Elman Eldarğlu, “Ədəbiyyat və incəsənət”
Çox mehriban, qayğıkeş, diqqətli və təvazökar adamdır. Ömrü boyu heç kimlə mübahisə etmədən yaşaya bilir. Necə deyərlər, ürəyigeniş, səxavətli birisidir, sevincini hər kəslə bölüşməyi bacarır. Bu istiqanlılığı ona çoxlu dost bəxş edir, şöhrət gətirir, hörmət qazandırır. İnsanlarla razılıq və harmonik münasibətlər əsasında ünsiyyətdə olur. Və hər bir insanda hansısa müsbət bir xüsusiyyət görə bilir. Heç vaxt bilmədiyi işə girişmir, necə deyərlər, xoşlamadığı işlərdən imtina etməyi bacarır. Tarazlıq və balanslaşma onun üçün çox böyük əhəmiyyət kəsb edir. Həyatda nəyinsə həddən artıq olmasını xoşlamır. Tarazlığın, ölçünün pozuiduğu yerdə harmoniya və mütənasibliyi bərpa etməyə can atır. Ümumiyyətlə, o, müxtəlif situasiyaların öhdəsindən çox asanlıqla gəlir...
Yazıçı, ssenarist, kulturoloq, “Lider” televiziyasının keçmiş əməkdaşı Hafiz Ataxanlı onu belə xaraxterizə edir: “Onu “Lider” televiziyasının “Səda” analitik informasiya departamentindən tanıyıram. Həmişə tələsirdi, qaça-qaç, qova-qovdaydı. Bu, onun xəbəri operativ çatdırmaq vərdişindən irəli gəlirdi. Peşəsini sevirdi, işə canyanğısı vardı. Çayxanada saatlarla oturub dağı arana, aranı dağa daşıyanlardan deyildi. Bütün vaxtını və enerjisini işə sərf edirdi. Onu əsasən, üç planda görürdüm: ya əlində mikrafon “Lider”in maşınından düşüb liftə qaçır, ya bəzən heç lifti də gözləmirdi. Ya da ki, kompyüterin arxasında yazır və ya “Səda”nın montaj otağında iş başında olurdu...”
Bəli, bu dəfəki söhbətimin qəhrəmanı- jurnalist, "ARB 24" telekanalının icraçı direktoru, sosiologiya üzrə fəlsəfə doktoru Radik Arzuman oğlu İsmayılovdur. O, 9 oktyabr 1979-cu ildə Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlib. Orta təhsilini 1996-cı ildə Bakı şəhəri Suraxanı rayonundakı 278 saylı orta məktəbdə başa vuraraq, oranı fərqlənmə attestatı ilə bitirib. Elə həmin il də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. 1996-2000-ci illərdə bakalavr pilləsini, 2001-2003-cü illərdə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2004-2007-ci illərdə AMEA İnsan Hüquqları İnstitutunun əyani aspirantura şöbəsində təhsilini davam etdirərək, "Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edib. Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi var. "Ekstremal jurnalistika (praktik vəsait)" kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir. Bir müddət “Lider” televiziyasında “Xəbərlər” xidmətinin baş redaktorunun 1-ci müavini, 2016-cı ildən “CBC” telekanalının redaktoru, “ARB 24”-də baş redaktor vəzifəsində çalışmışıb. 2020-ci ildən "ARB 24” telekanalının icraçı direktorudur. Sinəsini “Tərəqqi” medalı bəzəyir...
Hafiz Ataxanlı daha sonra deyir: “İllər sonra “ARB 24”-ə rəhbər təyin olunduğunu eşidəndə ona zəng vurdum. Doğrudur, xüsusi dostluğumuz olmamışdı, heç o illər ərzındə onunla bircə dəfə də olsun çörək də kəsməmişdim. Düşünürdüm ki, tanımaz, xatırlamaz. Əksinə oldu, görüşmək istədiyimi dilə gətirəndə bəzi vəzifə mənsublarına xas duruxmaq, boğazı arıtlamaq, səs tembrinə “öldük işləməkdən” acısı qatmaq, filan halları olmadı. Dərhal sabaha görüş təyin etdi. Demək, vəzifə onu dəyişdirə bilməyib. Mən sənədli filmlərlə bağlı layihə təklif etdim, o isə məsləhətləşim, bir şöbə yaradaq, film- reportajlar işləyək dedi. Sonradan müəyyən səbəblərdən bu iş alınmasa da, Radikin məni isti qarşılaması, bürokratiyadan uzaq olması könlümü açdı. Bəli, xəbər sahəsinə rəhbərlik etmək ağır və məsuliyyətlu işdir. Bu məsuliyyətli, fəqət, şərəfli işdə Radik İsmayılova uğurlar arzulayıram...”
Adamlara qarşı çox nəzakətlidir. Hər bir insanla qarşılıqlı əlaqə, münasibət yaratmağı bacarır. O, hər bir insanda qeyri-adi keyfiyyətlər görməkdə dünyada az-az adamlardandır desəm səmimiyyətimə inanın. Son dərəcə fiziki, intellektual və ruhi-mənəvi enerjiyə malikdir. İnsanlara qida və sevgi zəruri olduğu kimi, ona həyatın rəngarəngliyi çox vacibdir...
...İnternet əsrində tamaşaçılarını zaman-zaman itirməkdə olan televiziyalara, bu gün həmişəkindən daha çox mütəxəsisliyilə yanaşı, fərdi keyfiyyətləri də yüksək olan rəhbərlər lazımdır. Haqqında söhbət açdığım Radik İsmayılov da belə rəhbərlərdən biridir. Məhz onun sayəsində “ARB 24” televiziyası ölkənin ən çox baxılan telekanallarından birinə çevrilib. Bəli, bu telekanalda mənəviyyata xidmət edən verilişlərdən tutmuş, şou proqramlara qədər rəngarəng veriliş seçimi var...
Bakı Dövlət Universitetinin professoru, əməkdar jurnalist, Prezidentin fərdi təqaüdçüsü Qulu Məhərrəmli isə onu belə dəyərləndirir: “Radik İsmayılov çox çalışqandır, biliklidir. Həmçinin onun çox gözəl televiziya duyumu var. Ölkədə müasir televiziya menecmentini ən yaxşı bilənlərdən biridir. Belə bir peşəkarın yetişməsində bizim də rolumuz olduğuna çox sevinirəm...”
“Ədəbiyyat və incəsənət”
(01.08.2025)