Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Elçin Əfəndiyevin vida mərasimində hamı, hər kəs susqun və hüznlü idi. Həmişə tədbir və məclislərdə gördüyüm gülərüzlər sanki solmuşdu. Salam vermək belə daş qaldırmaq kimi çətin və əzablı idi. Ehtiram əlaməti olaraq sadəcə göz işarəsi ilə hər kəslə salamlaşdım. İçimdə qəribə bir kədər məni kövrəltdi. Çox güman ki, atamın ruhu ən qədim dostunun vəfatını hiss etmişdi.
Gözümün önündə atam canlandı. Yadıma düşdü ki, bir dəfə oxumaq üçün yığdığım kitabları bir kənara qoyub demişdi:
“Madam ki, artıq 12 yaşın var və indiyə qədər oxuduqların, deyirsən ki, nağıllar olub, indi ciddi kitablar oxumaq istəyirsən, xarici ədəbiyyatdan başlama. Əvvəlcə özümüzküləri oxu. Anarın, Elçinin kitabları ilə başla. Sənə onların dili yaxın gələcək.”
Yazıçı Elçinin “On ildən sonra” hekayəsini bəlkə də bu yaşa qədər on dəfə oxumuşam. Yaş dövrünün böyük mənası var — baxır sən bu əsəri hansı yaşda oxumusan, yazıçı bu yazını yazanda hansı yaşda olub və hansı yaşı nəzərdə tutub. Ədəbi nümunə də canlıdır və ürəyə yol tapır. Onu bilirəm ki, ilk oxunuşda mən özümü baş qəhrəmanın yerinə qoyurdum. Sonrakı oxunuşda digər qəhrəmanın, son oxunuşda isə artıq obrazların valideyni kimi düşünürdüm. Bu o deməkdir ki, yazıçı düşüncəsi tam irəlini dərk edir və görərək yazır. Yazıçılar təkrarsız adamlardır, onlar öz son günlərinin də hekayəsini yazmaq bacarığına malikdirlər sadəcə demirlər və onlar yaşamaq üçün yox, hələ də diqtə edilənləri yazmaq üçün yaşamalıdırlar. O baxımdan mənim üçün onların yaşı yoxdur, Mənim üçün onların ölümü də yoxdur.
Uşaq vaxtımdan teatrı sevdiyimdən pyeslər oxuyur və özüm də xəyalımda canlandırırdım. Anarın “Adamın adamı” kitabındakı bütün pyesləri əzbərləmişdim. Elçinin “Poçt şöbəsində xəyal” pyesini oxuyurdum. Orada atamın adını çəkmişdi. O hissəni dönə-dönə oxuyurdum. Səhv etmirəmsə, bir dialoqda yazıçılar müzakirə olunur, müzakirədə digər bir obraz deyirdi ki, “odure qonşumuz Fikrət Sadıq, heç səsi də çıxmır, mələk kimi adamdır...”
Düşünəndə ki, bu pyes yazıçının 26 yaşında yazılıb, o vaxt onlar qonşu idilər. Evimizdə anamın söhbətlərində də həmişə adı çəkilirdi. Atama doğma bir adam idi Elçin. Əli Kərim, Əlfi Qasımov və digərləri – onlar bir binada, hətta bir blokda yaşamışdılar — Vaqif 30 ünvanında. Bütün bu xatirələr yalnız ana və atamın bir-birilə danışdığı söhbətlərdən yaddaşıma həkk olunub.
Xəyallardan məni yazıçı Anarın səhnəyə çıxışı ayırdı. O sanki bu on addımlıq yolu mikrofona qədər illərlə gəldi. Gözümü ondan çəkmirdim. Mikrofona ağır səslə, hardasa çətin eşidilən şəkildə iki dəfə “ağırdı, ağırdı” deməklə başladı. O danışa bilmirdi. Amma buna məcbur idi: kövrək səsi bütün zalı dondurmuşdu.
“Xalqımız yazıçısını, ictimai xadimini itirdi, mən isə ən yaxın dostumu... Bu, Allahın bir cəzasıdır, mən dostlarımı yola salıram”, — dediyindən bunları eşidə bildim. Çünki kədərdən qulaqlarım sanki tutulurdu.
Sonra onların demək olar hər gün telefonda danışdıqlarını dilə gətirdi. Və bir kəlməsi ilə məni tamam kövrəltdi:
“Heç bilmirəm, mən bu gündən sonra kimə zəng edəcəm? Kiminlə öz məhrəm söhbətimi edəcəm?”
Və ağır-ağır yenidən yerinə tərəf addımladı.
Vida mərasimi bitdi. Hamı foyedə və Gənc Tamaşaçılar Teatrının önündə toplaşmışdı. Önə keçib tək-tənha əyləşən Anar müəllimə yaxınlaşdım. Amma ona çox söz deyə bilmədim. Həmişə olduğu kimi sadəcə salamlaşdım... amma bu dəfə ürəyimdə sözlərim düyünləndi. Ağır-ağır insan axını Elçinin doğmalarına başsağlığı verirdi. Mən də o axına qoşuldum.
Elçin Əfəndiyev Azərbaycan yazıçısıdır. Hər bir azərbaycanlı öz yazıçısını tanımalıdır. Çünki uzun illər ciddi bir postda olmaq belə insan ürəyində bir balaca hekayənin toxunuşunu yaratmaq qabiliyyətində deyil. Gəlin bununla razılaşaq. Məmur olub xalqına qulluq edirsən — doğrudur. Amma bir yazıçı daha çox şanslıdır. Bu baxışdan Elçin Əfəndiyev Azərbaycanın gözəl yazıçısıdır .
Onun əsərlərinə teatrlar daima, həmişə olduğu kimi müraciət edəcək. Hər cümləsində o yenidən dirilib tamaşaçısı, oxucusu ilə birgə canlanacaq, onun xəyalı, əzizi olacaq.
O, bu ucalığa yetişə bilən yazıçılarımızdandır. Həftələrdir ürəyimdə düyünlənən sözlərimi yazmağı özümə borc bildim. Bu, bir oxucu sevgisidir. Mən də öz sevimli yazıçılarımdan biri olan Elçin Əfəndiyevi haqq dünyasına yola saldım. Onu unutmayacağıma söz verdim.
Onu sevən dostlarının fəryadının, qız övladlarının kədərinin sözlə təsviri yoxdur. Bu, bir qəm təsviri idi sadəcə. Ruhu şad və rahat olsun.
Bir gün hamı bir-bir beləcə xəyal olacaq...
Elə mən də.
“Ədəbiyyat və incəsənət”
(15.08.2025)