Muradxanlılar şəcərəsinin layiqli davamçısı... Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Müsahibələrinin birində deyir ki:- “Xalam Mailə Muradxanlı ölkənin tanınmış jurnalistlərindən biri idi. O, təkcə xalam yox, həm də idealım olub. Bəzən soruşurlar, niyə xalanla eyni soyadı daşıyırsan? Həyat elə gətirdi ki, məni də onun anası Zabitə xanım yetişdirdi, pasport alanda ana babamın soyadını götürdüm. Muradxanlılar 150 ilə yaxındır Azərbaycanın ictimai-siyasi həyatındadırlar. Babamın əmisi İbrahim bəy Muradxanov çar Rusiyası dönəmində Dumanın 4 azərbaycanlı deputatından biri olub. Cümhuriyyət dönəmi, sovet işğalı, 30-cu illərin repressiyası bizim ailədən yan keçməyib. Göz açandan evimizdə polemikalar görmüşəm, siyasi quruluşların ailəmizə qazandırdığı uğurlar və məhrumiyyətlər haqqında xatirələri eşidərək böyümüşəm. Mənim jurnalistikanı seçməyim bu təbii prosesin sonucu da sayıla bilər...”

 

Bəli, bu dəfəki söhbətimin qəhrəmanı Muradxanlılar soyadının davamçısı Aygün xanım Muradxanlıdır. O, 1973-cü ilin avqust ayının 9-da Bakıda dünyaya gəlib. BDU-nun jurnalistika fakültəsini bitirib. 1991-ci ildən mediada çalışır. “Azadııq”, “Yeni Müsavat”, “Yeni Sabah” qəzetlərində, Turan İA-da , Azadlıq Radiosunda reportyor, parlament müxbiri, köşə yazarı, siyasi şərhçi, baş redaktor müavini işləyib. 2020-ci il sentyabrın 15-də Prime TV Azerbaycan internet televiziyasını yaradıb. Bu gün ictimai-siyasi xarakterli bu kanalın 140 mindən çox abunəçisi var...

O, fədakarlıq, zəhmət və əzmlə əldə edilən zənginliyin simvoludur. Çox çalışmadan, öz öhdəliklərini yerinə yetirməkdən zövq alır. Məqsədinə çatmaq üçün son dərəcə inadkardır, yolunda qarşılaşdığı maneələrdən çəkinmir. Anadangəlmə liderdir, ötkəm və tələbkardır. İçindəki daş-qaşı görmək üçün bir az diqqətli olmaq yetərlidir. Sağlam mənada, planlı və proqramlaşdırılmış şəkildə hərəkət edir. Lazımsız yerə danışmır, son dərəcə ağıllı və praktikdir. Mübahisələrdən və lazımsız dialoqlardan uzaq durmağa üstünlük verir. Fərdi düşünür, çünki təkbaşına nəyəsə nail olmağa daha çox meyllidir. Olduqca təmkinli və səbirlidir. Həm də nizam-intizamı xoşlayır. Bir sözlə, sevdiyi işdə daha məhsuldar olan bu insan işlərini başa çatdırmaq üçün gecə-gündüz çalışır və bu vəziyyətdən böyük həzz alır...

“Beş yaşımda yazıb-oxuyurdum. “Kommunist”, “Bakı” qəzetlərini köçürmək sevimli məşğuliyyətim idi. Anam dil-ədəbiyyat müəllimidir. Hər dəfə o, evdə şagird dəftərlərinin üstünü yazanda, istəyirdim mənə də versin. Anam deyirdi, nə zaman xəttin gözəl olar, səhvsiz yazmağı öyrənərsən, onda verərəm. Çıxış yolunu hər gün poçtalyonun evimizə gətirdiyi qəzetləri köçürməkdə tapmışdım. İndi də hadisələr, məkanlar yadımda daha çox qoxu ilə asossasiya olunur. Görünür, mən həm də o təzə qəzet qoxusunun təsirindən çıxa bilmədim. İndiyə qədər ailə üzvlərimiz bir yerə yığışanda uşaqlığımda mənə siyasi liderlər haqqında verdikləri sulları, mənim cavablarımı yada salıb gülürlər. Qəzetləri o qədər köçürmüşdüm ki, bütün siyasi liderlərin vəzifələrini əzbərləmişdim. Beş yaşlı uşağın Leonid İliç Brejnevin Sov.İKP Mərkəzi Komitəsinin baş katibi, Siyasi Büronun üzvü olmasını deməsi böyükləri əyləndirirdi. Beləcə, qəzet köçürməkdən “qəzet yazmağa” doğru gedirdim. Orta məktəbin son siniflərində oxuyanda artıq Sovetlər Birliyi dağılmaq ərəfəsindəydi. Ermənistanın Azərbaycana təcavüzü başlamışdı, milli düşüncə yenidən dirçəlirdi, müstəqillik ideyası sürətlə yayılırdı və media bu prosesin aparıcı gücü idi. Biz məktəbi 20 Yanvar faciəsindən bir neçə ay sonra bitirdik. O zamankı informasiya blokadası xəbərin, xəbərçiliyin önəmini artırmışdı. Bu dalğada mən də qəzetçiliyi seçdim.”- söyləyir.

