Azərbaycanın ilk açıq hava elm mərkəzinin açılacağı TƏFƏRRÜATLARI Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu günlərdə sosial mediada maraqlı bir xəbər tirajlandı: Azərbaycanın təhsil mühitində mühüm bir yenilik reallaşır. Sabunçu rayonunda yerləşən Hədəf Liseyi Stars campus ərazisində ölkəmizin ilk Açıq Hava Kamil İnteraktiv Elm Mərkəzi fəaliyyətə başlayır.

Təfərrüatları öyrənmək üçün layihənin rəhbəri, Hədəf Liseyinin qurucu direktoru, dosent Şəmil Sadiqə müraciət etdik.

 

Şəmil Sadiq bildirdi ki, mərkəzdə 20-yə yaxın interaktiv elmi eksponat qurulacaq və əsas məqsəd məktəblilərin elmi toxunaraq, edərək və əylənərək öyrənməsini təmin etmək olacaqdır.

Elm Mərkəzində fizika, kimya, riyaziyyat, biologiya, informatika kimi fənlərə aid böyüdülmüş, real işlək konstruksiyalar təqdim olunacaq. Mərkəz təkcə liseyin balabilgələri üçün deyil, həftə sonları digər məktəblilər və ziyarətçilər üçün də açıq olacaq. Eksponatlar ziyarətçilərə klassik dərs mühitindən kənarda, açıq havada elmin gözəlliyini və prinsiplərini təcrübə yolu ilə öyrənmək imkanı yaradacaq.

 

Şəmil müəllim burada təqdim ediləcək bəzi nümunələri də açıqladı::

 • Şaquli momentum – enerji və hərəkət miqdarının qorunması qanunlarını nümayiş etdirən mexaniki qurğu;

• Nyuton beşiyi – təsir və əks-təsir qanununun vizual izahı;

• Maye dinamikası – girdabların əmələgəlmə prosesini əyani göstərən qurğu;

• Səsli borular – akustikanın əsas prinsiplərini izah edən musiqili təcrübə;

• Səsin səyahəti – səsin havada yayılma sürətini hiss etdirən interaktiv model;

• Pifaqor modeli – məşhur riyazi teoremin vizual təqdimatı;

• Avtomobil qaldırıcı – mexaniki üstünlüyün gündəlik həyatda tətbiqini göstərən eksponat;

• Böyük qulaq – səs dalğalarının fokuslanma prinsiplərini nümayiş etdirən parabolik səth;

• DNT modeli – həyatın genetik kodunun ikili spiral quruluşunun təsviri.

 

Şəmil Sadiq layihə barədə fikrini belə yekunlaşdırdı: “Elm yalnız kitab səhifələrində deyil, həyatın özündədir. Biz istəyirik ki, uşaqlar sadəcə oxumasın, görsün, toxunsun, hiss etsin. Bu mərkəz elmin əyləncəli və əlçatan olduğunu göstərmək üçün yaradılıb”.

Sonda oxucularımıza bildirirəm ki, yeni mərkəz Azərbaycanın elmi maarifləndirmə sahəsində ilk açıq hava konseptli təcrübə məkanı olmaqla yanaşı, həm də regionda məktəblilər üçün innovativ təhsil modelinə nümunə olacaq. Açılış mərasimi sentyabrın 12-də baş tutacaq və ictimaiyyət üçün açıq olacaq. Ünvan isə belədir: Hədəf Liseyi Stars campus  / Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi 3.

 

Uğurlar, Şəmil müəllim, uğurlar, hədəfçilər. Ölkəmiz üçün, balalarımız üçün xeyirli olsun!

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.