Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Doğrudur, heçnədən nəsə yaratmaq Yaradana xasdır, amma deyəsən, O, bu qüdrətindən sevdiyi bəndələrinə də pay verib. Nahaq yerə söz ehtiyatımızda “yaradıcı”, “kreativ”, 'icad" və bunlara bənzər kəlmələr yaranmayıb ki...
Onun haqqında çox yazılıb, çox deyilib, təkrarlayıb vaxtınızı almaq istəmirəm. İstəyirəm ki, onu necə tanıyıramsa, elə də təsvir edim. Əvvəla onu deyim ki, heç vaxt onunla nə dostluq, nə də yoldaşlıq etmişəm, həyatda cəmi bir neçə dəfə üz-üzə gəlmişik. Salam-əleykum, salam- vəssalam. Rəşad Məcidi deyirəm. Mərd və kişiyanə xarakterləri ilə ön plana çıxan Rəşad Məcidi...
Niyə gizlədim, ona qibtə, paxıllıq edənlər də az deyil. Və bütün paxıllıqlar sonda riyakarlığa çevrildiyi üçün, bəzən eşidirəm ki, onu bəziləri hökumət qarşısında üzüyola və müxtəlif ittihamlarla suçlayırlar. Ümumiyyətlə, onun nümayəndəsi olduğu Şir bürcünün adamlarını bütün dünyada çox vaxt səhv anlayırlar. Çünki bu bürcün kişiləri özünəinam baxımından digər insanları geridə qoyurlar. Böyük özgüvənə sahib olan şirlər həmçinin xarici görünüşü ilə də diqqətləri öz üzərinə çəkməyi bacarırlar. Bu da xəbis adamların bağrını çatladır. Şir bürcü kişilərinin ən müsbət xüsusiyyətlərindən biri də onların vicdanlı və ürəyiyumşaq olmaqlarıdır...
...Heç vaxt ona işim düşməyib, yəqin ki, heç düşməyəcək də... Amma yaxşı adamlar haqqında söz demək, fikir formalaşdırmaq vacibdir. Onun yardımsevər olması, insanlara kömək etmək arzusu, adamları sevindirmək istəyi məni onun haqqında düşündüklərimi sizinlə bölüşmək sevdasına saldı. Yaşı altmışı keçsə də, onun davamlı olaraq yeni şeylər kəşf etmək və öyrənməyə həvəsli olması ürəyimcədir...
Ola bilər ki, kimsə onu eqoist, təkəbbürlü adam kimi tanıyır. Əslində o, təkəbbürlü yox, məğrur kişilərdəndir. Ağayanə davranışı, qürurlu şəxsiyyəti göz qabağındadır. Heç vaxt yardımını görməsəm də, fəqət yaxşı bilirəm ki, səxavətli adamdır. O, gələcək üçün investisiya qoymaq, pul yığmaq baxımdan heç də əliaçıq kişilərdən fərqlənmir. Bir sıra adamların düşündüyü kimi, nə var-dövləti var, nə də səltənəti. Sıradan, orta imkanı olan bir vətəndaşdır...
Amma rahatlığını, alnıaçıqlığını, qürurunu heç nəyə qurban vermir. Nəyisə əldə etmək üçün bütün enerjisini istifadə edərək istədiyinə zəhmətilə, halallıqla nail olmağı bacarır. Çox çalışqan və əzmkardır. Həm özünü, həm də ətrafdakı insanları yaşatmaq üçün səy göstərir. Odur ki, Allah da onun saf niyyətini görüb hər işində yardımçı olur, uğur qazandırır...
O, özünü cəmiyyətə çoxdan sübut etməyi bacarıb. İllər ötəcək, nə vaxtsa vəzifədən gedəndən sonra da, nüfuz və hörmətindən bir zərrə belə azalmayacaq. Soruşan ola bilər ki, niyə bunları söyləyirəm. Söylədim ki, rahatlıq tapım. Axı, demişdim- yaxşı adamları sağlığında dəyərləndirib barələrində xoş söz demək Allahın xoşuna gələn əməllərdəndir...
Bəli, mənim tanıdığım Rəşad Məcid zəmanəmizin yaxşı adamlarından biridir. Bu qədər haqsızlığın içində heç vaxt haqsız hərəkət etmir. Əqidəsinə, meyyarlarına sadiqdir. Dostlarına qarşı sədaqətlidir. Milli-mənəvi dəyərlərimizin təəssübkeşidir. Hansı vəzifəyə yüksəlməsindən asılı olmayaraq sadəliyini, səmimiyyətini qoruyub saxlaya bilir. İnsanlara yuxarıdan aşağı baxmağı xoşlamır. Bir sözlə, Rəşad Məcid xalqımızın qənimət övladlarından biridir...
...Yeri gəlmişkən, Rəşad adı ərəb mənşəli olub- "doğru yolla gedən", "düşüncəli" və "fərasətli" mənalarını verir. Məcid sözünün mənası isə "şan-şöhrətli" deməkdir. Beləliklə, Rəşad Məcid imzasının açılışı- Doğru yolla gedən şan-şöhrətli adam- anlamını daşıyır...
Bu gün - avqustun 21-i Rəşad Məcidin doğum günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram...
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)