Çox aktiv xanımdır, ilk baxışdan zəkasını fərq etdirəcək qədər ağıllıdır. Onun hər zaman hansısa məqsədi var və bu məqsədə doğru əmin addımlarla irəliləyir. Emosiyalarını asanlıqla qızışdırmaq və ya onun düşünmədən, tələsik nəsə söyləməsini gözləmək ağılsızlıqdır. Onun bütün dedikləri məntiqə və həqiqətə söykənir. Övladlarının və eləcə də ailə bağlarının qayğısına qalmaqda son dərəcə fədakardır. olan insanlardır. Çox ağıllı olduğu üçün, onun irəli sürdüyü təkliflər və söylədiyi tövsiyyələr asanlıqla qəbul edilir. Bu da ona ətrafındakıların etibarını və hörmətini artırır...

Deyir ki:- “Mediada karyerasını quran hər bir yazar millətin sözçüsüdür. Uzun illər həm siyasəti, həm də sosial təbəqələri daha yaxından izləməyə borcludur. Qəzetçiliklə ciddi məşğul olanlar isə, ölkədə və dünyada gedən proseslərə daha yaxından bələd olmalıdır. Bu gün heç bir məsuliyyət hissi dərk etmədən ziyanlı “xəbər” yayanların və onları sosial şəbəkələr üzərindən paylaşanların kimliyini araşdırsanız, onların çox aşağı biliyə sahib, elementar etikadan xəbərsiz, dar düşüncəli insanların olduğunu görəcəksiniz. Ancaq bu o demək deyil ki, bu sahəyə məsul insanlar prosesi nəzarətsiz qoymalıdırlar. Azərbaycan efirində ədəbsizlik yayan, bayağı söhbətlərə, mahnılara meydan verən verilişlər, kimlərisə işfa edilən tok-şoular qalırsa bu nəzarət daha da güclənməlidir. Kompleks yanaşma olmasa, bu sürəc çox uzun çəkə bilər...”

Praktik zəkası və bacarığı ilə seçilir. Etibarlı sirdaş və ən yaxşı dostdur. Güclü iradəsi və yaxşı müşahidə qabiliyyəti var. Daha çox susmağa, dinləməyə, fikir qazanmağa üstünlük verir. Keçmişinə və ailə adət-ənənələrinə çox bağlıdır. Onun bir vaxtlar dostluq etdiyi birini tərk etməsi mümkün deyil. Xeyli mülayim, həssas və qətiyyətli qadındır. Təşkilatçılıq qabiliyyəti yüksək səviyyədədir. O, heç vaxt kökləndiyi hədəfdən əl çəkmir və sonunda ona çatır. Onun psixi quruluşu güclü yaddaşa malikdir və kifayət qədər bacarıqlıdır. Konkretliyə üstünlük versə də, mücərrəd anlayışlardan uzaq qala bilmir. Onun xəyalları və fantaziyaları həyatının əsas hissəsini təşkil etmir. Real həyata, həqiqətə üstünlük verir. Həyatı öz axarında yaşamağı xoşlayır, rəqabətçi xasiyyəti yoxdur. Sədaqəti, dürüstlüyü və mədəni davranışı yüksək qiymətləndirir. Sərt görünüşə malik olsa da, duyğularında şəfqət, nəciblik var...

Bir sözlə, haqqında söhbət açdığım Aygün xanım Muradxanlı hər cür hörmət və ehtirama layiq xanımdır. Onu sevmək, xidmətlərini dəyərləndirmək lazımdır. Avqustun 9-da növbəti ad günü idi. Aygün xanımı bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, xoşbəxt və firavan həyat arzulayıram.

Yeni yaşı mübarək olsun!

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.