Ölüm ayağında bütün arxivini professor Ədalət Tahirzadəyə bağışladı Featured

İSTANBULDA DOĞULAN, REPRESSİYAYA MƏRUZ QALAN, TARİXÇİ ALİM, TƏHSİL TARİXİMİZİN MÜKƏMMƏL ARAŞDIRMAÇISI və  PEŞƏKAR MUZEY İŞÇİSİ – NƏRMİN TAHİRZADƏ

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 Bu gün "Əməkdar mədəniyyət işçisi" Nərmin Abdulla qızı Tahirzadənin anadan olduğu gündür. Onun atası A.Tahirzadə Şəki qəzasının Xaçmaz mahalında (hazırkı Oğuz rayonunun Xaçmaz kəndində) anadan olmuşdu. Azərbaycan Xalq Cumhuriyyətinin qərarına əsasən xaricdə təhsil almağa göndərilən yüz tələbədən biri idi. İstanbul Universitetinin riyaziyyat  fakültəsində və oradakı Ali İqtisad Məktəbində təhsil almışdır. 1923-cü ildə təhsilini bitirərək Bakıya dönmüş, orta ixtisas və ali məktəblərdə müəllim kimi fəaliyyətə başlamışdı. 

 

         Abdulla Tahirzadənin haqqında söhbət açmaq istədiyimiz qızı Nərmin Tahirzadə 13 avqust 1921-ci ildə İstanbul şəhərində anadan olub.  

Üç yaşlı Nərmin atasından bir il sonra – 1924-cü ildə anası Beatris xanım  ilə birgə Azərbaycana gəlmişdi.

1939-cu ildə orta məktəbi bitirən Nərmin xanım Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə qəbul olunub və 1944-cü ildə oranı bitirərək aspiranturaya daxil olub. Elə həmin ildən ADU-nun "SSRİ xalqları tarixi" kafedrasında assistent və müəllim işləyib.

1949-cu ilin mayında atası Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya – Qazaxıstana (Cambula) sürgün edilib. Artıq dissertasiyası müdafiəyə tam hazır olan Nərmin xanımla anası isə "xalq düşməninin ailə üzvləri" kimi Rusiyanın şimalına - Tomsk vilayətinə sürgün ediliblər. Burada onlar Sovet həbs düşərgəsinin cəhənnəmini dirigözlü yaşayıblar. Atası A.Tahirzadə 1953-cü ildə - Stalinin ölümündən sonra əvf edilib. Bir il sonra Nərmin xanıma və anasına Cambul şəhərində yaşayan A.Tahirzadənin yanına getməyə icazə verilib.

1955-56-cı illərdə ailə üzvləri də bəraət alıblar. Onlar 1955-ci  ildən Bakıya qayıtmışlar. Atası həmin ildən etibarən Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) müəllim işləmişdir.

Nərmin Tahirzadə 1955-ci ildə Azərbaycan EA Azərbaycan Tarixi Muzeyinə işə qəbul olub. 1956-ci ildə "XVIII əsrin sonunda Rusiyada təhkimli kəndlilər hərəkatının tarixindən" namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 1961-ci ildən 1987-ci ilədək muzeyin "XIV əsr - XX əsrin başlanğıcı tarixi ekspozisiyası" şöbəsinin müdiri işləyib. Muzeyin həmin dönəmə aid bütün ekspozisiya və sərgiləri onun hazırladığı mövzu - ekspozisiya planlarına əsasən təşkil edilib. 1963-cü ildən baş elmi işçi olan Nərmin Tahirzadəyə 1973-cü ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib.

O, 1966-cı ildən 1988-ci ilədək isə Azərbaycan Dövlət İncəsənət Muzeyində fəaliyyət göstərmişdir. 

Muzey işinə bütün enerjisini sərf edən N.Tahirzadə eyni zamanda XIX əsr - XX əsrin başlanğıcında Azərbaycanda xalq təhsilinin tarixi mövzusunda gərgin araşdırmalar aparıb. Təsadüfi deyil ki professor Ə.Tahirzadə məqalələrinin birində yazır: “Hər şeydən öncə bunu bildirmək vicdan borcumdur ki, Azərbaycanda ali təhsil tarixinin öyrənilməsində ən ciddi addımı Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix elmləri namizədi mərhum Nərmin xanım Tahirzadə (1921-2012) atıb”.Bu məqsədlə o, başda Moskva və Leninqrad (indiki Sankt-Peterburq) olmaqla keçmiş SSRİ-nin Azərbaycanla bağlı sənədlərin saxlandığı, demək olar ki, bütün mərkəzi şəhərlərindəki dövlət arxivlərində çalışaraq olduqca zəngin material toplayıb. Bu materiallar əsasında o, XIX yüzildən üzübəri təxminən yüz illik dönəmdə Azərbaycanda yetişmiş, ancaq adları unudulmuş ziyalıların və mədəniyyət xadimlərinin bir çoxu haqqında ilk dəfə bilgi verən 50-dən artıq çox sanballı elmi məqalə nəşr etdirib və bu yazıların hər birini elmi ictimaiyyət yüksək dəyərləndirib. Məsələn, onun Hacı İsmayıl bəy Qutqaşınlının həyat və fəaliyyəti haqqındakı məqaləsi qutqaşınlışünaslıqda tam yeni bir mərhələ sayılıb.
Nərmin xanım XIX yüzildən 1920-ci ilədək Azərbaycandan gedərək Rusiya imperiyasının ali məktəblərində oxumuş yüzədək hərbçi, mühəndis, həkim, hüquqşünas və b. ali təhsilli mütəxəssislərimiz haqqında olduqca zəngin material toplayaraq Azərbaycana gətirib. (https://ailehekimiklinikasi.az/manset/1002-tahirzad-nrmin-abdulla-qz.html) Bu materiallar əsasında Azərbaycan tarixi muzeyində müxtəlif fondlar yaradılsa da, sərgilər keçirilsə də, məqalələr yazılsa da, onların bir çoxu indiyədək işıq üzü görməmiş qalır. Nərmin Tahirzadə AMEA Azərbaycan Tarixi Muzeyinin hazırladığı əksər elmi nəşrlərdə də yaxından iştirak edib.

O, ölüm ayağında bütün arxivini, irsini hörmətli alimimiz, professor Ədalət Tahirzadəyə bağışlamışdı. Ədalət müəllim isə həmin sənədləri AMEA Milli Azərbaycan Tarixi Muzeyinin arxivinə təhvil vermişdir. Hörmətli Ədalət müəllim özü etiraf edir ki, bu materiallardan “Azərbaycan təhsil tarixi oçerkləri”, “Azərbaycan Cümhuriyyəti (1918-1920) tələbələri” və “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” kitablarının meydana çıxmasında geniş istifadə olunmuşdur. (https://525.az/news/174084-nermin-xanim-tahirzade-arxivinin-taleyi)

N.Tahirzadənin Azərbaycanın təhsil tarixi ilə bağlı yazdığı məqalələr toplu halında 2009-cu ildə rus dilində, 2015-ci ildə isə Azərbaycan dilində nəşr edilmişdir.

Milli Azərbaycan Tarixi Muzeyinin dəyərli kolleksiyası əsasında hazırlanmış “XIX-XX əsrin əvvəllərində Azərbaycanda təhsil” adlı kataloqu (Bakı: Aspoliqraf, 2023, 200 səh.) Nərmin Tahirzadənin xatirəsinə həsr olunmuşdu.

O, 2012-ci ildə 91 yaşında vəfat etmişdir. Allah rəhmət eləsin! Ruhunu xoş təəssüratlarla yad edirik. 

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)



                                                                                          

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.