin deyil, digər xüsusi təyinatlı maşınların, o cümlədən təcili yardım avtomobillərinin də çevik hərəkətinə məhdudiyyətlər yaradır, xəstələrin həyatını təhlükə qarşısında qoyur.

 

BAĞ EVLƏRİNDƏ YANĞINLAR ƏN ÇOX NƏDƏN QAYNAQLANIR

 Bağ massivlərində baş vermiş yanğın hadisələrinin böyük əksəriyyəti elektrik və qaz məişət işlədicilərinin istismarı, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulmasından baş verir. Artıqyüklənmə, qısaqapanma, izolyasiyanın pozulması, naqillərin müvafiq texniki qaydalara uyğun çəkilməməsi, montaj işlərindəki səhvlər və s. yanğın təhlükəsizliyinə zidd hallar kimi yanğınların baş verməsinə şərait yaradır. Elektrik və qaz məişət işlədicilərinin istismarı, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsindən uzaq olmaq üçün bir sıra qaydalara əməl olunması vacibdir.

 

TÖVSİYƏLƏR

 Birinci növbədə bütün elektrik və qaz qurğularının quraşdırılması və onun istehlakçılar tərəfindən istismarı müvafiq qayda və normativ sənədlərə, təlimatlara uyğun həyata keçirilməlidir. Elektrik mühərrikləri, idarəetmə aparatları, nəzarət ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yüklənmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidir. Elektrik ötürücü xətlərinin və xarici (çöl) elektrik naqillərinin əl damlarının, bağ evlərinin üzərindən çəkilməsi yanğın təhlükəsi yaratdığı üçün yolverilməzdir. Elektrik qurğularının istismarı zamanı elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də izolyasiyası zədələnmiş və ya sıradan çıxmış naqillərivə kabelləri istismar etmək, həmçinin nasaz elektrik qurğularından istifadə etmək, elektrik lampasını və işıqlandırıcısını kağıza, parçaya və digər yanar materiallara bükmək, eləcə də ondan mühafizə qapağı örtük (plafonu) çıxarıldıqda istifadə etmək qadağan olunur. Dayağı yanmayan materiallardan olmayan elektrik ütülərindən, elektrik çaydanlarından və digər elektrik qızdırıcı cihazlardan istifadə etmək də yanğın təhlükəsi yaratdığından yolverilməzdir.Eyni aidiyyəti tələblər qaz qurğularınada şamil edilir. Bağ mövsümünü yanğınsız başa vurmaq üçün ehtiyatlı olmaq lazımdır ki, istirahətinizi mənalı edəsiniz, şəhərə şən ovqatla qayıdasınız.

Dövlət Yanğın Nəzarəti Xidməti yay mövsümündə bağ massivlərində yaşayan əhaliyə bir daha müraciət edir ki, həyətyanı sahələr kol-kosdan təmizlənməli, elektrik və qaz cihazlarının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qayda və normativ sənədlərə, təlimatlara uyğun keçirilməlidir ki,istirahətinizi mənalı etməklə, şəhərə şən ovqatla qayıdasınız. 

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.